Məhkəmə qərarları › İş №2(105)-277/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-277/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-277/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2506/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə, İddiaçı (borcverən) ilə Cavabdeh (borclu) arasında 12 mart 2020-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Borclu bu müqavilənin 2.2-ci bəndində göstərilmiş pul məbləğini (bundan sonra borc adlandırılacaq) bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən olunmuş şərtlərlə borcverənə tam həcmdə qaytarmağı öz öhdəsinə götürür. Borcverən öz növbəsində həmin borc məbləği tam həmcdə qaytarıldıqdan sonra borclu tərəfindən bu müqavilənin 2.2-ci bəndində göstərilmiş məbləğ ilə bağlı heç bir tələb iddia irəli sürməyəcəyini təsdiq edir.

2. Borclu bu müqaviləni imzalamaqla borc verənə nağd pul üzrə borc-19.100 (on doqquz min yüz) manat təşkil edən borcunun olduğunu bəyan, etiraf və təsdiq edir. Borclu bu müqaviləni imzalamaqla bəyan və tam təsdiq edir ki, aldığı və etiraf etdiyi borcu bu müqavilədə göstərilən müddət və şərtlərlə tam həcmdə, istisnasız və əksiksiz olaraq nəğd pul şəklində borc verənə qaytarılmasını təmin edəcəkdir. Bununla borclu borc verənə tam zəmanət verir ki, bu müqavilənin 2-ci maddəsində göstərilmiş borc məbləğinə görə özünə məxsus bütün daşınar və daşınmaz əmlakı ilə tam məsuliyyət daşıyır. Lakin bu müqavilənin müddəası tərəflər arasında girov və ya ipoteka kimi başa düşülmür. Borclu bu müqavilə ilə etiraf etdiyi borcun 9.000 (doqquz min) AZN hissəni 01 aprel 2020-ci il tarixədək, yerdə qalan 10.100 (on min yüz) AZN hissəsini isə 30 sentyabr 2020-ci il tarixinə qədər tam həcmdə borcverənə qaytarılmasını öhdəsinə götürür. Borcun vaxtından əvvəl qaytarılması qəbul edilir. Bu müqavilənin 4.1-ci bəndində göstərilən tarix borcun qaytarılması üçün son müddətdir. Borclu Cavabdeh xx.xx.2020-ci il tarixdə imza etməklə müqaviləni tam oxumuş, məzmun ona tam ayındır, əlavələri və etirazları yoxdur.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19100 manat borcun, 1910 manat dəbbə pulunun, 153 manat dövlət rüsumu əvəzinin, cəmi 21163 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 12 mart 2020-ci il tarixində borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh 19100 manat pul vəsaitini ən geci 30 sentyabr 2020-ci il tarixinə qədər tam ödəyəcəyini öhdəsinə götürmüş, lakin bu günə qədər icra etməmiş, borcunu ödəməmişdir. Müqavilənin 6.2-ci bəndinə əsasən borclu hər gecikdirilmiş gün üçün borcverənə qalıq borcunun 1%-i həcmində dəbbə pulu ödəməlidir. Hesab edir ki, 19.100 manat borc və 1910 manat dəbbə pulu, 153 manat dövlət rüsumunun əvəzi, cəmi 21163 manat pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2506/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 19100 manat əsas borc, 100 manat cərimə, cəmi 19200 (on doqquz min iki yüz) manat məbləğində borcun və 147.6 (bir yüz qırx yeddi manat altmış qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739.1, 739.2, 385.1, 442, 443.1, 445.2.1, 425.1, 560.3.2, 740, 462, 467-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və onun qanuni nümayəndəsi olduğu xx.xx.2004-cü il tarixində anadan olmuş X1, xx.xx.2007-ci il tarixində anadan olmuş X2, X3 mərhum X4 hüquqi varisi kimi tanınması, iddiaçının mərhum əri X6 ilə cavabdeh arasında imzalanmış 6 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 ABŞ dolları, 7 iyun 2015ci il tarixli borc müqaviləsi üzrə 7.620 ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2.857 ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3.810 ABŞ dolları, 26 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23.810 ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5.714 ABŞ dolları, cəmi 78.811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları borcun 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X1 xeyrinə, 1/8 hissəsi X2 xeyrinə və 1/8 hissəsi X3 xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində onun əri X6 özünə intihar edərək öz həyatına son qoymuşdur. Sonradan ona məlum olmuşdur ki, mərhum əri Zaur Əliyevlə cavabdeh arasında borc müqavilələri olmuş, həmin borclar cavabdeh tərəfindən bu günə qədər ödənilməmişdir. Cavabdehlə borcun qaytarılması ilə əlaqədar dəfələrlə danışıqlar aparılmış, buna baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Cavabdeh öz növbəsində bildirmişdir ki, qeyd olunan müqavilələr üzrə borcunu mərhum Zaur Əliyevə qaytarmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixində cavabdehin ona ünvanladığı məktuba əsasən guya o, yuxarıda sadalanan müqavilələr üzrə mərhuma olan borcunu ödəmiş, yalnız 10.100 manat borcu qalmışdır ki, onu da ödəməyə hazır olduğunu ifadə etmişdir. Lakin cavabdehin borcun qaytarılması ilə əlaqədar verdiyi məlumat həqiqəti əks etdirməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş mərhumun xx.xx.2018-ci il tarixində yazdığı ərizədə qeyd olunan müqavilələr üzrə borc məbləğləri Əliyev Zaur intihar edənə qədər cavabdehdən ona geri qaytarılmamışdır. Borc müqavilələrində borcun valyutası ABŞ dolları kimi göstərilmiş, lakin cavabdeh borcunun manatla qaldığını qeyd etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-271/2021 nömrəli iş üzrə 9 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin edilmiş və həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1576/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Həmin qətnamə ilə razı olmadığına görə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 6272/2021 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-832/2022 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4927/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-832/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçının istinad etdiyi müqavilə Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-271/2021 saylı mülki iş materiallarında mövcud olmuş və həmin tələblə bağlı yekun məhkəmə aktı qəbul edilərək iddia rədd edilmişdir. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2506/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və 2(060)-2506/2023 saylı mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

12. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 529. Öhdəliyin icrasının qəbulu 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

16. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

17. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

20. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

24. Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər...

25. Məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı (borcverən) ilə Cavabdeh (borclu) arasında 12 mart 2020-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Borclu bu müqaviləni imzalamaqla borc verənə nağd pul üzrə borc-19.100 (on doqquz min yüz) manat təşkil edən borcunun olduğunu bəyan, etiraf və təsdiq edir. Borclu bu müqaviləni imzalamaqla bəyan və tam təsdiq edir ki, aldığı və etiraf etdiyi borcu bu müqavilədə göstərilən müddət və şərtlərlə tam həcmdə, istisnasız və əksiksiz olaraq nəğd pul şəklində borc verənə qaytarılmasını təmin edəcəkdir. Bununla borclu borc verənə tam zəmanət verir ki, bu müqavilənin 2-ci maddəsində göstərilmiş borc məbləğinə görə özünə məxsus bütün daşınar və daşınmaz əmlakı ilə tam məsuliyyət daşıyır. Lakin bu müqavilənin müddəası tərəflər arasında girov və ya ipoteka kimi başa düşülmür. Borclu bu müqavilə ilə etiraf etdiyi borcun 9.000 (doqquz min) AZN hissəni 01 aprel 2020-ci il tarixədək, yerdə qalan 10.100 (on min yüz) AZN hissəsini isə 30 sentyabr 2020-ci il tarixinə qədər tam həcmdə borcverənə qaytarılmasını öhdəsinə götürür. Müqavilədə borclu Cavabdeh xx.xx.2020-ci il tarixdə imza etməklə müqaviləni tam oxuması, məzmunun ona tam ayın olması, əlavələri və etirazlarının olması barədə qeydlər yazılmışdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmişdir. Bu iddiaçı tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi mövcud borcun etirafı haqqında müqavilə ilə təsdiqini tapır. Cavabdeh tərəf isə bu halın həqiqəti özündə əks etdirməməsini, borcun mövcud olmamasını və ya qaytarılmasını sübuta yetirə bilməmişdir.

27. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

28. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

29. Qanunvericiliyə əsasən cavabdehin iddiaçıya borclu olması təsdiq edilirsə cavabdehin həmin öhdəliyi tamamilə icra etməsi və bu öhdəliyin iddiaçı tərəfindən qəbul edilməsi yalnız həmin etiraf üzrə ona qaytarılmalı olan pulun qəbul edildiyi, yaxud da öhdəliyin icra edilməsinə dair cavabdehə iddiaçı tərəfindən sənəd verilməsi yolu ilə müəyyən edilə bilər. Lakin hazırkı iş üzrə cavabdeh nə öhdəliyin icra edilməsinə dair iddiaçı tərəfindən verilmiş sənədi, nə də ki, onun tərəfindən razılaşmanın icra edilməsinə dair heç bir qeydi məhkəməyə təqdim etməmişdir. Bu isə cavabdeh tərəfindən öhdəliyin icra edilməməsini göstərir.

30. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, iddiaçı mərhum əri X6 ilə onun arasında imzalanmış 6 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 ABŞ dolları, 7 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 7.620 ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2.857 ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3.810 ABŞ dolları, 26 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23.810 ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5.714 ABŞ dolları, cəmi 78.811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları borcun 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X1 xeyrinə, 1/8 hissəsi X2 xeyrinə və 1/8 hissəsi X3 xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-271/2021 nömrəli iş üzrə 9 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-832/2022 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4927/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-832/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçının istinad etdiyi müqavilə Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-271/2021 saylı mülki iş materiallarında mövcud olmuş və həmin tələblə bağlı yekun məhkəmə aktı qəbul edilərək iddia rədd edilmişdir.

31. Cavabdehin qeyd edilən dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, həmin iş üzrə məhkəmə aktlarının surətindən görünür ki, tələbin əsasını iddiaçının mərhum əri X6 ilə Cavabdeh arasında bağlanmış 6 aprel 2015-ci il tarixli, 7 iyun 2015-ci il tarixli, 15 iyun 2015-ci il tarixli, 25 iyun 2015-ci il tarixli, 26 iyun 2015-ci il tarixli, 27 iyun 2015-ci il tarixli borc müqavilələri təşkil etmiş və iddia müddəti ötürülmüşdür. Hazırkı tələbin əsasını təşkil edən - İddiaçı ilə cavabdeh arasında bağlanmış 12 mart 2020-ci il tarixli borcun etirafı haqqında müqavilə isə həmin işdə araşdırma predmeti olmamışdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, həmin işlə hazırkı iş eyni predmet barəsində və eyni əsaslar üzrə olmadığından, iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.

33. Belə ki, MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2506/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2506/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar