Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2778/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 30.12.2019-cuil tarixli 017R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 9353,61 manat əsas borc, 1644,53 manat faiz borcu və 200 manat cərimə borcu olmaqla, cəmi 11.198,14 (on bir min bir yüz doxsan səkkiz manat on dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,30 (iyirmi yeddi manat otuz qəpik) manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.12.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 9353,61 manat əsas borc, 1644,53 manat faiz borcu və 1215,97 manat cərimə borcu olmaqla, cəmi 12.214,11 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.12.2019-ci il tarixli 017L**********97 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.12.2019-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 Kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.10.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 646,39 manat ödəmiş, onun 9353,61 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcu və faiz borcunu kreditora qaytarmadığı üçün 12.02.2021-ci il tarixə hesablanmış faiz borcu 1644,53 manat, cərimə borcu 1215,97 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1.-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun İddiaçı QSC ilə bağladığı 30.12.2019-ci il tarixli 017L**********97 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən ona veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.12.2019-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit götürmüşdür. Kredit götürməklə məqsədi sahibkarlıq fəaliyyəti ilə məşgul olmaq olmuşdur. Kredit götürdükdən sonra bütün dünyada, o cümlədən də Azərbaycan Respublikasında «COVİD-19» pandemiyası ilə əlaqədar olaraq iqtisadi iflic vəziyyətinə düşmüş, kommersiya fəaliyyəti məcburən dondurulmuş. Lakin məhkəmə onun maddi vəziyyətinin ağırlığını nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(060)-3604/2021 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi N.Ə.Ələkbərov məhkəməyə ərizə göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zaminlik müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 30.12.2019ci il tarixli, 017L**********97 saylı uzunmüddətli Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 120 ay müddətinə, 300.000 manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kreditlər tərəflər arasında «kredit razılaşması» formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. İşə əlavə olun 30.12.2019-ci il tarixli 017L**********97 saylı Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 30.12.2019-ci il tarixli 017R********** saylı Kredit razılaşmasına əsasən Bank Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit verməyi, kredit alan isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. 12.03.2021-ci il tarixli arayışdan görünür ki, 12 fevral 2021-ci il tarixə 30.12.2019-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 banka olan kredit borcu 9353,61 manat əsas borc, 1644,53 manat faiz borcu və 1215,97 manat cərimə borcu olmaqla, cəmi 12.214,11 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1215,97 manat məbləğində cərimə azaldılaraq 200 manat müəyyən edilməlidir. İş materiallarında olan Bankla Cavabdeh2ı və Cavabdeh3 arasında bağlanmış 30.12.2019-cu il tarixli 017S**********02 saylı və 017S**********03 saylı Zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 30 dekabr 2019-cu il tarixli Kredit Xətti müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 472.2-ci maddələrinə əsasən hesab edir ki, iddiaçı Bankın zaminə qarşı tələbi əsaslıdır, zamin boclunun bank qarşısında öhdəlikləri ilə bağlı birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası cavabdehin bütün dünyada «COVİD-19» pandemiyası ilə əlaqədar olaraq krediti vaxtında ödəyə bilməməsi barədə dəlili qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və cavabdehlər Bank qarşısında öhdəlik götürmüşlər. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 10 iyun 2021-ci il tarixli 2(060)-3604/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2778/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2778/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver