Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2780/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim B.R.Ələkbərov) ərizənin təmin edilməsi, Siyəzən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Oktay Allahverdiyevin 04 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, Siyəzən Rayon Məhkəməsinin 14 may 2014-cü il tarixli, 2(059)-226/2014 saylı qətnaməsinin icrası təmin edilmədiyindən təkrarən icraya yönəldilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı (kreditor) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh (borclu) Cavabdeh onun xeyrinə 32000 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması haqqında məhkəmə əmri verilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli, 2(059)-367/2013 saylı məhkəmə əmri ilə ərizə təmin edilmiş, borclu Cavabdeh 32000 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar İddiaçı xeyrinə ödənilməsi barədə qərardad qəbul olunmuşdur. Daha sonra, borclu Cavabdeh etiraz ərizəsinə əsasən Siyəzən Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli, 2(059)-367/2013 saylı qərardadı ilə 04 oktyabr 2013-cü il tarixli məhkəmə əmri ləğv edilməklə iş üzrə iddia icraatına keçirilmişdir. İşə məhkəmədə baxıldığı vaxt iddiaçının nümayəndəsi X4 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə 32000 əsas, 2160 manat bank uçot faizinin, cəmi 34160 manat pul vəsaitinin və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 14 may 2014-cü il tarixli, 2(059)-226/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 32000 manat pulun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin 31 oktyabr 2014-cü il tarixli, 2(105)-1489/2014 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Siyəzən Rayon Məhkəməsinin 14 may 2014-cü il tarixli, 2(059)-226/14 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra 16 fevral 2015-ci il tarixdə icraya yönəldilmiş və 18 fevral 2015-ci il tarixdə Siyəzən rayon icra qrupunun icraatına daxil olmuşdur. Siyəzən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Oktay Allahverdiyevin 04 oktyabr 2019-cu il tarixli qərarı ilə Siyəzən Rayon Məhkəməsinin 14 may 2014-cü il tarixli, 2(059)- 226/2014 saylı icra sənədi “İcra Haqqında Azərbaycan Respublikası Qanununun” 53.3-cü maddəsinə əsasən məhkəməyə qaytarılmış, həmçinin qərarı onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 14 may 2014-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Siyəzən Rayon Məhkəməsinin 12 mart 2015-ci il tarixli qərardadı ilə borclu Cavabdeh mülkiyyətində olan Siyəzən şəhəri ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin, Siyəzən şəhəri, Xətai küçəsi 1A nömrəli qeyri-yaşayış binasının və Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 0,2 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq əmlakları ümumi dəyəri qiymətləndirmə təşkilatı vasitəsilə 228800 manat müəyyən edilmiş, lakin, hərracın keçirilməsi zamanı həmin əmlaklar tələbkara təklif olunsa da, sonuncu bunu qəbul etməkdən imtina etmiş, eyni zamanda torpaq sahələrinin və əmlakın açıq hərrac vasitəsilə satılması mümkün olmamışdır. Beləliklə, borcluya məxsus tələbin üzərinə yönəldilə biləcəyi digər əmlakı və gəlir yeri olmadığı, eləcə də tələbkar İddiaçı borclunun keçirilmiş hərraclarda satılmamış əmlaklarını qəbul etmədiyi üçün “İcra haqqında” Azərbaycan Respublikası qanununun 53.3-cü maddəsinə əsasən əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəməyə qaytarılmışdır. Tələbkar İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Siyəzən Rayon Məhkəməsinin 14 may 2014-cü il tarixli, 2(059)-226/2014 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclu Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Onun həmin borcu ödəmək gücü yoxdur, adi maaşla dolanır. Həmin borcu ancaq özünə məxsus əmlakın dəyəri ilə ödəməyə bələr ki, bu barədə əvvəllər də bildirmişdir. 2021-ci ilin fevral ayında Bakı Saglamlıq Mərkəzində ürəyində açıq əməliyyat keçirmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(059)-226/2014 saylı qərardadını ləğv edərək, yeni qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Borclu Cavabdeh və tələbkar İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, icra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apelyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını həyata keçirirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. (“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1., 8.2. və 9.1.maddələri). Həmin Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləri kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsində əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunması, tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması dəqiq ifadə olunmuşdur. Lakin, icra sənədinin qaytarılması haqqında qərarın qəbulunu zəruri edən faktiki şərtlərin yaranması üçün icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunla müəyyən edilmiş bütün 8 zəruri tədbirlər həyata keçirilməli və yalnız bu tədbirlər nəticə vermədikdə icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Ona görə də məhkəmə hesab edir ki, sözügedən icra sənədinin icrası üçün davamlı tədbirlər görülməmiş, icra sənədinin icrasını mümkünsüz edən halların mövcudluğu araşdırılmamış, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrası təmin olunmadan icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılmışdır. Avropa Məhkəməsi bir çox qərarlarında (məsələn, Brumareski Ruminyaya qarşı) belə bir hüquqi mövqedən çıxış edərək qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə baxışı hüququnu müəyyən edir. Lakin, dövlətin hüquq sistemi məcburi qüvvəyə malik olan məhkəmə qərarının tərəflərədən birinin ziyanına fəaliyyətsiz qalmasına yol verirsə, onda bu hüquq xəyali xarakter daşıyır. Məhkəmə kollegiyası borclunun xəstə oldugu üçün borcunu ödəyə bilməməsi barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, bu dəlil onu borcun ödəməsindən azad etmir. Beləliklə, məhkəmə kollegiyası borclunun şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Borclu Cavabdeh şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin iş üzrə 23 iyun 2021-ci il tarixli 2(059)-226/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №2(105)-2780/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2780/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver