Məhkəmə qərarları › İş №2(105)-2783/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2783/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2783/2020 03.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1777/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1777/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 11500 manat və pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 2 il 6 ay müddət üçün illik 5% olmaqla 1437 manat pulun, cəmi 12937 manatın tutularaq iddiaçıya verilməsi qət edilmişdir (hakim A.Sadıqov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasinin 2(105)-4055/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 2 il 6 ay müddət üçün illik 5% olmaqla 1437 manat pulun cavabdehdən tutulmasına aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)3560/2020 saylı qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-4055/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə-birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmış (cavabdehdən iddiaçının xeyrinə 11500 manat pulun tutulması) hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13000 manat pulun və vaxtında ödənilməyən həmin pul vəsaitinin qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə üç il üçün ən azı illik əlavə beş faizin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi obyektiv araşdırmadan, heç bir sübut və İddiaçı 11000 manat borcunun etirafı olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. İddiaçı 6 il Xaçmaz rayon İcra şöbəsində rəis vəzifəsində işləmişdir və işlədiyi dövrdə onun banklara borclu qalmağı ilə bağlı mülkiyyətini hərrac yolu ilə satılmaması ilə əlaqədar İddiaçı asılı vəziyyətə düşmüşdür. O, məhkəmədə İddiaçı heç bir borcu olmadığını bildirsə də bu hal nəzərə alınmamışdır. Məhkəmə onun dediklərini nəzərə almayaraq ədalətsiz qətnamə qəbul etmişdir. Onun banklara olmuş borcları ilə əlaqədar İddiaçı asılı vəziyyətə düşərək özünə məxsus maşını da 23000 manata İddiaçı nisyə vermişdir ki, məhkəmə qətnamələrinin icrası İddiaçı tərəfindən yubadılsın və əmlakı, evi hərrac yolu ilə satılmasın. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında apelyasiya şikayətinin dəlillərinə etiraz edib apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1777/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasinin 2(105)-4055/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1777/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 2 il 6 ay müddət üçün illik 5% olmaqla 1437 manat pulun cavabdehdən tutulmasına aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasinin 2(105)-4055/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinin qeyd edilən hissəsindən, yəni ləğv edilmiş hissəsindən kassasiya şikayəti verilməsə də, cavabdeh qətnamənin Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1777/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)3560/2020 saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-4055/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə-birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmış (cavabdehdən iddiaçının xeyrinə 11500 manat pulun tutulması) hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1777/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 2 il 6 ay müddət üçün illik 5% olmaqla 1437 manat pulun cavabdehdən tutulmasına aid hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə təmin edilməmişdir və qətnamə həmin hissədə qanuni qüvvəsini aldığından məhkəmə kollegiyası Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1777/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini cavabdehdən iddiaçının xeyrinə 11500 manat pulun tutulması hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)3560/2020 saylı qərarında göstərilənləri nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə qeyd edilən hissədə ləğv edilməli, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 11500 manat pulun tutulması hissəsində də təmin edilməməlidir. Azrbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx xxxxxx 2015-ci il tarixdə təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, “Lexus” markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4 olmuş və onun tərəfindən həmin avtomobilin idarə edilməsinə dair 1 il müddətinə X1 etibar verilmişdir. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz rayon Polis şöbəsindən tələb edilərək nəzərdən keçirilmiş X2 şikayəti əsasında toplanmış materiallarda olan xx xxxxxxx 2017-ci il tarixli izahatında Cavabdeh göstərmişdir ki, iki il əvvəl ona məxsus olan ** FK *** dövlət qeydiyyat nişanlı, “Lexus” markalı avtomaşını İddiaçı 23.000 manata razılaşma yolu ilə vermiş, İddiaçı ona bir il müddətinə 11.500 manat vermişdir. Bir ildən sonra Oktay pulu ödəyə bilməyəcəyini deyərək gəlib maşını aparmasını, hissə-hissə pulunu verməsini bildirmişdir. O da maşını almış, gətirəndə maşının 5.000 manatlıq monitorunun olmadığını görmüşdür. Bunu Oktaya demiş, həmçinin Xaçmaz rayon Muxtadır kəndində olan torpaq sahəsini Oktaya vermişdir. Onun Oktaya borcu yoxdur, onun Maşallah ilə heç bir alveri olmayıb. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh avtomobilə görə iddiaçının ona 13.000 manat deyil, 11.500 manat ödədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi cavabdehin etirafına istinadən iddianın 11500 manat həcmində təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi iddia tələbinin qeyd edilən hissədə təmin edilməsi hissəsində gəldiyi nəticəni əsaslı saymır. Belə ki, iddia ərizəsindən görünür ki, tərəflər arasında mübahisə predmeti olan avtomobil xx.xx.2016-cı il tarixdə cavabdehə qaytarılmış, həmin avtomobilə görə ödənilmiş pul vəsaiti, yəni 11500 manat pul iddiaçıya qaytarılmamışdır. İddiaçı qeyd edilən pulun qaytarılması üçün xx.xx.2019-cu il tarixdə, avtomobilin qaytarıldığı gündən 2 il 6 ay müddət sonra məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini 11500 manat hissədə təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1,1091.2, 1092.1, 1093.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən maddələrə istinad etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsini nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, istinad olunan normada əsassız varlanma obyektinin qaytarılması üçün müəyyən edilmiş müddət kəsici müddətdir və tərəfin bununla bağlı ərizə veribverməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməlidir. Göründüyü kimi, qanunvericiliyə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ 2 illik üçün müddət müəyyən edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı avtomobilə görə ödənilmiş 13000 manat pulu 2 il 6 ay sonra cavabdehdən tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hazırki işdən görünür kimi, iddiaçı öz hüququnun müdafiəsi üçün 2 illik müddət ərzində məhkəməyə mürciət etməli olduğu halda, 2 il 6 ay sonra müraciət etmiş, bununla da iddia müddətini keçirmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə maddi hüquq normasını düzgün tətbiq etməməklə səhv qətnamə çıxarmışdır. Bu da Mülki-Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmion Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1777/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, 11500 manat pulun tutularaq iddiaçıya hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1777/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, iddia tələbinin 11500 manat pulun tutularaq iddiaçıya verilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar