Məhkəmə qərarları › İş №2(105)-2784/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2784/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2784/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-263/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-263/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 30 mart 2015-ci il tarixli, ABBYM-0273 saylı mənzilin alğı-satqı müqaviləsinə xitam verilmiş, "xxxx" MMC-dən 10050.30 (on min əlli manat, otuz qəpik) manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Elman Məmmədov) Qətnamədən Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-263/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsinin qismən, İddiaçı xeyrinə cavabdeh Cəmiyyətdən 5328.43 manat faiz məbləğinin tutulmasına dair hissədə ləğv edilməsinə və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanmış 30 mart 2015-ci il tarixli, ABBYM-0273 saylı mənzilin alğı-satqı müqaviləsinə xitam verilməsi, cavabdehdən ödəmiş olduğu 13000 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 13030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, mülki iş materiallarından göründüyü kimi iddiaçı X2 iddia tələbi "xxxx" ASC ilə bağlanmış 29 mart 2015-ci il tarixli, 6- 29-03-2015-YS- AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə tərəfindən ödənilmiş 13000 manat məbləğində pul vəsaitinin, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq ona ödənilməsindən ibarətdir. Abşeron Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3, 424.2, 424.4-ci maddələrini rəhbər tutaraq iddiaçı tərəfindən ödənilmiş məbləğin geri qaytarılması qənaətinə gəlmişdir. Halbuki iş üzrə əhəmiyyət kəsb edən maddi hüquq normaları tətbiq edilməmişdir. İddiaçı X3 ilə cavabdeh "xxxx" MMC arasında mənzil münasibətlərinə dair müqavilə "xxxx" ASC ilə bağlanmış 30.03.2015-ci il tarixli, 1-02-04-2015-YS-AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı kredit müqaviləsi üzrə maliyyələşdirilmə (kredit) vəsaiti ilə əlaqəlidir. Həmin Müqavilənin 4-cü bəndinə əsasən bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka və zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. 30.03.2015-ci il tarixli, 1-02-04-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsinin 12.2- ci bəndinin tələbinə görə borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəmək vəzifəsidir. Sadalanan normaların mənasından göründüyü kimi İddiaçı "xxxx" ASC-nin qarşısında 30.03.2015-ci il tarixli, 1-02-04-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) Müqaviləsi üzrə ayrılmış 36.270 manat vəsaitin tam və vaxtında icrası öhdəliyini həyata keçirməlidir və vəzifə daşıyır. Halbuki həmin müqavilə üzrə tələb hüququ İddiaçı deyil, "xxxx" ASC-nə aiddir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddi normaya görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 30.03.2015-ci il tarixli, 1-02-04-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqavilə tərəflərin qəbul etdikləri və qarşılıqlı şəkildə qismən icra etdikləri əqdlərdəndir. Müqaviləsinin 13-cü bəndinə görə yaranmış əsas, faiz və cərimə borcunun tələb edilməsi hüququ İddiaçı deyil, “Azərbaycan Beynəlxalq Bankı" ASC-na məxsusdur. Həmin hüququn ötürülməsi barədə iddiaçının hər hansı bir sübutu mövcud deyildir. Bir daha qeyd edir ki, 30.03.2015-ci il tarixli, 1-02-04-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit (Daxili ipoteka krediti üçün) müqaviləsi əsasında maliyyələşdirilmiş vəsaitlə 30.03.2015-ci il tarixli, ABB YM-0273 saylı mənzilin alğı-satqı müqaviləsi üzrə, mübahisəli mənzilin dəyərinə görə vəsait tam təyinatı üzrə istifadə edilmişdir. Göründüyü kimi məhkəmə mübahisə predmetinə tam hüquqi qiymət verməmişdir, qət edilmiş məbləğin həmin kredit müqaviləsi üzrə hansı məbləği əks etdirməsi mövcud sübutlarla ziddiyyət təşkil edir. 30.03.2015-ci il tarixli, 1-02-04-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit (Daxili ipoteka krediti üçün) müqaviləsinin 13.1-ci bəndinə görə, borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ABB Müştəri xidməti departamentinin MXK/0525 saylı, 21.10.2020-ci il tarixli Arayışına görə sözügedən müqavilə üzrə ödənilmiş borc 1691.87 manat əsas, 5328.43 manat faiz məbləği olmaqla cəmi 7020.30 manat təşkil edir. İş üzrə iddia tələbinə hüquqi qiymət vermə zamanı mübahisəli 30.03.2015-ci il tarixli, ABB YM-0273 saylı Mənzilin alğı-satqı müqaviləsinə münasibətdə aydın olduğu təqdirdə, 30.03.2015-ci il tarixli, 1-02-04-2015- YS-AAAF-AE saylı Təminatlı kredit (Daxili ipoteka krediti üçün) müqaviləsi üzrə tam icra olunmayan öhdəlik üzrə tələb hüququnun iddiaya aid olmasının hüquqi əsası mövcud deyildir. Bildirir ki, 30.03.2015-ci il tarixli, 1-02-04-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit (Daxili ipoteka krediti üçün) müqaviləsi üzrə tərəflər arasında münasibətlər davam etməsinə baxmayaraq hüquqi qiymət verilməmişdir. Tərəflərin iradə ifadəsini əks etdirən əqd- müqavilənin 5, 6, 7, 8.1, 9.1, 9.2, 9.3, 9.4-cü bəndləri üzrə hüquqların subyektlər münasibətləri müəyyən edilməmişdir. Bank məktublarından göründüyü kimi iddiaçı tərəfindən 1691.87 manat əsas borcdan ödəniş həyata keçirilmişdir. "xxxx" ASC-nin MXK/0525 saylı, 21.10.2020-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, mübahisə predmetindən doğan 30.03.2015-ci il tarixli, 1-02-04- 2015-YS-AAAF-AE saylı Təminatlı Kredit (Daxili ipoteka krediti üçün) müqaviləsi üzrə İddiaçı ilə "xxxx" ASC arasında müqavilə münasibətlərinin davam etməsini şərtləndirir və gələcəkdə oxşar predmet üzrə mübahisənin yaranmasına zəmin yaradır. Həmin arayışa əsasən ABB kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 34578.13 manat və hesablanmış faiz borcu 14009.15 manat təşkil edir. Qalıq ödənilməmiş kredit öhdəliyi eyni zamanda zamin qismində Cəmiyyətin maraqlarına toxunur. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. İddiaçının hazırki iddia tələbinə reqres öhdəlik kimi yanaşılsa belə əsassızdır. Mülki Məcəllənin 377.4-ci maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Mülki Məcəllənin 453.4, 474.3, 509, 1114-ci maddələrinin hüquqi təbiətinə ziddir. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Bildirir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 14/A803 saylı, 11.02.2020-ci il tarixli Xəbərdarlıqla, borclu İddiaçı 30.03.2015-ci il tarixli, 1-02-04-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit (Daxili ipoteka krediti üçün) müqaviləsi üzrə əsas borc 34578.13 manat məbləğini tələb edir. Bu tələb üzrə yaranacaq məhkəmə mübahisəsi mövcud mülki işlə uyğunsuzluq yarada bilər. Bu yanaşma da məhkəmə tərəfindən qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-263/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsinin qismən, İddiaçı xeyrinə cavabdeh Cəmiyyətdən 5328.43 manat faiz məbləğinin tutulmasına dair hissədə ləğv edilməsinə və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasında İddiaçı və cavabdeh "xxxx" ASC-nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edlən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni cavabdehdən İddiaçı xeyrinə cavabdeh Cəmiyyətdən 5328.43 manat faiz məbləğinin tutulmasına dair hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməməsini xahiş etdiyindən kollegiya qətnaməni yalnız mübahisələndirilən həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən iddiaçının xeyrinə 5328.43 manat faiz məbləğinin tutulmasına dair hissədə (cəmi 10.050,39 manat) dəyişdirilməli, cavabdeh "xxxx" MMC-dən 4721,87 (dörd min yeddi yüz iyirmi bir manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, qətnamə cavabdeh "xxxx" MMC-yə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 30 mart 2015-ci il tarixli, ABB YM-0273 saylı mənzilin alğısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə alıcı İddiaçı arasında alğı-satqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF- Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 6, ümumi sahəsi (balkon və eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 62 kv.m-dən ibarət, 1 otaqlı, 45 saylı mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini, yəni 40.300 manatı müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə müqavilə qiymətinin 4030 manatı alıcının şəxsi vəsaiti hesabına, qalan 36270 manat isə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilməlidir. İş materiallarında olan 02 aprel 2015-ci il tarixli, 1-02-04-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsindən (daxili ipoteka krediti üçün) görünür ki, borc verən yəni, "xxxx" ASC borcalana yəni, İddiaçı mənzilin alnması üçün 36270 manat məbləğində kreditin verilməsini, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin Müştəri Xidməti Departamentinin 21.10.2020-ci il tarixli, MXK/0525 saylı arayışından görünür ki, borclu İddiaçı "xxxx" ASCyə 30 mart 2015-ci il tarixli, 1-02-04-2015YS-AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi üzrə (sonuncu ödəniş 30.09.2016-cı il tarixində 390 manat olmaqla) hazırki dövrədək cəmi 7020,30 manat, bundan 1691,87 manat əsas borc, 5328,43 manat isə faiz borcu ödənilmişdir. Müəyyən edilmişdir ki, iddiaçının "xxxx" ASC ilə 36270 manat məbləğində 02 aprel 2015-ci il tarixli, 1-02-04-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsi (daxili ipoteka krediti üçün) bağlaması və iddiaçıının cavabdehlə 30 mart 2015-ci il tarixli, ABB YM0273 saylı mənzilin alğı-satqı müqaviləsi bağlaması, mahiyyətinə görə sonuncu müqavilənin mənzilin tikintisi məqsədilə bağlandığından, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 40300 manat olması, iddiaçının mənzilin dəyərindən ümumilikdə 4030 manatı öz hesabına, qalan 36270 manatın isə "xxxx" ASC tərəfindən "xxxx" MMC-in bank hesabına ödənilməsi işin mübahisə edilməyən hallarıdır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasi müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, ötən 5 il ərzində mənzil iddiaçıya təhvil verilməmiş, belə olan halda, təhvil verilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş 21.10.2020-ci il tarixli MXK/0525 №-li arayışından da göründüyü kimi borclu İddiaçı "xxxx" ASC-yə 30 mart 2015-ci il tarixli 1-02- 04-2015-YS-AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi üzrə (sonuncu ödəniş 30.09.2016-cı il tarixində 390 manat olmaqla) hazırki dövrədək cəmi 7020,30 manat, bundan 1691,87 manat əsas borc, 5328,43 manat isə faiz borcu ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC mənzilin dəyərindən 7020,30 manat məbləğində pulu almasına, həmçinin həmin puldan yararlanmasına baxmayaraq sonuncu tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və nəticədə iddiaçının ümid etdiklərindən məhrum olmasına səbəb olmuş, halbuki hər bir tərəf vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, baxmayaraq ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 30 mart 2015-ci il tarixli 1-02-04-2015-YS-AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi tərəflər arasında bağlanmış müstəqil müqavilədir, həmin müqavilənin təyinatı üzrə sonda iddiaçının mənzil eldə etməsi olmuş, lakin yuxarıda qeyd olunan faktiki hallardan göründüyü kimi cavabdeh"xxxx" MMC-in təqsirli və səbəbli əlaqəli hərəkətləri nəticəsində iddiaçı heç nə əldə etməmiş, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı "xxxx" ASC-yə ödədiyi 7020,30 (yeddi min iyirmi,30) manat və "xxxx" MMC-yə ilkin ödəniş kimi ödədiyi 4030 (dörd min otuz) manat pulun ümumilikdə 11050.30 (on bir min əlli manat otuz qəpik) manat cavabdeh "xxxx" MMC-dən tələb etməsi tam qanuni və əsaslıdır. Bundan başqa İddiaçı ilə cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 30 mart 2015-ci il tarixli, ABB YM-0273 saylı alğı-satqı müqaviləsinin 3.4-cü bəndində göstərilmişdir ki, müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) halında, alıcı müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 2(iki)%-i həcmində minimum 1000 (bir min) manat olmaqla cəmiyyətə ödəyir. Bu baxımdan iddiaçının ödədiyi 11050.30 (on bir min əlli manat otuz qəpik) manat puldan müqaviləyə əsasən 2 (iki)% həcmində 1000 manat dəbbə pulu çıxılmaqla, qalan 10050.30 (on min əlli manat otuz qəpik) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini məhkəmə işin hallarına uyğun olmaqla əsaslı və qanuni hesab edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 30 mart 2015-ci il tarixli, ABB YM-0273 saylı mənzilin alğı-satqı müqaviləsi ləğv edilməli, "xxxx" MMC-dən 10050.30 (on min əlli manat otuz qəpik) manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 422.1, 425.1, 427.1, 441.1, 441.2, 441.3, 442, 443.1, 443.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək müqaviləyə xitam verməkdə və cavabdehdən iddiaçıya pul tutulmasına dair nəticəyə gəlməkdə haqlı olsa da cavabdehdən tutulan pulun məbləğinə dair hissədə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iddiaçının "xxxx" ASC ilə 36270 manat məbləğində 02 aprel 2015-ci il tarixli, 1-02-04-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsi (daxili ipoteka krediti üçün) bağlaması və iddiaçıının cavabdehlə 30 mart 2015-ci il tarixli, ABB YM0273 saylı mənzilin alğı-satqı müqaviləsi bağlaması, mahiyyətinə görə sonuncu müqavilənin mənzilin tikintisi məqsədilə bağlandığından, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 40300 manat olması, iddiaçının mənzilin dəyərindən ümumilikdə 4030 manatı öz hesabına, qalan 36270 manatın isə "xxxx" ASC tərəfindən "xxxx" MMC-in bank hesabına ödənilməsi işin mübahisə edilməyən hallarıdır. Bundan başqa iş materiallarında olan 02 aprel 2015-ci il tarixli, 1-02-04-2015-YS- AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsindən (daxili ipoteka krediti üçün) görünür ki, borc verən yəni, "xxxx" ASC borcalana yəni, İddiaçı mənzilin alnması üçün 36270 manat məbləğində kreditin verilməsini, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eləcə də iş materiallarından görünür ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamentinin 21.10.2020-ci il tarixli, MXK/0525 saylı arayışından görünür ki, borclu İddiaçı "xxxx" ASC-yə 30 mart 2015-ci il tarixli, 1-02-04-2015YS-AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi üzrə (sonuncu ödəniş 30.09.2016-cı il tarixində 390 manat olmaqla) hazırki dövrədək cəmi 7020,30 manat, bundan 1691,87 manat əsas borc, 5328,43 manat isə faiz borcu ödənilmişdir. İş materiallarından görünür ki, məhkəmənin cavabdehən tutulmasını müəyyən etdiyi cəmi 10.050,30 manat pulun 5328,43 manatı iddiaçının "xxxx" ASC-yə 30 mart 2015-ci il tarixli, 1-02-04-2015YS-AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi üzrə yaranmış faiz borcudur ki, "xxxx" MMC həmin müqavilənin tərəfi deyildir. İddiaçı həmin müqavilə üzrə ödənişləri yerinə yetirəyi öhdəsinə götürmüşdür. Belə olduqda həmin məbləğin cavabdehdən tutulması əsassızdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, tələb edilən 10050,30 manat pulun 5328,43 manat hissəsi iddiaçının banka olan borcu olduğundan cavabdeh "xxxx" MMC-dən 4721,87 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində məhkəmənin qətnaməsinin qismən təmin olunmasını xahiş edir, lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin ediliməli, hazırkı halda qətnamə dəyişdirilməlidir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-263/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, cavabdehdən iddiaçının xeyrinə 5328.43 manat faiz məbləğinin tutulmasına dair hissədə (cəmi 10.050,39 manat) dəyişdirilməli, cavabdeh "xxxx" MMC-dən 4721,87 (dörd min yeddi yüz iyirmi bir manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, qətnamə cavabdeh "xxxx" MMC-yə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3,392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-263/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, cavabdeh "xxxx" MMC-dən iddiaçı X1 xeyrinə 5328.43 manat faiz məbləğinin tutulmasına dair hissədə (cəmi 10.050,39 manat) dəyişdirilsin. Cavabdeh "xxxx" MMC-dən 4721,87 (dörd min yeddi yüz iyirmi bir manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə cavabdeh "xxxx" MMC-yə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar