Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2798/2020 21.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-5540/2018 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-5540/2018 saylı qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh kredit müqaviləsinə əsasən 2830 manat əsas borc, 842,99 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, ümumilikdə isə 3722, 99 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-5540/2018 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 167 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədi ilə 10 ay müddətinə illik 28 faiz olmaqla, 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir.Cavabdeh kredit müqaviləsinin şərtlərini pozur və öz öhdəliklərini icra etməkdən boyun qaçırır. Cavabdehə kredit bocunun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq bocunu könüllü olaraq ödəməmişdir. Ona görə də İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 167 nömrəli kredit müqaviləsi üzrə əsasən Cavabdeh 2830 manat əsas borc, 842,99 manat faiz borcu, 1375,95 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu və 4928,84 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9977,78 manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2018-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 377.2, 380.1-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı ASC və onun arasında kredit müqaviləsi bağlansada İddiaçı ASC-dən heç bir pul məbləği almamışdır. O və digər 63 nəfər şəxs “Santexquraşdırma” İdarəsinin işçiləri kimi əmək haqqı kartlarının alınması ilə bağlı İddiaçı ASC-nin “Binəqədi” filialında olmuşdur. Sumqayıt şəhər İcra şöbəsində onunla əlaqə saxlanılaraq barəsində icra sənədi olduğu bildirilmişdir. Sumqayıt şəhər İcra İdarəsində olduğu zaman ona məlum olmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-5540/2018 saylı qətnaməsi əsasında ondan kredit borcunun tutulması barədə məhkəmə aktı vardır. Guya ki, o, kredit müqaviləsi bağlayıb Bankdan pul götürmüş və həmin pul məbləğini ödəməmişdir. Halbuki o, 2020-ci il tarixdə icra şöbəsinə çağrılana qədər bankdan kredit götürdüyünü və banka borclu olduğunu bilməmişdir. Bank tərəfindən pretenziya qaydasına əməl olunaraq ona borcla bağlı məlumat verildiyi bildirilsə də, iş materiallarında bununla bağlı heç bir sübut yoxdur ki, ona məktub çatdırılıb və ona borcla bağlı məlumat verilib. Əgər onun məlumatı olsaydı hazırki borc məbləğini mübahisələndirmiş olardı. İş materiallarından göründüyü kimi nəinki bank ona xəbərdarlıq məktubu, həmçinin məhkəmə bildirişləri və qətnaməsi də çatdırılmamışdır. Onun kredit müaviləsindən xəbəri yoxdur və bankdan heç bir məbləğdə kredit almamışdır. “Ləğv prosesində olan İddiaçı ASC məhkəməyə xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışı təqdim edərək göstərilən tarixə onun banka 2830 manat əsas borc, 842,99 manat faiz borcu, 1375,95 manat kredit müqaviləsi üzrə müddət bitdiyi vaxtdan sonra hesablanmış faiz borcu və 4928.84 manat cərimə borcu olmaqla, 9977,78 manat borcunun olduğu göstərmişdir. Guya o, 4500 manat əsas borcdan 1670 manat ödəmiş, qalan borc icra edilmədən qalır. Halbuki o, heç vaxt göstərilən kredit borcu üzrə ödəniş etməmiş, ümumiyyətlə kredit müqaviləsindən məlumatlı olmamışdır. Bank özü, 63 nəfərin hər biri barəsində ödəniş etmişdir ki, həmin ödənişlər də, iddia müddətinin tətbiq edilməsinə xidmət etmişdir. Bankın onun adından etdiyi ödənişlər olmasydı hazırki iddia ərizəsi ilə müraciət edə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə isə sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halını nəzərə almadan iddianı təmin etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən təfərlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 167 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədi ilə 10 ay müddətinə illik 28 faiz olmaqla, 4500 (dörd min beş yüz) manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2011-ci il tarixli, 167 nömrəli kredit müqaviləsi üzrə heç bir məbləğdə kerdit almadığını və bank qarşısında heç bir öhdəliyinin olmadığını göstərərək iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etrmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ASC və borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 167 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədi ilə 10 ay müddətinə illik 28 faiz olmaqla, 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxxx 2018-ci il tarixinə kredit öhdəliyi üzrə əsas borc 2830 manat, faiz borcu 842,99 manat, Konstitutsiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu 1375,95 manat, 4928,84 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9977,78 manat borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə göndərilmiş xəbərdarlıq bildirişi «cavabdeh bu ünvanda yaşamır» poçt qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 22.07. 2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı qərarının surətindən görünür ki, həmin qərar ilə ləğv prosesində olan İddiaçı ASC-nin X2 Fondu məcburi ləğv edilməsi, X3 İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi kreditor olaraq iddiaçının borclu kimi cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin bu hüquq müəyyən zaman çərçivəsində gercəkləşdirilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsi həmin qərarında müəyyən etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər. Tərəflər arasındakı münasibətlər müqavilə öhdəlikərinə şamil edilir ki, bu fəsildən yaranan mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. Mövcud mübahisə üzrə kreditin ödəmə müddəti xx xxxx 2012-ci il tarixə qədər müəyyənləşdirilmişdir. Həmin müqavilədən irəli gələn mübahisələr isə 3 il ərzində, yəni xx xxxx 2015-ci il tarixədək qaldırıla bilərdi. Lakin iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx xxxx 2018-ci il tarixdə müraciət etmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki işin 54-cü səhifəsinə əlavə olunmuş ərizədən görünür ki, Cavabdeh tərəfindən apelyasiya şikayəti verildikdə xx.xx.2011-ci il tarixli, 167 nömrəli kredit müqaviləsi əsasında tələb üzrə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Mülki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmiş və iddia tələbinə Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin (çəkişmə prinsipi) tələbi pozulmaqla baxılmışdır. Belə olan halda Cavabdeh kredit müqaviləsi əsasında tələb üzrə iddia müddətinin tətbiqi barədə ərizə vermək hüququndan məhrum olmuşdur ki, sonuncunun apelyasiya şikayəti verdikdə bu barədə ərizəsi qəbul edilib, iş materialları ilə birgə tədqiq edilməlidir. İşin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, bank qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzə¬¬¬¬rə alaraq, işdə olan sübut¬¬¬ları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətlən¬¬¬dirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilib, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Məhkəmə kollegiaysı hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinən iddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-5540/2018 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia təmin edilməsin. İddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2798/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2798/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver