Məhkəmə qərarları › İş №2(105)-280/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-280/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-280/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(012)-625/2020 saylı qətnaməsindən tərəflərin verdikləri apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(012)-625/2020 saylı qətnaməsilə iddia qismən təmin edilmiş, Cavabdeh 25.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 50000 manat əsas, 1958,22 manat faiz, 10031,25 manat cərimə, 8459,86 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, 70449,33 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddianın Cavabdeh 14.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 80000 manat əsas, 5733,22 manat faiz, 32100 manat cərimə, 11954,36 manat (Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, 129787,58 manat kredit borcunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsi rədd edilmiş, 14.04.2015-ci il tarixli kredit müqaviləsi iddiaçı təşkilat tərəfindən əldə edilərsə gələcəkdə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması və ya iddia olunan müqavilənin lazımi qaydada saxlanmaması üçün məsul şəxslərin məsuliyyətinin müəyyən edilməsi üçün müvafiq orqanlara müraciət etmək hüquqlarının olması izah edilmişdir. (hakim E.Məmmədov) Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ondan apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tamamilə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da qətnamədən apelyasiya şikayəti vermiş, onun ləğv edilməsini, ondan tutulacaq kredit borcunun azaldılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 50000 manat əsas, 1958,22 manat faiz, 20062,50 manat cərimə, 8459,86 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, 80480,58 manat məbləğində kredit borcunun, 14.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 80000 manat əsas, 5733,22 manat faiz, 32100 manat cərimə, 11954,36 manat Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən (Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, 129787,58 manat və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25.05.2015-ci il tarixli, 529 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 12 ay müddətinə, illik 15% ödənilmək şərtilə 50000 manat məbləğində kredit kartı verilmişdir. Kredit kartı müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu əsas borcun hesabdan çıxarıldığı günə müfaviq olaraq, növbəti ayın etibarən hər ayın eyni günündə banka ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş həmin müqavilə üzrə 50.000 manat əsas, 1958,22 manat faiz, 20062,50 manat cərimə, 8459,86 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MMin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, 80480,58 borcu mövcuddur. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 12 ay müddətinə 80000 manat məbləğində kredit kartı verilmişdir. Kredit kartı müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu əsas borcun hesabdan çıxarıldığı günə müfaviq olaraq, növbəti ayın etibarən hər ayın eyni günündə banka ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin bu müqavilə üzrə banka ödənilməmiş 80000 manat əsas, 5733,22 manat faiz, 32100 manat cərimə, 11954,36 manat (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, 129787,58 manat borcu vardır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, mübahisə üzrə çıxarılmış qətnamə qismən əsassızdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqavilələri bağlanmış və cavabdeh həmin kredit müqavilələri üzrə kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd olunması hissəsində qətnamə qəbul etdikdə, iddia ərizəsinə kredit müqaviləsi üzrə borc tələbinə dair halları təsdiq edə biləcək hər hansı bir mötəbər sübutun məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir, halbuki bank tərəfindən iddia tələbini təsdiq edən sənədlər iddia ərizəsinə qoşma kimi əlavə edilmişdir. Digər tərəfdən, iddiaçı bank hələ iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən öncə, pretenziya qaydasında, Cavabdeh göndərilmiş bildirişdə 14.04.2015-ci il tarixili kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi barədə xəbərdarlıq edilmişdir. Bundan sonra isə cavabdeh tərəfindən banka müqavilənin onun tərəfindən imzalanmadığı bildirilməmiş, bu məsələnin araşdırılması üçün banka və ya digər quruma məlumat verilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü il tarixli və 08.05.2008-ci il tarixli qərarlarının tələblərini nəzərə almamışdır. Beləliklə, iddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququnda irəli gəldiyindən iddia tələbi bütünlüklə təmin olunmalıdır və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia tamamilə təmin olunmalıdır. Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, işə baxmış məhkəmə mübahisəni tam və hərtərəfli araşdırmamış, iddianın təmin edilmiş hissəsində qanunsuz nəticəyə gəlmişdir. İddia tələbindən də görünür ki, kreditin əsas məbləğinə hesablanmış faizin məbləği 1958,22 manat təşkil etsə də, ona heablanmış cərimə həddən artıq şişirdilərək 20062,50 manat miqdarında irəli sürülmüşdür. Təqdirə layiq haldır ki, mübahisəyə baxan məhkəmə bunu nəzərə alıb cərimənin məbləğini azaltmışdır. Lakin təəssüflər olsun ki, azaltma sədəcə 50% təşkil etmişdir və cərimə borcu 10031,25 manat müəyyən edilmişdir. Hazırkı karonavirus pandemiyası ilə mübarizə dövründə insanların gəlirlərinin əsaslı şəkildə azalması fonunda bu məbləğ də həddən artıq şişirdilmiş bir rəqəmdir və diqqətəlayiq həcmdə azaldılmalıdır. Bundan əlavə, iddiaçı bank ondan kredit müqaviləsinin müddəti bitdikdən sonra hesabladığı 8459,36 manat məbləğinin də tutlmasını xahiş etmiş və məhkəmə bu məbləği tam həcmdə təmin etmişdir. O, məhkəmə prosesində bu məbləğin miqdarı ilə razı olmayaraq öz etirazını bildirmiş və məhkəmədən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir, lakin onun şifahi vəsatəti nəzərə alınmamışdır. Müqavilə üzrə əsas məbləğ, əsas məbləğə görə faiz borcu, həmçinin də kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ bank tərəfindən düzgün hesablanmamışdır və bu məbləğlər yeni və dəqiq hesablama tələb edir. Bu isə öz növbəsində yeni araşdırmasız mümkün deyil və mübahisə üzrə mütləq məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, 25.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun daha da azaldılması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddiaçının apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, hazırda 14.04.2015-ci il tarixli müqaviləni əldə etmək mümkün olmasa da, işə əlavə edilən kassa məxaric orderləri ilə tələb edilən pul vəsaitinin bankdan götürüldüyü təsdiq olunur. Ona görə də həmin hissədə də iddia təmin olunmalıdır. Nümayəndə cavabdehin şikayətinə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 25.05.2015-ci il tarixli, 529 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 15 faiz dərəcəsi ilə, Masazır qəsəbəsində banka məxsus yerləşən torpaq sahısində işlərin görülməsi üçün 50000 manat məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 15.10.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25.05.2015-ci il tarixli, 529 saylı kredit müqaviləsi üzrə Cavabdeh 14.10.2019-cu il tarixinə 50000 manat əsas, 1958,22 manat faiz, 20062,50 manat cərimə, 8459,86 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 80480,58 manat məbləğində kredit borcu vardır. Yenə də iş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 14.10.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 10.10.2019-cu il tarixinə 80000 manat əsas, 5733,22 manat faiz, 32100 manat cərimə, 11954,36 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 129787,58 manat məbləğində kredit borcu vardır. İşdə olan 25 oktyabr 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 210268,16 manat borcunun olması barədə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən borclu Cavabdeh xəbərdar olunmuşdur. İşə əlavə edilmiş 14 ədəd kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASCdən 14.04.2015-ci il tarixdə 4950 manat, 20.04.2015-ci il tarixdə 5000 manat, 22 aprel 2015-ci il tarixdə 10000 manat, 27 aprel 2015-ci il tarixdə 10000 manat, 28 aprel 2015-ci il tarixdə 3000 manat, 30 aprel 2015-ci il tarixdə 4000 manat, 01 may 2015-ci il tarixdə 5000 manat, 04 may 2015-ci il tarixdə 7000 manat, 06 may 2015-ci il tarixdə 5000 manat, 07 may 2015-ci il tarixdə 1000 manat, 08 may 2015-ci il tarixdə 5000 manat, 11 may 2015-ci il tarixdə 5000 manat, 12 may 2015-ci il tarixdə 8000 manat və 15 may 2015-ci il tarixdə 6256 manat (cəmi 79206 manat) pul almışdır. Yenə də işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli, 9/5672 saylı rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25.05.2015-ci il tarixli, 529 saylı kredit müqaviləsi üzrə Cavabdeh 25.05.2016-cı il tarixinə 50000 manat əsas, 7347,63 manat faiz, həmin tarixdən 14.10.2019-cu il tarixədək illik 5% hesablanmaqla 8465,28 manat faiz borcu vardır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, 25.05.2015-ci il tarixli, 529 saylı kredit müqaviləsi üzrə cavabdehin cərimə borcu dəyişdirilərək 5000 manata endirilməli, həmin kredit müqaviləsi üzrə qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanması iddia edilən 14.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 129787,58 manat borc tələbi barədə iddia qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə 79206 manat pul tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25.05.2015-ci il tarixli, 529 saylı kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 15 % kreditdən istifadəyə görə haqq ödəməklə 50000 manat məbləğində kredit verilmişdir. Mübahisənin bu hissəsilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 50000 manat əsas borcunun, 1958,22 manat faiz borcunun, habelə 8459,86 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, bu borc işdə olan obyektiv sübutlarla, kredit müqaviləsinə əlavə ilə, habelə maliyyə arayışı və məlum ekspert rəyi ilə təsdiq olunur. Doğrudur, ekspert rəyi ilə bu müqavilə üzrə faiz borcunun 7347,63 manat və illik 5% tətbiq edilməklə 8465,28 manat borc olması qeyd edilmişdir, lakin MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə faiz borcu məhz 1958,22 manat, illik 5% tətbiq edilməklə faiz borcu 8459,86 manatdır. Digər tərəfdən işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliklərini vaxtında icra etmədiyinə görə 25.05.2015-ci il tarixli, 529 saylı kredit müqaviləsi üzrə 20062,50 manat cərimə borcu tələb etmiş, məhkəmə bu məbləği yarıya, yəni 10031,25 manata endirmiş, cavabdeh isə bu hissədə qətnaməni mübahisələndirmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edildiyi kimi kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 20062,50 manat məbləğində cərimə borcu hesablanmış, məhkəmə isə bu məbləği yarıya endirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin halları nəzərə alınarsa qeyd edilən məbləğ yenə də tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işin hallarını, əlavə olaraq tətbiq edilən cərimə pulunun borclunun vəziyyətini daha da ağırlaşdırdığını, habelə kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, həmin kredit müqaviləsi üzrə dəbbə borcunun 5000 manata endirilməlidir. Beləliklə də, yekun olaraq məhkəmə kollegiyası hesab edir ki, 25.05.2015-ci il tarixli, 529 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçıya borcu bu qaydada müəyyən edilməlidir: əsas borc 50000 manat, faiz borcu 1958,22 manat, cərimə borcu 5000 manat və illik 5% tətbiq edilməklə (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) faiz borcu 8459,86 manat. İddianın 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi hissəsinə gəldikdə isə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh 14.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 80000 manat əsas, 5733,22 manat faiz, 32100 manat cərimə, 11954,36 manat (Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, 129787,58 manat kredit borcunun tutulmasını tələb etmişdir. İddiaçının istinad etdiyi kredit müqaviləsi iş materiallarında mövcud deyildir. Məhz bu səbəbdən birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməmiş, 14.04.2015-ci il tarixli kredit müqaviləsi iddiaçı təşkilat tərəfindən əldə edilərsə gələcəkdə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması və ya iddia olunan müqavilənin lazımi qaydada saxlanmaması üçün məsul şəxslərin məsuliyyətinin müəyyən edilməsi üçün müvafiq orqanlara müraciət etmək hüquqlarının olması izah edilmişdir. Məhkəmə kollegiyası da iddiaçının nümayəndəsinə bu kredit müqaviləsinin təqdim edilməsini dəfələrlə təklif etsə də, heç bir nəticəsi olmamışdır. Bununla belə, nümayəndə 14 ədəd kassa məxaric orderinin əslini məhkəmə kollegiyasına təqdim etmişdir. Bu orderlərdən isə görünür ki, Cavabdeh İddiaçı ASC-dən 14.04.2015-ci il tarixdə 4950 manat, 20.04.2015-ci il tarixdə 5000 manat, 22 aprel 2015-ci il tarixdə 10000 manat, 27 aprel 2015-ci il tarixdə 10000 manat, 28 aprel 2015-ci il tarixdə 3000 manat, 30 aprel 2015-ci il tarixdə 4000 manat, 01 may 2015-ci il tarixdə 5000 manat, 04 may 2015-ci il tarixdə 7000 manat, 06 may 2015-ci il tarixdə 5000 manat, 07 may 2015-ci il tarixdə 1000 manat, 08 may 2015-ci il tarixdə 5000 manat, 11 may 2015-ci il tarixdə 5000 manat, 12 may 2015-ci il tarixdə 8000 manat və 15 may 2015-ci il tarixdə 6256 manat (cəmi 79206 manat) pul almışdır. Məhkəmə kollegiyası işin daha öncə şərh olunan faktiki halına qiymət verərək hesab edir ki, 79206 manat pulun alınmasını təsdiq edən orderlər mötəbər sübut olduğundan, cavabdehin bütün hallarda iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Lakin bu öhdəlik iddia edildiyi kimi müqavilədən yox (çünki istinad edilən müqavilə məhkəməyə təqdim edilməmişdir), əsassız varlanmadan yaranmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh bankın ümumilikdə 79206 manat pulunu 14.04.2015-ci il tarixdən 15.05.2015-ci il tarixdədək olan müddətdə əldə edərək əsassız varlanmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə iddianın bu hissəsi məhz əsassız varlanmaya dair normalarla tənzimlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İşin bəlli halları təsdiq edir ki, cavabdeh bankdan aldığı cəmi 79206 manat pulu iddiaçıya qaytarmamış, başqa sözlə cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Mülki Məcəllənin 1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən 14.04.2015-ci il tarixli kredit müqaviləsi təqdim edilmədiyindən, tələb edilən əsas borc olaraq 80000 manat pulun hansı şərtlərlə, hansı müddətə, hansı faizlə və yaxud neçə faizlə verilməsinə dair heç bir sübut olmadığından cavabdeh tərəfindən bankdan qəbul edilmiş pul məbləğinə hər hansı faiz və ya cərimə borcu hesablana bilməz. Yuxarıda da qeyd edildiyi kimi, bu hissədə tərəflər arasında müqavilə münasibətlərinin olması təsdiq edilmədiyindən, mübahisə Cavabdeh iddiaçının vəsaiti hesabına əsassız varlanması kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X4rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisənin bu cür həll edilməsi hər iki tərəfə münasibətdə ədalətli və ağlabatan mövqedir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar üzrə yeni qətnamə qəbul edə bilər. Yenə həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən məhkəmə qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, 14.04.2015-ci il tarixli kredit müqaviləsinə istinadən tələb edilən cəmi 129787,58 manat pul hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalı, 25.05.2015-ci il tarixli, 529 saylı kredit müqaviləsi üzrə cavabdehin cərimə borcu hissəsində isə qətnamə dəyişdirilərək cərimə borcu 5000 manata endirilməli, həmin kredit müqaviləsi üzrə qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətlərinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid olunmalı, iş üzrə keçirilmiş ekspertizanın xidmət haqqı olaraq 200 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Tərəflərin apelyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(012)-625/2020 saylı qətnaməsi 25.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcu hissəsində dəyişdirilsin və Cavabdeh 25.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 5000 manat cərimə borcu tutulsun. Qətnamə 14.04.2015-ci il tarixli kredit müqaviləsinə istinadən cəmi 129787,58 manat pul tələbi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 14.04.2015-ci il tarixdən 15.05.2015-ci il tarixədək olan müddətdə əldə etdiyi 79206 manat pul tutulsun. Həmin iddia üzrə tələb qalan hissədə təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(012)-625/2020 saylı qətnaməsi, Cavabdeh 25.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 50000 manat əsas, 1958,22 manat faiz, 8459,86 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertizanın xidmət haqqı olaraq 200 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Apelyasiya şikayətlərinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar