Məhkəmə qərarları › İş №2(105)-2802/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2802/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2802/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-735/2021 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi A.M.Əmirovun verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-735/2021 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə ümumilikdə 3112,44 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat pulun iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi A.M.Əmirov apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-735/2021 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1075,53 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 18.12.2017-ci il tarixinə 819,91 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 148,65 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1068,35 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 3112,44 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.12.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Sumqayıt filialı Cavabdeh1 24 ay müddətinə, illik 28 faiz olmaqla, 1900 ABŞ dolları məbləğində kredit vermişdir. Bankla Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi A.M.Əmirov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 31 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 399.1, 442, 445.1,445.2, 448.1, 739.1-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 77.3, 88, 103.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavbadeh Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Sumqayıt filialı və Cavabdeh1 arasında bağlanmış İKM 01 saylı, 18 dekabr 2015-ci il tarixli kredit müqaviləsində bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 1900 ABŞ dolları kredit verilmişdir. 18 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 18 dekabr 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və zamin əsas borclunun Bank qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni İKM 01 saylı, 18 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka hər ay 104,29 ABŞ dolları, sonuncu ay isə 104,22 ABŞ dolları ödəməklə qaytarmalıdır. 11 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 04 sentyabr 2020-ci il tarixə iddiaçı LPO İddiaçı ASC-nə əsas borc üzrə 1075,53 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 18.12.2017-ci il tarixinə 819,91 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 148,65 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1068,35 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3112,44 ABŞ dolları təşkil edir. 15 dekabr 2017-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 İKM 01 saylı, 18 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunu qısa müddət ərzində banka ödənilməsi və əks təqdirdə bank tərəfindən mülki qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1594/2016 saylı, 16 avqust 2016-cı il tarixli qərardadının surətindən görünür ki, müflis elan edilmiş İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddia ərizəsini təmin etməkdən imtina edən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi göstərmişdir ki, Cavabdeh1 tərəfindən iş materiallarında olan kredit və zaminlik müqavilələrində olan imzaların ona məxsus olması mübahisələndirildiyindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.04.2021-ci il tarixli ekspert rəyinə əsasən mülki işin 4 və 5-ci səhifələrində olan 18 dekabr 2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinin 1-2-ci səhifələrində borc alan qrafalarındakı Cavabdeh1 adından olan imzalar, 6-cı səhifəsində olan 18.12.2015-ci il tarixli 01 nömrəli zaminlik müqaviləsinin sonunda “borcalan Cavabdeh1” qrafasındakı imza, 7-ci səhifədə olan ödəniş cədvəlinin sonunda “Cavabdeh1” qrafasındakı imza – Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi İddiaçı ASC-nin Sumqayıt filialı və Cavabdeh1 arasında bağlanmış İKM 01 saylı, 18 dekabr 2015-ci il tarixli kredit müqaviləsində olan imza sonuncu tərəfindən imzalanmadığından onun bank qarşısında öhdəliyi mövcud olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1 və 460.3-cü maddələrinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Sadalananlara əsasən iddia tələbi əsas borclu Cavabdeh1 və zamin Cavabdeh2 qarşı əsaslı hesab edilə bilməz. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuş və apellyasiya şikayətinin dəlilləri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi A.M.Əmirovun verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-735/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar