Məhkəmə qərarları › İş №2(105)-2808/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2808/2021

22.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2808/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, İddiaçı və onun nümayəndəsi X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(067)-1426/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(067)-1426/2021 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı sabit məbləğdə alimentin miqdarının artırılması tələbinə dair iddia qismən təmin edilib, Quba Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(027)-1395/2014 saylı qətnaməsinə əsasən 13 yanvar 2005-ci il təvəllüdlü X4 və 18 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilmiş, 13 yanvar 2005-ci il təvəllüdlü X4 və 18 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, iki uşaq üçün cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissəsi təmin edilməməsi və Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(067)-1426/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 oktyabr 2001-ci ildə rəsmi nikah qeyd etdirməklə el adəti ilə toy edərək ailə qurmuş və faktiki nikah münasibətlərindən 19 noyabr 2002-ci il tarixdə X6, 13 yanvar 2005-ci il tarixdə X4 və 18 iyul 2011-ci il tarixdə X7 adlı üç nəfər uşaqları doğulmuşlar. Quba Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(027)- 1395/2014 saylı qətnaməsi ilə onunla Cavabdeh ər-arvad kimi birgə yaşadıqları dövrdə 19 noyabr 2002-ci il tarixdə doğulmuş X6, 13 yanvar 2005-ci il tarixdə X4 və 18 iyul 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşlarna çatanadək saxlanılmaları üçün 22 iyul 2014-cü il tarixdən Cavabdeh hər uşağa görə 70 manat olmaqla, üç uşağa görə hər ay 210 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamənin çıxarıldığı vaxtdan uzun müddət keçmişdir. Bu müddət ərzində bazarda istehlak malların qiyməti artdığından ərzaq və sənaye mallarının qiymətində bahalaşma olmuşdur. Ona görə də son illər uşaqlarının saxlanılmasında çətinlik çəkir. Cavabdehin ödədiyi vəsait (aliment) uşaqlarının saxlanılmasnda göstərməli olduğu kömək üçün kifayət etmir. O, hesab edir ki, cavabdeh hər ay hər uşağa 175 manat aliment ödəmiş olsa, onların qabiliyyətini, maddi və mənəvi tələbatlarını təmin edə bilər. Cavabdeh son vaxtlar alimenti hissə-hissə və gecikdirməklə ödəyir. Əvvəllər alimenti ödəmədiyindən 9000 (doqquz min) manata kimi borc yığılıb qalıb ki, onu ödəməkdən müxtəlif bəhanələrlə şüurlu olaraq boyun qaçırır. Ona görə də, Quba Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(027)-1395/2014 saylı qətnaməsinə əsasən Cavabdeh 13 yanvar 2005-ci il tarixdə X4 və 18 iyul 2011-ci il tarixdə doğulmuş X1 üçün tutulan alimentin miqdarını artıraraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi hər ay iki uşağa 350 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 03 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi R.H.Lalayev apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(027)-1395/2014 saylı qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı və Cavabdeh ərarvad kimi birgə yaşadıqları dövrdə 19 noyabr 2002-ci il tarixdə doğulmuş X6, 13 yanvar 2005-ci il tarixdə X4 və 18 iyul 2011-ci il tarixdə doğulmuş X7 adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 22 iyul 2014-cü il tarixdən Cavabdeh hər uşağa görə 70 manat olmaqla, üç uşağa görə hər ay 210 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. 13.04.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, 13 yanvar 2005-ci il təvəllüdlü X4 və 18 iyul 2011-ci il təvəlüdlü X7 anaları İddiaçı himayəsindədirlər. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbryə etmək valideyinlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin göstərilən müddəalarına əsasən yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə ilə müraciət edib, övladları – 13 yanvar 2005-ci il təvəllüdlü X4 və 18 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları hər ay bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat aliment təyin edilməsinə razı olduğunu göstərmişdir. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlillərini qismən qəbul edib, övladları – 13 yanvar 2005-ci il təvəllüdlü X4 və 18 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi hər ay bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat aliment təyin edilməsinə etiraz etmədiyini əsas götürərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilib, «Cavabdeh 13 yanvar 2005-ci il təvəllüdlü X4 və 18 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, iki uşaq üçün cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun» hissəsində ləğv edilib, Cavabdeh 13 yanvar 2005-ci il təvəllüdlü X4 və 18 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşaq üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(067)-1426/2021 saylı qətnaməsi qismən – «Cavabdeh 13 yanvar 2005-ci il təvəllüdlü X4 və 18 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, iki uşaq üçün cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun» hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı sabit məbləğdə alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 13 yanvar 2005-ci il təvəllüdlü X4 və 18 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşaq üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə - «hazırki alimentin məbləğinin tutulmasının qətnamənin qüvvəyə mindiyi gündən hesablansın və Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar