Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2809/2021 27.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X3 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddianın qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(067)-1715/2020 saylı məhkəmə qətnaməsinə əsasən 23 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, 23 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh X2 İddiaçı xeyrinə hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissəsinin təmin edilməməsin qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh X6 qarşı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahlarından anadan olmuş 23 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Xaçmaz Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(067)-1715/2020 saylı qətnaməsi ilə təyin edilmiş 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 21 avqust 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 23 iyul 2019cu il təvəllüdlü X9 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(067)-1715/2020 saylı qətnaməsi ilə 23 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 (yüz) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanması üçün əlavə olaraq hər ay 60 (altmış) manat təyin edilmişdir. Maddi imkanı yoxdur, işləmir, övladının tələbatları günü-gündən artır. Onun yeyib-içmək və digər xərclərini ödəyə bilmir, övladı ilə birlikdə valideyninin himayəsində yaşayır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, onun maddi vəziyyəti ağırdır. Oğlu müntəzəm müalicə tələb edir. Hal-hazırda Azərbaycan Respublikasında uşaqların yaşayış minimumu 175 manat nəzərdə tutulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(067)-1484/2021 saylı qətnaməsini qismən ləğv edib, aliment məbləğinin 175 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh V.N.Şamilov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, uşağın bir yaşı olandan sonra nikahın pozulması barədə məhkəməyə iddia verilmişdir. Hazırda uşağa görə 160 manat aliment tutulub. Əvvəlki alimentin artırılması iddia tələbində iddiaçı uşağın guya xəstə olmasını əsas gətirmiş, hal-hazırda da iddia tələbini əsaslandırıb ki, guya dolana bilmir, maddi imkanı yoxdur. İddiaçının 22 ha meyvə bağı var, anasının isə 30 ha dan artıq bağı, dükanları vardır. Onun gözlərinin görmə qabiliyyəti zəif olduğuna görə heç yerdə işləyə bilmir. Onun bir neçə banka borcu var. Məhkəmə bildirişi ona gec çatdırılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(067)-1484/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, onun təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh V.N.Şamilovun nümayəndəsi N.T.Şamilov öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını, İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayətləri isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən uşağın saxlanılmasına maddi köməklik edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və cavabdeh V.N.Şamilovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, tərəflər 21 avqust 2018-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından 23 iyul 2019-ci il tarixdə Yusif adlı uşaqları anadan olmuşdur. İşdə olan Xaçmaz Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(067)1715/2020 saylı qətnaməsindən müəyyən olunur ki, 23 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 (yüz) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanması üçün əlavə olaraq hər ay 60 (altmış) manat pulun V.N.Şamilovdan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlqmadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasmda tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinin məzmunundan görünür ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 404.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı və cavabdeh X5 apellyasiya şikayətləri təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 11 iyun 2021-ci il tarixli 2(067)-1484/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2809/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2809/2021
27.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver