Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2810/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1367/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1367/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 16.08.2019-cu il tarixli, 2(067)-2304/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 27.03.2015-ci il təvəllüdlü X5 və 06.09.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat məbləğində sabit pul şəklində aliment alınaraq Abdullayeva (Şahmuradova) Zərnigar Şahin qızına verilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (hakim A.B.Sadıqov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1367/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı X4 məhkəmədə iddia qaldıraraq 27.03.2015-ci il təvəllüdlü X5 və 06.09.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən onun xeyrinə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 190 manat, cəmi 380 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh X9 apellyasiya şikayətini onunla əsasladırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1367/2021 saylı qətanməsi əsassızdır. Belə ki, birinci instasiya məhkəməsində işə baxılarkən onun restoranda ofisiant işləməsi, rəsmi aylıq əmək haqqının 260 manat təşkil etməsi barələ arayış təqdim etmiş, digər gəlirlərinin olmadığı təqdirdə və eyni zamada iddiaçının Bakı şəhəri, Zığ şossesində yeni qurulmuş Azərbaycan Respublikası FHN-nın Tibb Mərkəzinin modul tipli hospitalında işləməsi, rəsmi əmək haqqı alması faktına hüquqi qiymət verməməsi əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Qeyd edilənlərə əsasən Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1367/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X4 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Xaçmaz Rayon Məhkəməsinin 16.08.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehdən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cəmi 280 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Qeyd olunan alimentin məbləği uşaqların heç bir tələbatının ödənilməsinə kifayət etmir. Cavabdeh uşaqları ilə ümumiyyətlə maraqlanmır. Uşaqlarda atalarına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1367/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdeh X7 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1367/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 16.08.2019-cu il tarixli, 2(067)-2304/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, 27.03.2015-ci il təvəllüdlü X5 və 06.09.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 140 manat məbləğində sabit aliment alınaraq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan 17 may 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh 05.01.2019-cu il tarixdən bu günədək müddətsiz ofisiant işləyir və əmək haqqı orta hesabla 260 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinəəsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinəəsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək 175 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusuya Məhkəməsinin hüquq mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 2 uşağın saxlanılması üçün müəyyən edilmiş hər uşaq üçün 140 manat məbləğindəki aliment 2019cu ildə, yəni uşaqların müvafiq olaraq 2 və 4 yaşı olanda tutulmuşdur. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Hazırda isə uşaqlar müvafiq olaraq 4 və 6 yaşanda olmaqla minimum yaşayış xərcləri bir qədər də artmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək 175 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini, o cümlədən az əmək haqqı almasına dair dəlilini əsaslı saymır. Belə ki, cavabdehin qeyd etdiyi hallar onu uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Bundan başqa cavabdeh apellyasiya şikayətində iddianın təmin edilməməsini xahiş etmişdi ki, məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, bu,uşaqların maraq və məafeyinə ziddir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1367/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1367/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2810/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2810/2021
21.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver