Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2813/2020 29.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-8081/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-8081/2019 qətnaməsi ilə (sədrlik edən, hakim Aynur Behbudova) İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 44 manat əsas borc, 5 manat cərimə borcu və 10 manat ödənilmiş dövlət rüsumuna görə, cəmi 59 manat məbləğində pulun alınıb İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ********* saylı, xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə yaranmış 90 manat əsas borc, 27 manat cərimə, ümumilikdə 117 borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Alcatel 5010E” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla cəmi 179 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2019-cu il tarixində 5 manat ödədikdən sonra ödənişləri dayandırmış və 90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh xx.xx.2019-cu il tarixə İddiaçınə borcu 90 manat əsas, 27 manat cərimə, ümumilikdə 117 manat təşkil edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır. İddiaçı tərəfindən ona nasaz telefon satılmışdır. Bu telefon zəmanət müddətində 4 ay təmirdə qalmış, lakin düzəlmədiyinə görə telefonu geri götürmüşdür. O, qətnamə ilə ondan 59 manat tutulmasına razı deyildir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmeti satıcının 1 saylı əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməsi, habelə borcunu satıcıya ödənilməsinə dair pul öhdəliyidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh dəyəri 179 manat olan “Alcatel 5010E” markalı mobil telefon satılmış, ödəniş müddəti 18 ay, aylıq ödəniş 10 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə həmin tarixə əsas borcu 90 manat, cərimə borcu 27 manat təşkil edir. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə İddiaçındən qiyməti 179 manat olan “Alcatel 5010E” markalı mobil telefon almışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. İş materiallarında olan mədaxil qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə müxtəlif vaxtlarda İddiaçınə ümumilikdə 135 manat məbləğində ödəniş etmiş, cavabdehin iddiaçıya 90 manat deyil, 44 manat (179 manat–135 manat ) məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının MM-nin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə öhdəliyini müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini üzərinə götürmüşdür. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq dəbbə pulunun miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, İddiaçı cavabdehdən 117 manat tələb edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-8081/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2813/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2813/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver