Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2815/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X10, İddiaçı nümayəndəsi və vəkili X12, cavabdeh Şamaxı Kommunal Təsərrüfatı X3 nümayəndəsi X11, üçüncü şəxs X5 nümayəndəsi X8 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(074)-247/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(074)-247/2021 saylı qətnaməsi ilə (hakim N.Ə.İsmayılov) İddiaçı cavabdeh Şamaxı Kommunal X1rşı qapının açılması, açarların və zirzəminin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(074)-247/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 98, mənzil 02-də yerləşən ona məxsus evin altında yerləşən zirzəminin qapısının cavabdeh Şamaxı Kommunal Təsərrüfatı X6 tərəfindən açılaraq açarların və zirzəminin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 98, mənzil 02-də yerləşən ev ona 1995-ci ildə verilmişdir. Ondan əvvəl həmin evdə xalası yaşamış, xalası həmin vaxt evin zirzəmisinin bir hissəsindən təsərrüfat əşyalarını qoymaq üçün istifadə etmiş, xalasının uşaqları Türkmənistanda olduqlarından o, xalasının yanında qalmışdır. Xalası sağ olan zaman Kommunal Təsərrüfatı İdarəsinin rəisi gəlib xalasından Nənəş adlı kimsəsiz bir qadının evinin olmadığı üçün oğlu ilə birlikdə evin altında olan zirzəmidə müvəqqəti olaraq yaşamalarını xahiş etmiş, başqa mənzil olan kimi onlara mənzil veriləcəyini, onların həmin zirzəmidən çıxacaqlarını və yenə zirzəminin ona qaytarılacağını bildirmiş, xalası buna razı olmuşdur. Nənəş adlı qadın oğlu Məhəmmədlə zirzəmidə yerləşmiş, daha sonra xalası vəfat etmiş, o, da evlənib ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamış, Nənəş adlı qadının orada müvəqqəti yaşadığını və ev verilən kimi çıxacaqlarından məlumatı olmuşdur. 1998-ci ildə o, öz evini özəlləşdirmiş, illər keçmiş Nənəş adlı qadına ev verilməmiş, Nənəşin oğlu Məhəmməd evİənmiş, 3-4 il əvvəl Nənəş rəhmətə getmişdir. 2019-cu ildə baş vermiş zəlzələdən zərər çəkənlərə, yaşadıqları yer yaşayış üçün yararlı olmayan şəxslərə evlər tikilib verilən zaman Məhəmməd də müraciət etmiş, zirzəminin yaşayış üçün yarasız olması səbəbindən onlara da ev verilmişdir. Ev almalarına baxmayaraq onlar zirzəmini qaytarmamışlar. Lakin onlara qəti olaraq əşyalarını oradan çıxarmaqları, oranın yaşayış sahəsi kimi yararlı olmadığı bildirilmişdir. Onlar tamamilə zirzəmini boşaltmağa məcbur olmuş, həmin vaxt Komunal Təsərrüfatı İdarəsinin işçiləri zirzəminin qapısını qıfıllayıb getmişlər. Evin texniki pasportundan da görünür ki, ev bir mərtəbəlidir. Birinci mərtəbədə hal-hazırda özü yaşayır. Evin başqa mərtəbəsi yoxdur. Bu zirzəmi onların evinin yardımçı hissəsidir. Hazırda ev özəlləşmiş evdir. Zirzəminin üstü ona məxsusdur. Yaşayış sahəsi cəmi 47 kv.m-dir. Əslində həmin zirzəmi onun evinin zirzəmisi olduğu üçün onun istifadəsində olmalıdır. Zirzəminin açılması və ona təhvil verilməsi barədə dəfələrlə müraciət etsə də zirzəmi ona verilməmiş, qurum zirzəmini başqa şəxsə vermək fikrindədir. Amma bu mümkün deyil. Belə ki, onun ailəsi böyükdür. 5 nəfərdən ibarətdir. Ev əşyalarını qoymağa yer tapmır. Evinin zirzəmisində də başqasının olmasına razı deyil. Birinci Qarabağ müharibəsi veteranıdır. İİ qrup əlildir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi 31 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və proessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili E.A.Şahverdi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Şamaxı Kommunal Təsərrüfatı X3 nümayəndəsi X11 və üçüncü şəxs X5 nümayəndəsi X13 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 08.05.1998-ci il tarixli, 04/1974 reyestr nömrəli, 5332 inventar işi nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 98 nömrəli binanın 02 nömrəli mənzilində yerləşən 47 kvadrat yaşayış sahəsi olan ev İddiaçı adına qeydə alınmışdır. Şamaxı şəhər Mənzil İstismar Sahəsinin 11.02.2000-ci il tarixli, 35 saylı məktubundan görünür ki, İddiaçı məktubuna cavab olaraq ona yaşadığı evin Təbriz küçəsi istiqamətindən mənzilinə giriş açmaq üçün 3,7 metr uzunluğunda, 3,3 metr enliyində pəncərəni sökərək giriş açmağa icazə verildiyi bildirilmişdir. İş materiallarında olan müqavilədən görünür ki, Şamaxı şəhəri, M.Ə,Rəsulzadə küçəsində yerləşən 98 saylı evin birinci mərtəbəsində iki otaqdan 39 kvadrat sahədən ibarət olan zirzəmi 12 aprel 1996-cı ildə icarə müqaviləsi əsasında müddətsiz olaraq X9 icarəyə verilmişdir. İş materiallarında olan digər müqavilədən görünür ki, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 98 saylı evin birinci mərtəbəsində olan iki otaqdan ibarət yarımzirzəmi 29 yanvar 2018-ci il tarixli icarə müqaviləsi əsasında müddətsiz olaraq X7 icarəyə verilmişdir. Şamaxı Kommunal Təsərrüfatı X3 24 may 2021-ci il tarixli məktubundan görünür ki, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 98 saylı ev Şamaxı Kommunal Təsərrüfatı X3 balansındadır və mənzil fonduna daxildir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsi 98 saylı bina Şamaxı Kommunal Təsərrüfatı X3 balansındadır və mənzil fonduna daxildir. Həmin binanın yarımzirzəmisi 1996-cı ildə icarə müqaviləsi əsasında X9 və 29.01.2018-ci il tarixdən isə X7 verilmişdir. Hazırda iddiaçı ona məxsus evin altında yerləşən zirzəminin qapısının cavabdeh tərəfindən açılaraq açarların və zirzəminin ona təhvil verilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsasə kimi göstrmişdir ki, İddiaçı ona məxsus evin altında yerləşən zirzəminin qapısının cavabdeh tərəfindən açılaraq açarların və zirzəminin ona təhvil verilməsini tələb etsə də o, həmin zirzəminin onun istifadəsində olmasını təsdiq heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçının Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi 98 saylı binanda yerləşən mübahisəli yarımzirzəmiyə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(074)-247/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2815/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2815/2021
20.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver