Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2819/2021 07.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin e-2(077)-99/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia qaldıraraq, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsinə əsasən 55198,50 (əlli beş min bir yüz doxsan səkkiz manat əlli qəpik) manat məbləğində əsas borcun, 6127 (altı min yüz iyirmi yeddi) manat məbləğində cərimə borcu,150 (bir yüz əlli) manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 61505,50 (altmış bir min beş yüz beş manat əlli qəpik) manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 2(077)-99/2021 saylı mülki iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin iddia tələbi qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh 55198,50 (əlli beş min bir yüz doxsan səkkiz manat əlli qəpik) manat məbləğində əsas borc, 550 (beş yüz əlli) manat məbləğində cərimə borcu, 100 (yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardıma görə xərclər və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 55868,50 (əlli beş min səkkiz yüz altmış səkkiz manat əlli qəpik) manat məbləğində borcun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun İddiaçı MMC-yə aid edilməsi qət edilmişdir (hakim C.İ.Səfiyeva). Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Şuşa Rayon Məhkəməsinin e-2(077)-99/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Cəmilə Səfiyeva). Qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsi, işin apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin e-2(077)-99/2021 saylı, 15 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti müdafiə edərək göstərdi ki, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkir, 20.06.2021-ci il tarixdən 14.06.2021-ci il tarixədək xəstəxanada müalicə almışdır. Həmin faktı təsdiq edən 24.06.2021-ci il tarixli, 1206 saylı ambulator kitabçadan çıxarışı da şikayətə əlavə etmişdir. Qeyd edilənlərə əsasən qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin e-2(077)-99/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh Şuşa Rayon Məhkəməsinin 2(077)-99/2021 saylı mülki iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsinin 22.05.2021-ci il tarixdə xəbərnaməni imza edərək qəbul etməsini, lakin apelyasiya şikayətini 1 ay müddət keçdikdən sonra 24 iyun 2021-ci il tarixdə məhkəməyə verməsini, həmçinin apelyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti əlavə etməməsini müəyyən edərək apelyasiya şikayətini geri qaytarmış, gəldiyi nəticəni də AR Mülki Prosessual Məcəlləsinin 360,363.1.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə Şuşa Rayon Məhkəməsinin 2(077)-99/2021 saylı mülki iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən 22.05.2021-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə alınmışdır. İş materiallarından o da görünür ki Cavabdeh apelyasiya şikayəti 24.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apelyasiya şikayətinin müddət ötürülməklə verilməsi əsası ilə apelyasiya şikayətinin geri qaytarması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2-128.3-cü maddələrinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-130.3-cüi maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materialları ilə müəyyən edilir ki, barəsində şikayət verilən qətnaməni Cavabdeh 22.05.2021-ci il tarixdə tarixdə məhkəmə qəbzinə imza etməklə almış, qətnamədən 1 ay müddətində şikayət verməli olduğu halda, şikayəti müddət keçdikdən sonra, yəni 24.06.2021-ci il tarixdə məhkəməyə göndərmişdir. Bununla da cavabdeh müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə olan halda, qanunvericiliyin tələbinə görə cavabdeh qətnamədən 24.06.2021-ci il tarixdə apelyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə də verməli idi. Lakin belə bir ərizə verilməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin AR Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə istinadən apelyasiya şikayətini geri qaytarması işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1135/2018 saylı, 06 iyul 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin e-2(077)-99/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2819/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2819/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver