Məhkəmə qərarları › İş №2(105)-283/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-283/2022

05.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-283/2022 05.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(012)-1183/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(012)-1183/2020 saylı qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı ondan apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(012)-1183/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(105)-864/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(012)-1183/2020 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddianın təmin olunması qət edilmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 2(102)- 3901/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(105)-864/2021 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, qardaşı X4 və Cavabdeh ailə qurduqdan sonra, ünvan 1 ünvanında yaşamışlar. Onlar ayrıldıqdan sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin 05.10.2015-ci il tarixli, 2(105)-1516/2015 saylı qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı X5 ilə birgə həmin ünvana köçürülməsi qət edilmişdir. O, sonradan ünvan 1 ünvanındakı evi 2019-cu ildə başqa şəxsdən alqı-satqı müqaviləsinə əsasən almış, öz mülkiyyətinə keçirmişdir. Hazırda həmin evin ünvanı ünvan 3atda olmasına baxmayaraq, onun mənzilindən çıxmaq istəmir. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 29 oktyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 228.2-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin və 4, 14, 106-cı maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iş üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə etdi ki, ümumi torpaq sahəsi 0,025 ha olub. İki yerə bölüblər. İki ev tikilib. Ev 22 və ev 22A. Ev 22 qardaşının evidir. Hazırda hər iki evə dair onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, çıxarışı var. Ev 22-nin torpaq sahəsi 112 kv.m, 22A-nın torpaq sahəsi 132 kv.m-dir. Cavabdeh ev 22 ünvanında yaşayır. Əvvəl də həmin evdə yaşayıb. O, bildirdi ki, kompensasiya kimi qarşı tərəfə 4000 manat ödəməyə hazırdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz etdi və onun rədd edilməsini xahiş etdi. Əlavə etdi ki, o, gəlin gələn gündən bu ailə ilə bir yerdə yaşayıblar. Hazırda yaşadığı evə 2016-cı ildə məhkəmə qətnaməsilə köçürülüb. Ona qədər də həmin evdə yaşayıb. O, bildirdi ki, mübahisəli evə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə köçürülmüşdür və oradan çıxmaq üçün ona 15000 manat kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 03.07.2019cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, ev 22 (71,4 kv.metr) İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə onun adına 29.06.2019-cu il tarixdə texniki pasport tərtib edilmişdir. Yenə işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 05 oktyabr 2015-ci il tarixli, 2(105)-1516/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilib, Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh X2 qarşı mənzilə köçürməyə dair iddiası təmin edilərək Cavabdeh azyaşlı uşağı X5 ilə birgə Abşeron rayonu, Quşçuluq Y/M, Nəvai küçəsi, ev 8-ə köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilir ki, mübahisəli ev qətnamə qəbul edilən vaxt özbaşına tikili olmuşdur. Yenə də işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 03.07.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, ev 22A (73,5 kv.metr) İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə onun adına 28.06.2019-cu il tarixdə texniki pasport tərtib edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini, həmçinin mübahisə üzrə Ali Məhkəmənin mövqeyini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin rədd edilməsi barədə nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, Cavabdeh X4 ilə evlənmiş, ünvan 4 ünvana köçüb orada yaşamışlar və onların bir uşağı anadan olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2015-ci il tarixli, 2(105)-1516/2015 saylı qətnaməsi ilə Cavabdeh X2 qarşı mənzilə köçürməyə dair iddiası təmin edilib, onun azyaşlı uşağı X5 ilə birgə Abşeron rayonu, Quşçuluq Y/M, Nəvai küçəsi, ev 8-ə köçürülməsi qət edilmişdir. Həmin vaxt mübahisəli ev özbaşına tikili olmuş, hazırda isə evə dair mülkiyyət hüquqları daşınmaz əmlkaın dövlət reyestrində qeydə alınmışdır. Tərəflərin bildirməsinə görə həmin ünvan hazırda Nəvai küçəsi 22-dir. Deməli, qeyd edilənlərdən göründüyü kimi, hazırkı iddia tələbi üzrə iddiaçının mülkiyyətində olan ev, hələ özbaşına tikili olan vaxt cavabdeh azyaşlı oğlu ilə birlikdə məhkəmə qətnaməsinə əsasən oraya köçürülmüşdür və hazırda da cavabdeh azyaşlı oğlu ilə birlikdə həmin evdə yaşayırlar. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Cavabdeh və azyaşlı uşağı Rahib Mahmudovun mübahisəli evdə yaşamaq hüquqlarına dair mübahisəyə artıq baxılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1516/2015 saylı, 05.10.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı X5 ilə birgə ünvan 5-ə (hazırda Nəvai küçəsi 22) köçürülməsi qət edilmiş, qətnamə də 04.03.2016-cı ildə icra edilmişdir. Belə olan halda isə, Cavabdeh və övladının həmin evdə yaşamaq hüquqlarının olub-olmaması ilə bağlı məsələnin istifadə hüquqları kontekstində yenidən müzakirəsi hüquqi müəyyənlik prinsipi ilə uzlaşmır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Ali Məhkəmənin iş üzrə qərarında da qeyd edildiyi kimi iddia ərizəsindən görünür ki, İddiaçı yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsi nəticəsində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu baxımdan cavabdehlə istifadə hüququna dair yeni münasibətlərə istinad etmir. İddiaçı tələbinin əsası kimi mübahisəli evi başqa şəxsdən əldə etdiyinə və 03.07.2019-cu ildə qeydə alınmış mülkiyyət hüququna əsaslanır. Başqa sözlə, iddiaçının tələbi mülkiyyətindən sərbəst istifadəyə törədilən maneçiliyin aradan qaldırılması ilə bağlıdır. Cavabdeh isə mübahisəli evə məhkəmə qərarı ilə köçürüldüyünü, evin üzərində mülkiyyət hüququnun ondan gizli və əvəzsiz şəkildə İddiaçı adına rəsmiləşdirildiyini, həmin evə olan hüququndan imtina etmədiyini bildirərək iddiaya etiraz edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflərin istinad etdikləri faktiki hallar üzrə iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər Mübahisəli evin hazırkı hüquqi vəziyyətinə görə iddiaçının mülkiyyətçi olması işin mübahisəsiz halıdır, çünki bu fakt işdə olan, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 03.07.2019-cu il tarixli çıxarışla təsdiqlənir. Məlum olduğu kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqların müdafiəsinə dövlət təminat verir. Digər tərəfdən, əksi sübut edilmədikcə, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası tanınır. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Bu qaydalara uyğun olaraq, əşyanı daşınmaz əmlakın dövlət reyestrindəki məlumatlara güvənərək başqa şəxsdən yüksüz əldə edən vicdanlı şəxsin hüquqları qorunur (§ 16-17). Həmin hüquqi mövqeyi hazırkı işdə tətbiq etdikdə mübahisəli evi başqa şəxsdən aldığını bildirən iddiaçının cavabdehə münasibətdə mülkiyyətçi hüquqlarının qorunmasına, başqa sözlə cavabdehin və uşağının həmin evdə yaşamasının mülkiyyətdə olan əşyaya qəsd və ya maneəçilik təşkil edib-etməməsinə düzgün hüquqi qiymət verilməlidir. Əvvəla, işin tədqiq olunan faktiki hallarından məlum olur ki, iddia tərəfinin (o cümlədən iddiaçının qardaşının) ünvan 5 ünvanında 0,025 ha torpaq sahəsi olub və orada onlar tərəfindən özbaşına iki fərdi yaşayış evi tikilib. Hazırda həmin evlərə yeni ünvan: 22 və 22A ünvanı verilmişdir. İş üzrə tərəflərin izahatlarından məlum olur ki, ev 22 ünvanında iddiaçının qardaşı və onun ailəsi kimi cavabdeh yaşamışdır. Münasibətləri korlandıqdan sonra cavabdeh evdən çıxıb getmiş, lakin sonradan məhkəmə qətnaməsilə həmin evə köçürülmüş, qətnamə icra edilmiş, o, azyaşı övladı ilə 2016-cı ildən həmin evdə yaşayır. Qətnamə qəbul edilərkən cavabdeh iddiaçının qardaşı X4 olmuş və tələb də ona qarşı yönəlmişdir. Zamiq Mahmudov məhkəmədə evin qardaşına məxsus olmasını bildirsə də məhkəmə onun bu dəlilini qəbul etməmişdir. Hazırki iddia ərizəsində isə iddiaçı bildirir ki, evi 2019-cu ildə başqa şəxsdən almışdır. Doğrudur, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, o, X1 adlı şəxsdən 0,025 ha torpaq sahəsi almışdır. Lakin həmin alqı-satqıdakı ünvan Xırdalan şəhəri, Əlişir Nəvai küçəsi, ev 18-dir. Məhkəmə şərh olunanlara qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh hazırda yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi onun məhkəmə qərarı ilə köçürüldüyü evdir. O, artıq uzun müddətdir ki, iddiaçı ilə eyni həyətdə, qonşu mübahisəli evdə azyaşlı övladı ilə birlikdə yaşayır və bu faktın iddiaçıya məlum olmaması işin faktiki halları ilə istisna olunur. Ən əsası isə məhkəmə iclasında iddiaçı ev 22-nin qardaşının evi olduğunu etiraf etmişdir. Belə olan halda vicdanlılıq pirezupmsiyasından söhbət gedə bilməz. İddiaçı işin faktiki hallarını yaxşı bildiyindən məhkəmə iclasında cavabdehə 4000 manat kompensasiya ödəməyə hazır olduğunu bildirsə də, cavabdeh kompensasiya məbləği olaraq 15000 manat tələb etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli evə dair mülkiyyət hüququnu əldə edərkən evin (məhkəmənin qərarı ilə oraya köçürülmüş) cavabdehin (yəni qardaşının keçmiş arvadı) hüquqları ilə yüklü olmasından xəbəri olmuşdur. İşdən görünür ki, iddiaçı cavabdehin mübahisəli evə köçürülməsi və evin cavabdehin istifadə hüququ ilə yüklü olmasını bildiyindən ona hazırda kompensasiya təklif edir. Belə olan halda isə onun mübahisəli evə dair mülkiyyət hüququnun müdafiəsinə istinad etməsi əsassızdır. Yaranmış mübahisə bu qaydada deyil, kompensasiya ödənilməklə hüquqa xitam verilməsi yolu ilə həll edilə bilər. Hazırkı halda isə, evin yeni mülkiyyətçisi olaraq İddiaçı özünə aid reyestrdən çıxarışa istinad etməklə belə bir iddia qaldırması hüquqdan sui istifadə kimi qiymətləndirilməlidir, halbuki bu, qanunla qadağandır. Belə ki, AR Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yenə həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə əsasən razılaşır və hesab edir ki, bu nəticə həm işin faktiki hallarına, həm də göstərilən maddi hüquq normalarına uyğundur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X7rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, işin tədqiq olunan faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsasını və şikayətindəki qeyd etdiyi dəlilləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(012)- 1183/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar