Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2830/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(012)-858/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(012)-858/2021 saylı qətnaməsi ilə hakim (hakim H.Y.Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(012)-858/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi evin tikintisinə xərclənmiş 100.000 manat pul vəsaiti ailənin ümumi əmlakı kimi bərabər paylarda bölünərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq onun xeyrinə 50.000 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 2004-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur və Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən evə gəlin köçmüşdür. Bir müddətdən sonra o, ailə üzvləri ilə birgə Cavabdeh1 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən evə köçmüşdür. Bundan sonra 2014-cü il tarixində Cavabdeh1 Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən evi sataraq Xırdalan şəhəri, ünvan 2 ünvanında yerləşən köhnə bir otaqdan ibarət ev almışdır. Həmin evdə iddiaçı ailə üzvlərilə birgə pasport qeydiyyatında olaraq daimi yaşamışdır. Sonradan onlar ailənin ümumi vəsaiti hesabına bir otağın əvəzinə iki mərtəbəli ev tikmişlər və həmin evdə birgə yaşamışlar. Cavabdeh2 ilə ilk vaxtlarda münasibətləri yaxşı olsa da,sonradan ailə münasibətləri pisləşdiyindən, birgə yaşamaqları və ailənin saxlanması qeyri-mümkün olmuşdur. Abşeron Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə aralarında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan uşaqlar onun himayəsində saxlanılmışdır. Nikah dövründə birgə vəsait hesabına tikdikləri Xırdalan şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi ev Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Həmin fərdi evin tikintisinə 100.000 manat onların ailəsinin birgə vəsaitindən xərclənmişdir. Hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan Xırdalan şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi evin tikintisinə xərclənmiş 100.000 manat pul vəsaiti ər-arvadın birgə nikah dövründə qazandıqları əmlak kimi onların ümumi əmlakı sayılmalıdır və bərabər paylarda bölünməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 11 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 1091.1, 1096.1, 1097.3-cü maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına ilk iddia ərizəsinin rədd edilməsi hissəsinə düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edib, təmi olumasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apellyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 20201-ci il tarixli, 2(105)-1116/2020 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi döngə 4, dalan 3, 20 saylı evdən istifadə hüququna xitam verilməsinə dair iddia tələbinin təmin edilməməsi haqqında 25 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 25 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Asan-Sumqayıt” tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi döngə 4, dalan 2, ev 20-də 12 noyabr 2016-cı il tarixdən qeydiyyatdadır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* çıxarışa əsasən ünvan 4, 26.04.2018-ci il tarixli qeydiyyata əsasən Cavabdeh1 xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 26.04.2018-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. Həmin yaşayış evində əmlakın mülkiyyətçisi Cavabdeh1 sabiq gəlini olmuş İddiaçı qeydiyyatdadır. Hazırki mülki iş üzrə İddiaçı mübahisəli yaşayış sahəsinin onunla keçmiş əri Cavabdeh2 birgə nikahı dövründə tikilməsini və bu evin tikintisinə çəkilən xərclərdə onun da vəsaiti olduğundan həmin evin tikintisinə çəkilmiş 100.000 manat pulun ümumi birgə vəsait olması əsası ilə bölünməsini və həmin vəsaitin yarısının cavabdehlərdən tutularaq ona ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə əsasən ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1 və 32.2.2-ci maddələrinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə hesab etmişdir ki, mübahisəli yaşayış sahəsi İddiaçı sabiq əri Cavabdeh2 atasına məxsusdur və İddiaçı isə həmin mənzilə olan hüququ onun həmin mənzildə pasport qeydiyyatında olması və istifadə hüququ ilə məhdudlaşır. Belə ki, tərəflər 2004-cü ildə rəsmi nikaha daxil olmaqla, əvvəllər başqa yaşayış sahəsində yaşamışlar və mübahisəli mənzil Cavabdeh1 tərəfindən üçüncü şəxsdən satın alındıqdan sonra İddiaçı özünün də iddiasında qeyd etdiyi kimi 2014-cü ildə həmin yaşayış sahəsinə köçməklə orada yaşamışdır. 02 avqust 2019-cu il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda iddiaçının Cavabdeh1 məxsus fərdi yaşayış evinin tikintisinə vəsait xərclənməsinə dair iddiası heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, iddiaçı yalnız həmin evin məhz onun Cavabdeh2 ilə birgə nikahda olduğu dövrdə alınmasını və özünün də o evdə yaşamasını əsas gətirməklə evin tikintisinə 100.000 manat məbləğində pulun onun və Cavabdeh2 tərəfindən xərc çəkilməsini iddia etmişdir. Halbuki mübahisəli mənzilə məhz Cavabdeh2 və İddiaçı tərəfindən 100.000 manat məbləğində vəsait xərclənməsinə dair heç bir əsas və sübut yoxdur. Şahid ifadəsində də, birbaşa mübahisəli evə iddiaçı tərəfindən maliyyə vəsaiti qoyulması barədə sözlər deyilməmiş, yalnız iddiaçıdan onun vəsait qoyduğu barədə məlumat aldığını bildirmişdir. İddiaçı iddiasını yalnız özünün ümumi mülahizələrindən çıxış edərək təqdim etmiş və iddiasını əsaslı edə biləcək heç bir dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(012)-858/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2830/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2830/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver