Məhkəmə qərarları › İş №2(105)-284/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-284/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-284/2021 26.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-951/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11R000007754 saylı kredit razılaşması üzrə 2323.31 ABŞ dolları məbləğində əsas borc, 3213.72 ABŞ dolları məbləğində faiz borcu və 795.67 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6332 ABŞ dolları 7 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-951/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2323.31 (iki min üç yüz iyirmi üç dollar, otuz bir sent) ABŞ dolları məbləğində əsas borc, 3213.72 (üç min iki yüz on üç dollar, yetmiş iki sent) ABŞ dolları məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları məbləğində cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı QSCnin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İlkin Xəlilov) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılan zaman İddiaçı QSC-nin İdarə Heyıtinin sədr müavini Andrei Zainulin ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh tərəfindən banka olan borcu ödənilmişdir. Bu səbəbdən də iddia tələbindən imtina edilir. Odur ki, iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş ərizəni nəzərə alaraq, hesab edir ki, iddiaçı tə.kilatın iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-951/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçının hüquqi varisi iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 951/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 263-264, 267-268, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-951/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi alındığı vaxtdan hesablanmaqla, 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar