Məhkəmə qərarları › İş №2(105)-284/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-284/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-284/2022 23.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(028)-393/2021 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qubadlı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(028)-393/2021 saylı qətnaməsi ilə (hakim V.Y.Ruvinov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə iddiası qismən təmin edilib, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanılmış 03.09.2019-cu il tarixli kredit razılaşmasına xitam verilərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 4731,9 manat əsas borc, 1183,99 manat faiz borcu, 100 manat cərimə olmaqla, ümumilikdə 6015,89 (altı min on beş manat səksən doqquz qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(028)-393/2021 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı QSC iddia ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı QSC və Cavabdeh1 ilə bağlanmış 03.09.2019-cu il tarixli kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 4731,9 manat əsas borc, 1183,99 manat faiz borc, 2017,81 manat cərimə olmaqla, cəmi 7933,70 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 21.10.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək kredit məbləğ və müddəti ayrıca olaraq kredit razılışması ilə müəyyən olunur. 03.09.2019-cu il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 (on min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.06.2020-ci il tarixdən banka qaytarmamışdır. Həmin kreditdən cavabdeh 5268,1 manat ödəmiş və onun 4731,9 manat məbləğində kredit borcu qalmaqdadır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılışmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 02.03.2021-ci il tarixə 272 gün üçün hesablanmış faiz borcu 1183,99 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. 02.03.2021-ci il tarixə 272 gün üçün hesablanmış cərimə 2017,81 manat təşkil edir. Kredit xətti müqaviləsin 3.1.2.-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Borclular zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi 03 avqust 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MM-nin 422, 425.2, 448.4, 458.1-ci maddələrinin, Azərbaycan Respublikası MPM-nin 9.1, 9.3, 88, 217.1, 217.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyib, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 21.10.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 03.09.2019-cu il tarixli, 003R********** saylı kredit razılaşması əsasında sonuncuya 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. İddiaçı QSC və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən Cavabdeh1 razılaşma üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün ona zamin durmuşlar. Maliyyə arayışdan görünür ki, 02 mart 2021-ci il tarixədək cavabdehin banka cəmi 7933,7 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərlərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti əsasında işin hallarını və tərəflər arasında yaranmış mübahisə üzrə araşdırma apararkən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış iş üzrə kredit borcun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 9/9261 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 21.10.2009-cu il tarixli 03L000003772 nömrəli kredit xətti müqaviləsinə əsasən 03.09.2019-cu il tarixli, 003R********** nömrəli nömrəli kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu 02 mart 2021-ci il tarixə, əsas borc üzrə 4731,90 manat, faiz borcu üzrə 1374,67 manat və cərimə borcu üzrə 45,23 manat müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, alınmış ekspert rəyi cavabdehin banka olan son ödənişləri nəzərə alınmaqla işin faktiki hallarına uyğun olub, digər sübutlarla öz təsdiqini tapdığına görə əsas sübut kimi qəbul edilib, kredit müqaviləsi üzrə əsas borc birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş həcmdə, yəni 4731,90 manat məbləğində müəyyən olunmalıdır. Faiz borca qiymət verərək məhkəmə kollegiyası rəyin və iddiaçının tələbinin müqayisəli təhlil edib nəzərə alır ki, ekspertin müəyyən etdiyi məbləğ iddiaçının tələb etdiyi məbləğdən yüksək olduğu üçün və iddiaçı qətnamədən apellyasiya şikayəti vermədiyi, başqa sözlə qətnaməni mübahisələndirmədiyi üçün faiz borc dəyişdirilmədən iddiaçının tələb etdiyi məbləğdə müəyyən edilməlidir. Əks təqdirdə ekspertin rəyi ilə faiz borc hissəsində razılaşan məhkəmə kollegiyası iddia tələbindən kənara çıxmış olar. Bu isə məhkəmə kollegiyasının qənaətinə görə AR MPM-nin 218.3-cü maddəsinin tələblərinə zidd olardı. İş materiallarından görünür ki, kreditor tərəfindən borcludan 2017,81 manat cərimə məbləği tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən 2017,81 manat cərimə məbləğini azaldılaraq 100 manat məbləğində müəyyən etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 9/9261 saylı ekspert rəyi ilə cərimə borcu 45,23 manat məbləğində müəyyən olunmuşdur. Belə olan halda cərimə borcu həmin həcmdə təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə apellyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 9/9261 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin Qubadlı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(028)-393/2021 saylı qətnaməsi – «Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 100 manat tutulsun» hissəsində dəyişdirilib, cərimə borcu 45,23 manat məbləğində müəyyən edilməli, qətnamə – qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul apellyasiya şikayəti təmin edilmədiyindən Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(028)-393/2021 saylı qətnaməsi dəyişdirilsin. Qubadlı Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(028)-393/2021 saylı qətnaməsi – «Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 100 manat tutulsun» hissəsində dəyişdirilib, cərimə borcu 45,23 manat məbləğində müəyyən edilsin. Qətnamə – «İddiaçı QSC və Cavabdeh1 arasında bağlanılmış 03.09.2019-cu il tarixli kredit razılaşmasına xitam verilsin, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 4731,9 manat əsas borc, 1183,99 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu tutulsun və iddia qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar