Məhkəmə qərarları › İş №2(105)-2846/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2846/2020

30.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2846/2020 30.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Həmidova (Hüseyinova) Gülnar Bəhram qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1619\2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən tərəflərin verdikləri apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1619\2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsiiləiddia tələbi qismən təmin edilmiş, həmin məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(067)-1057/2012 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 110 manat sabit pul məbləğində alimentin alınaraq Həmidova (Hüseyinova) Gülnar Bəhram qızına verilməsi qət edilmişdir.(hakim A.Sadıqov) Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1619/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindənHəmidova (Hüseyinova) Gülnar Bəhram qızı apelyasiya şikayəti verərək ləğv edilməsini, iddianı tam təmin edən yeni qətnamə qəbul edilməsini, Cavabdeh da apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Həmidova (Hüseyinova) Gülnar Bəhram qızı məhkəmədə iddia qaldıraraq birgə nikahdan doğulmuş uşaqları xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulan alimentin məbləğinin artırılması, cavabdehdən hər ay 164 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Həmidova (Hüseyinova) Gülnar Bəhram qızı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay uşaqların saxlanması üçün onun xeyrinə bir uşağa 60 manat olmaqla, cəmi 180 manat alimentin tutulması qət edilmişdir. Uşaqların bütün qayğı və ehtiyacını o çəkir. Böyüdükcə uşaqlarda maddi ehtiyac və tələbat artsa da, cavabdeh ona və uşaqlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək onun üçün çətindir. Cavabdeh X5 şəxsi istifadəsində olan avtomobillə taksi fəaliyyəti ilə məşğuldur və onun aylıq gəliri təqribən 1000-1200 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin edilməli, alimentin məbləği artırılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı Həmidova (Hüseyinova) Gülnar Bəhram qızı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qət edilən alimentin məbləği “Yaşayış minimumu haqqında” AR Qanununun tələblərinə ziddir. Birgə nikahdan doğulmuş hər 3 uşaq üçün hər ay 170 manat aliment müəyyən edilməlidir, lakin məhkəmə mübahisə üzrə nəticəyə gələrkən səhvə yol vermişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməlidir. İş üzrə Cavabdeh qətnamədən verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəyə baxan məhkəmə alimentin məbləğini müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, o, “xxxx” MMC-də satıcı işləyir və ayda 300 manat əmək haqqı alır. Bundan başqa gəlir yeri, əmlakı yoxdur. Özü ağ ciyər pnevmaniyası xəstəsidir və daimi müalicədədir. Maddi vəziyyəti ağırdır, göz xəstəsi atası, habelə anası da onun himayəsindədirlər. Aldığı 300 manat məvaciblə ailəsini güclə dolandırır. Qət edilən 330 manat alimenti ödəmək iqtidarında deyildir. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməlidir. Apelyasiya baxışı zamanı Cavabdeh öz şikayətini müdafiə etdi, qarçı tərəfin şikayətinə isə etiraz etdi. Cavabdeh bildirdi ki, uşaqlara baxılması üçün hər ay iddiaçıya 260 manat pul ödəyir, bu məbləğ onun üçün məqbuldur. Əvvəllər aliment borcu yığıldığı üçün həbs olunmuşdu, 4-5 ay olar ki, azadlığa çıxıb. Ayda 330 manatı ödəməyə heç cür imkan edə bilməyəcək. Cavabdeh sonda apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı Həmidova (Hüseyinova) Gülnar Bəhram qızı məhkəmə kollegiyasının iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı teleqramla məhkəmə kollegiyasına müraciət edərək xəstə olması səbəbindən gələ bilmədiyini göstərmiş, bunun nəzərə alınmasını, şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı ildə X5, xx.xx.2008-ci ildə X7 və xx.xx.2009-cu ildə X6 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)- 1057/2012 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh xx xxxx 2012-ci ildən başlayaraq hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Yenə işdə olan xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx xxxxx 2020-ci il tarixdən “xxxx” MMC-nin “Aysberq” mağazasında satıcı işləyir və aylıq əmək haqqı 300 manat təşkil edir. Yenə işdə olan tibbi sənəddən görünür ki, Cavabdeh ambulator müayinə olunmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini və tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, hər iki apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1619\2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Həmidova (Hüseyinova) Gülnar Bəhram qızı ilə Cavabdeh rəsmi nikah münasibətlərindən xx.xx.2006cı il tarixdə Nizami, xx.xx.2008-ci il tarixdə Erkin və xx.xx.2009-cu il tarixdə Nigar adlı uşaqlar anadan olmuşlar. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)- 1057/2012 saylı qətnaməsi ilə bu uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh xx xxxx 2012-ci ildən başlayaraq hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq Həmidova (Hüseyinova) Gülnar Bəhram qızına verilməsi qət edilmişdir. Hazırda Həmidova (Hüseyinova) Gülnar Bəhram qızı yenidən məhkəməyə müraciət edərək, təyin edilmiş cəmi 180 manat alimentin məbləğinin ümumilikdə 492 manatadək artırılmasını xahiş edir. Onun tələbi qismən təmin edilmiş, alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat müəyyən edilmişdir. Lakin tərəflər bunula razılaşmırlar. Belə ki, iddiaçı iddianın tam təmin edilməsində, cavabdeh isə iddianın rədd edilməsində israrlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh isə rəsmi işləməsini və ayda 300 manat əmək haqqı almasını əsas gətirərək alimentin əvvəlki miqdarda saxlanılmasını xahiş edir. Lakin bu hal azyaşlılar Nizami, Erkin və Nigarın 2012-ci il tarixli qətnamə ilə təyin edilmiş cəmi 180 manat miqdarında alimentin məbləğinin dəyişilməz qalması üçün əsas ola bilməz. Qüvvədə olan ailə qanunvericiliyinə əsasən uşaqların saxlanılması üçün tələb olunan pul məbləğinin (yaşayış minimumu) təkcə bir valideynin üzərinə qoyulması düzgün hesab olunmur. Bir uşağın ay ərzində qida, geyim, təhsil və digər ehtiyaclarının ödənilməsində ona ağlabatan miqdarda maddi yardım göstərməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Həmidova (Hüseyinova) Gülnar Bəhram qızı, Cavabdeh tələb edilən cəmi 492 manat alimenti ödəmək imkanının olması barədə, cavabdeh isə öz növbəsində iddianın rədd edilməsinə dair məhkəməyə mötəbər sübut növü təqdim etmədiklərindən, tələbin ümumilikdə 330 manat həcmində təmin edilməsi qanuni və əsaslıdır. Buna görə də, aliment məbləği barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətlərinin isə təmin edilməməsi üçün əsasdır. Yenə həmin Məcəllənin 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Tərəflərin verdikləri apelyasiya şikayətləritəmin edilməsin. Hazırki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1619\2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 10,40 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar