Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2850/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1581/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1581/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 100.000 (yüz min) ABŞ dolları məbləğində pulun qətnamə icra olunan vaxtın ödəniş gününə olan ödəniş günün ə olan Azərbaycan manatı məzənnəsinə uyğun manatla və dövlət rüsumu üçün ödənilən 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim C.İ.Səfiyeva). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100 000 ABŞ dolları pulun ödəniş gününə olan Azərbaycan manatı ilə olan məzənnəsi ilə və dövlət rüsumu üçün ödənilən 30 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, Abşeron Rayon Məhkəməsi hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməli, Cavabdeh, 100.000 (yüz min) ABŞ dolları məbləğində pul qətnamə icra olunan vaxtın ödəniş gününə olan Azərbaycan manatı məzənnəsinə uyğun manatla və dövlət rüsumu üçün ödənilən 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Lakin işin əsli ondan ibarətdir ki, Qazaxıstan Respublikasında biznes qurmağı və inkşaf etdirmək istəyi ilə bağlı olaraq İddiaçı borc pul istəmişdir. Bununla əlaqadar olaraq iddiaçı ilə birlikdə 1 saylı ASAN Xidmətə yaxınlaşıb ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsini ipoteka ilə yüklü etmiş və 09 oktyabr 2019cu il tarixdə notariat qaydada bağlanmış kredit müqaviləsinə əsasən 68.000 manat İddiaçı tərəfindən onun hesabına yerləşdirilmişdir. Lakin yerləşdirilən məbləğ elə həmin vaxt geri götürülmüş, 17.000 manat iddiaçı tərəfindən mənimsənilmiş və bank tərəfindən də tutulan komissiyadan sonra ona 48.500 manat məbləğ tam olaraq çatmışdır. Sözü gedən hadisədən bir müddət sonra iş ilə əlaqədar olaraq təcili pul lazım olduğundan o, yenidən İddiaçı müraciət etmişdir. O isə lazım olan məbləği verə biləcəyini demiş və Nərimanov rayonu ərazisində görüşmüşlər. Həmin tarixdə 1 saylı Notarius işləmədiyindən İddiaçı ona 100.000 dollar məbləğində pul verdiyinə dair qəbz imzalatmış, qarşılığında sadəcə 35.000 manat məbləğdə pul vermişdir. İddiaçı Notarius orqanının fəaliyyəti bərpa olunduqdan sonra müqavilənin rəsmiləşdiriləcəyini, ona 100.000 dollar məbləğində pul verildiyinə dair qəbzin ləğv ediləcəyini və ona verilən əsl məbləğin, yəni 35.000 manatın ipotekanın üzərinə əlavə olunacağını qeyd etmişdir. Bu hadisədən bir müddət sonra İddiaçı zəng edərək 100.000 dollar borca dair qəbzi ləğv etməyi və notariat orqanında yenidən borc müqaviləsi bağlamağı təklif etdi. Onlar razılaşaraq 14 saylı Notariusa getmiş və aralarında 58.000 manat məbləğində yeni borc müqaviləsi bağlandı. İddiaçı niyə aldığından daha yüksək miqdar qeyd olunmasının səbəbini soruşanda isə iddaçı ona cavab olaraq işlərin gecikməsi səbəbi ilə borcu gec ödədiyini və faizləri rahat hesablaya bilməsi üçün artıq məbləğ qeyd olunduğunu bildirmişdir. Bağlanan müqaviləyə görə tərəfindən iddiaçıya aylıq 2.000 dollar faiz ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı kassaya yaxınlaşaraq özü ilə gətirdiyi pulu onun adına hesaba qoyduqdan sonra yenidən çıxardı və o puldan ona ümumiyyətlə heç bir məbləğ verilmədi. Oradan çıxanda əvvəlcədən razılaşdıqları qaydada guya ona verilən 100.000 dollar məbləğində qəbzi ləğv etməyi təklif etsə də İddiaçı məhəl qoymayaraq şəxsiyyət vəsiqəsini belə ona qaytarmadan getmişdir. Bu zaman İddiaçı ilə onu tanış edən İradə xanım yanında idi və narahat olmamağı, onun əsəbləşdiyi üçün belə etdiyini, 100.000 dollarla bağlı gələcəkdə heç bir problem yaranmayacağını qeyd etmişdir. Hadisədən bir müddət sonra yenidən Qazaxıstan Respublikasına iş ilə əlaqədar pul göndərmək zərurəti yaranmış və bu zaman ona məxsus qızılları İddiaçı girov qoyaraq 9.000 manat məbləğdə pul götürmüşdür. Bir neçə gün sonra İddiaçı atasının xəstə olduğunu və ona təcili pul lazım olduğunu qeyd edərək pul istəsə də o, ödəyə bilməyəcəyini qeyd etmişdir. Bu səbəbdən ona məxsus olan qızılları lombarda qoyaraq, oradan əldə etdiyi 3200 manat pul vəsaitini İddiaçı verib. Bu zaman İradə xanım da yanında hadisəyə şahid olmuşdur. Bildirir ki, əsas məqam ondan ibarətdir ki, o, İddiaçı pul almadığını və ya ona borcu olmadığını iddia etmir, lakin qəbzdə qeyd olunan 100.000 dollar və 14 saylı Notariusda bağlanan müqavilə ilə qeyd olunan 58.000 manat məbləğlər ümumiyyətlə ona çatmamışdır. Zərurət yarandığı halda məhkəmənin təşəbbüsü ilə 14 saylı Notariusun kamera görüntüləri vasitəsilə iddiaçının qeyd edilən hərəkətlərinin aşkar olunması mümkündür. Digər tərəfdən yuxarıda vurğuladığı bütün hallarda İradə xanım da yanınızda olaraq hadisələrə şahidlik etmişdir. Qeyd edir ki, digər bütün məbləğlərin Notariat orqanında rəsmi borc müqaviləsi ilə verildiği halda, 100.000 dollar məbləğində böyük vəsaitin heç bir hüquqi sənəd və təminat olmadan sadəcə tərəflərin imzası olan sadə qəbzlə digər şəxsə borc verməsi ağılasığan deyildir. Ona görə də Abşeron Rayon Məhkəməsinin 2(012)-1581/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh Abdullayev X1 Respublikasında olan biznesini inkişaf etdirmək məqsədilə İddiaçı borc pul istəmiş, sonuncu isə 09 oktyabr 2019-cu il tarixdə notariat qaydada bağlanmış kredit müqaviləsinə əsasən 68.000 manat məbləğində pulu ona 09 fevral 2020-ci il tarixədək qaytarmaq şərtilə borc vermişdir. Eləcə də aralarında bağlanan ipoteka müqaviləsinə görə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi də ipoteka ilə yüklü edilmişdir. Qısa müddət sonra cavabdeh yenə iddiaçıdan borc pul istəmiş və notariat orqanına getməyi vaxt itkisi hesab edərək qəbz imzalamaqla ondan 100.000 ABŞ dolları borc pul almışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməyərək bu dəfə yenə də iddiaçıdan borc pul istəyərək verməyəcəyi təqdirdə köhnə borclarını da ödəyə bilməyəcəyini qeyd etmişdir. Bu dəfə isə notariat orqanında 12 yanvar 2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 13 fevral 2020-ci il tarixədək qaytarmaq şərtilə 58.000 manat məbləğində borc pul vermişdir. Cavabdeh bu dəfə də üzərinə düşən öhdəliyin icrasından yayındığından iddiaçı 1-ci və 3-cü dəfə bağladığı müqavilələr üçün notariat orqanına müraciət etmiş və cavabdehdən pulların geri alınması üçün müvafiq icra qeydləri icra və probasiya şöbəsində göndərilmişdir. Hazırda da iddiaçı 2-ci dəfə verdiyi borc pulun, yəni 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə olan Azərbaycan manatı ilə olan məzənnəsi ilə cavabdehdən onun xeyrinə tutulması üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-1581/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1581/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarında olan 17.10.2019-cu il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh İddiaçı 17.10.2019-cu il tarixdə 100.000 ABŞ dolları borc pul almış və 30.11.2019-cu il tarixdə borcunu qaytaracağını öhdəsinə götürmüşdür. Müəyyən edilmişir ki, cavabdeh iddiaçıdan bir neçə dəfə borca pul götürmüş, müəyyən məbləğlər qaytarmışdır. İş materiallarında olan 17.10.2019-cu il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh İddiaçı 17.10.2019-cu il tarixdə 100.000 ABŞ dolları borc pul almış və 30.11.2019-cu il tarixdə borcunu qaytaracağını öhdəsinə götürmüşdür. Həmin qəbzin cavabdeh tərəfindən tərtib olunduğu və imzalandığı cavabdehin birinci instansiya məhkəməsində özünün izahatı ilə də təsdiq olunmuşdur. Lakin, cavabdeh qəbzdə qeyd edilən borc məbləğinin formal olaraq qeyd edildiyini bildirsə də bu barədə, eləcə də həmin qəbz üzrə borcunu ödəməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 100.000 (yüz min) ABŞ dolları məbləğində pul qətnamə icra olunan vaxtın ödəniş gününə olan Azərbaycan manatı məzənnəsinə uyğun manatla və dövlət rüsumu üçün ödənilən 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməliidir. Göründüyü kimi, cavabdehin iddiaçıya borclu olması iş materiallarında olan qəbzlə müəyyən edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini iş materiallarında olan qəbzlə sübuta yetirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmişdir. Bununla da apellyasiya şikayətində qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddia tələbi təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1581/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1581/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2850/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2850/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver