Məhkəmə qərarları › İş №2(105)-2854/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2854/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2854/2020 23.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5068/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra, iddiaçı iddianı təmin etmək tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus 2004-cü il buraxılışlı, ban XTA**********8395 olan, qar kraliçası rəngli, **-DE-*** dövlət qeydiyyat nişanlı, VAZ 21103 minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və cərimə meydançasına yerləşdirilməsi barədə müvafiq qərar qəbul edilməsini, həmin qərardadın icrasının AR DİN BDYPİ-nə həvalə edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5068/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.(hakim Almaz Süleymanova) Qərardaddan narazı qalan İddiaçı ASC şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5068/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı şikayət ərizəsini onunla əsaslandırmışdır ki,məhkəmənin qərarı əsassızdır. Belə ki, həbsin qoyulması gələcəkdə icra tədbirlərinin görülə bilməsi üçün Cavabdeh məxsus **-DE-*** dövlət qeydiyyat nişanlı, VAZ 21103 minik markalı nəqliyyat vasitəsinin bilərəkdən özgəninkiləşdirilməsinin qarşısını alacaqdır. X1 Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilərək, Cavabdeh məxsus 2004-cü il buraxılışlı, ban XTA**********8395 olan, qar kraliçası rəngli, **-DE-*** dövlət qeydiyyat nişanlı, VAZ 21103 minik markalı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması və cərimə meydançasına yerləşdirilməsi barədə müvafiq qərar qəbul edilməsini, həmin qərardadın icrasını Azərbaycan Respublikası DİN BDYPİ-nə həvalə edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5068/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Yenə həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki Prosessual Məcəllənin 158.1.1-ci və 158.1.3-cü maddələrinə görə iddianı təmin tədbiri kimi məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Qeyd olunan qanunvericilik normalarının tələbindən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, əmlak üzərinə o halda həbs qoyula bilər ki, bu bilavasitə iddia tələbi üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının təmin edilməsinə yönəlsin. İşdən görünür ki, hazırki iş üzrə mübahisə pul tələbinə dairdir və **-DE-*** dövlət qeyediyyta nişanlı, VAZ 21103 minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasının heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddianın təminetmə tədbirinin tətbiq edilməsində məqsədi işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaqdan ibarətdir. İş materiallarından görünür ki, iddia tələbini cavabdehdən pul alınması təşkil edir. İddianın təmin tədbiri barədə ərizədə isə iddia predmetinə aid olmayan cavabdehin adına olan daşınar əmlak üzərinə həbs qoyulması barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, iddianın predmeti pul tələbidir, həmin tələblə əlaqədar olmayan əmlak üzərinə iddianın təmin tədbiri kimi həbs qoyulması yolverilməzdir. İddianın predmeti ilə əlaqəli olmayan əmlak üzərinə həbs qoyulması qətnamənin gələcəkdə icrasına təminat yaradan tədbir kimi qəbul edilə bilməz. Çünki hazırki iş üzrə pul alınması barədə iddia tələbi təmin ediləcəyi halda, cavabdehdən üzərinə həbs qoyulan avtomobil deyil, pul vəsaiti alınacaq və həmin vəsaitin cavabdeh tərəfindən ödənilməyəcəyi barədə dəlillər isə iddiaçının ehtimallarına əsaslanır. Buna görə də pul vəsaitinin alınması ilə bağlı belə tədbir cavabdeh qətnaməni könüllü şəkildə icra etməyəcəyi halda, yalnız “İcra haqqında” Qanuna uyğun olaraq məhkəmə qətnaməsinin icrası qaydasında, icra məmurunun təqdimatı ilə görülə bilər. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İş üzrə İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5068/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar