Məhkəmə qərarları › İş №2(105)-2858/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2858/2021

26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2858/2021 26.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1180/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-1180/2021 saylı 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4485 manat məbləğində pul alınaraq, İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-1180/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 4485 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmır, hesab edir ki, bu qətnamə qəbul edilərkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli olan hallar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, iddiaçıya məxsus avtomaşına iddia ərizəsində tələb olunan miqdarda ziyan dəyməmişdir. Zərərin miqdarı "xxxx" MMC-nin 24 iyul 2019-cu il tarixli, 1553 saylı ziyan aktına əsasən hesablanmışdır. Həmin ziyan aktının mötəbər sübut növü kimi qəbul edilməsi düzgün sayıla bilməz, çünki bu akt subyektiv xarakter daşıyır. Həmçinin dəymiş zərər də İddiaçı avtomaşını yüksək sürətlə idarəetməsi nəticəsində yol kənarındakı reklam lövhəsinə çırpılması nəticəsində meydana gəlmişdir. Ona görə də avtomobilə dəymiş ziyana görə onun tərəfindən İddiaçı qətnamədə ödənilməsi qət edilən məbləğdə, yəni 4485 manat məbləğində zərərin vurulması nəticəsi əsassızdır. Eyni zamanda bildirir ki, məhkəmə iclasları barədə bildirişlər ona vaxtında təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə prosesində iştirak etməkdən məhrum olmuşdur, iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə təqdim edə bilməmişdir. Onu da qeyd edir ki, birinci qrup əlildir, əlilliyi hərbi xidmət borcunu yerinə yetirərkən olmuşdur, daimi kənar qulluğa ehtiyacı vardır. Bu xüsusatlar məhkəmə proseslərində nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1180/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1180/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-1180/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 1(027)-14/2020 saylı, 16.06.2020-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və təqsirləndirilən şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Bundan başqa həmin hökmdə İddiaçı sahibliyində olan “Mercedes-Benz280.C” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4485 (dörd min dörd yüz səksən beş) manat maddi ziyan dəydiyi qeyd edilmişdir. Yəni iddiaçıya həmin məbləğdə ziyan dəyməsi sübuta yetirlmişdir. Müəyyən edilmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh barəsində cinayət işi üzrə qəbul edilmiş hökmlə müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh təqsiri səbəbindən zərərçəkmiş şəxs İddiaçı avtomobilinə ümumilikdə 4485 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 4485 manat məbləğində maddi ziyan vurması qanuni qüvvəyə minmiş Quba Rayon Məhkəməsinin 1(027)-14/2020 saylı, 16.06.2020-ci il tarixli hökmü ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Eləcə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hallarına uyğundur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində ondan tutulacaq məbləğin, yəni maşına dəymiş zərərin məbləğinin qətnamədə düzgün qeyd olunmadığını, yəni yüksək olduğunu qeyd etsə də buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Bundan başqa onun bu dəlili iş materialları ilə, o cümlədən iş materiallarında olan hökmlə təkzib olunur. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-1180/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-1180/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar