Məhkəmə qərarları › İş №2(105)-2867/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2867/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2867/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(074)-563/2021 saylı qərardadından iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi A.M.Əmirovun verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(074)-563/2021 saylı qərardadı ilə (hakim N.Ə.İsmayılov) iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işin icraatına Cavabdeh öldüyü üçün xitam verilmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi A.M.Əmirov şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(074)-563/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(074)-563/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 190,44 manat əsas borc, 421,04 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32,43 manat faiz borcu olmaqla, ümumilikdə 643,91 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qatnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi A.M.Əmirov verdiyi şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi 26 may 2021-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 558, 472.1, 1151, 1153, 1306-cı maddələrinin və Azərbaycan Respublikası MPM-nin 58, 254.1.1, 261.0.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, "xxxx" ASC və Cavabdeh arasında kredit müqaviləsi mövcuddur, həmin kredit borcu üzrə öhdəlik cavabdeh tərəfindən icra edilmədiyindən və mübahisə hüquq varsiliyinə yol verdiyindən iddia tələbi üzrə icraata xitam verilə bilməz. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, bununla da Cavabdeh iş üzrə cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iş üzrə icraata xitam verilməli və iddiaçıya Cavabdeh vərəsələri olduğu təqdirdə, onun vərəsələrini müəyyən etməli, daha sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 979258 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 24.12.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.01.2019-cu il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırki iddia ərizəsi ilə 13.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə müraciət etməmişdən əvvəl, yəni 24.12.2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işin icraatına Cavabdeh öldüyü üçün xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi A.M.Əmirovun verdiyi şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(074)-563/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar