Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2868/2020 26.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2680/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2680/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək birgə nikahlarından olan uşaqları xx.xx.2007-ci il təvəllüdlü Nuray Əzizovanın, xx.xx.2010-cu il təvəllüdlü Aytac Əzizlinin və xx.xx.2012-ci il təvəllüdlü Aydan Əzizlinin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulmasının hesablanması qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək birgə nikahlarından olan uşaqları xx.xx.2007-ci il təvəllüdlü Nuray Əzizovanın, xx.xx.2010-cu il təvəllüdlü Aytac Əzizlinin və xx.xx.2012-ci il təvəllüdlü Aydan Əzizlinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ona verilməli olan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və hüquqi yardım üçün ödənilmiş 200 manatın Cavabdeh alınaraq ona qaytarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə rəsmi nikah bağlanmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında olan xx.xx.2006-cı il tarixli nikaha xitam verilmiş, birgə nikahlarından olan Nuray Əzizova, Aytac Əzizli və Aydan Əzizli onun yanında saxlanılmış, hər ay hər uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 330 manat aliment müəyyən edilmiş, alimentin tutulmasının əvvəlinin xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş aliment uşaqların saxlanılması üçün kifayət etmir, bunu dəfələrlə cavabdehə bildirmişdir. Cavabdeh alimenti könüllü surətdə artıracağını bildirmiş, lakin daha sonra artırmamışdır. Buna görə də o, himayəsində olan 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, uşaqlar böyüdükcə tələbatları kifayət qədər artmaqdadır, o, 3 uşağın maddi tələbatını ödəməyə çətinlik çəkir. Uşaqların hər biri bu il sentyabr ayında yenidən məktəbə başlayacaqlar, təhsili ilə əlaqədar uşaqların xərcləri mütəmadi olaraq artır. Lakin buna baxmayaraq cavabdeh uşaqların saxlanılması üçün az miqdarda aliment ödəyir. O, məhkəmədə hüquqlarını təmsil və müdafiə etmək üçün vəkillə 200 manat dəyərində müqavilə bağlamışdır. Cavabdeh onu məhkəməyə müraciət etmək məcburiyyətində qoyduğu üçün hüquqi xidmətə görə 200 manat cavabdehdən tutulmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, ölkədə uşaqlar üçün yaşayış minimumu 170 manat olduğu halda, qətnamə ilə onun uşaqlarının hər birinə 130 manat aliment müəyyən edilmişdir. Bu, qanuna uyğun deyildir. Onun uşaqları məktəbə gedir, həmçinin kirəyə evdə qalırlar, 390 manatla qız uşaqlarını dolandıra bilməz. Cavabdeh banklara borcu olduğunu, başqa uşağa baxdığını bildirir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin uşaqların saxlanması üçün alimentin miqdarına aid hissədə dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, ikinci dəfə nikaha daxil olmuş və ikinci həyat yoldaşının əvvəlki evliliyindən uşağı vardır, həmin uşağa da o baxır. O, Heydər Əliyev adına Neft emalı zavodunda izolyasiyaçı işləyir və 625 manat əmək haqqı alır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin alimentin miqdarına aid hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə, X6 xx.xx.2010-cu il tarixdə və X7 xx.xx.2012-ci il tarixdə anadan olmuşlar, ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarına əlavə olunmuş Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-481/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Əzizova (İbrahimxəlilova) Günay Rasim qızı ilə Cavabdeh arasında xx xxxxxx 2006-cı il tarixdə Şəki şəhər İHB-nin Orta Zəyzid kəndindəki nümayəndəliyində bağlanmış 14 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları Əzizova (İbrahimxəlilova) Günay Rasim qızının yanında saxlanılması, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 330 manat alimentin tutularaq Əzizova (İbrahimxəlilova) Günay Rasim qızına verilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddanın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın ləğv edilməsi xx xxx 2019-cu il tarixdə Şəki rayon qeydiyyat şöbəsində 77 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Heydər Əliyev adına Neft emalı zavodunun xx.xx.2020-ci il tarixli, 86 saylı arayışından görünür ki, Cavabdeh həqiqətən həmin zavodda izolyasiyaçı işləyir və orta aylıq əmək haqqı 803,46 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarına aid hissədə qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflərin nikahlarından xx.xx.2007-ci il tarixdə X4, xx.xx.2010cu il tarixdə X6 və xx.xx.2012-ci il tarixdə X7 anadan olmuşlar. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-481/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 330 manat alimentin tutularaq Əzizova (İbrahimxəlilova) Günay Rasim qızına verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qəbul edildikdən 1 il 2 ay sonra İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2019-cu ildə yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmiş və 2019-cu ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan heç də əhəmiyyətli dərəcədə artmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işləməməsi, onu uşaqları saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın qalan hissəsini ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Bundan başqa, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Cavabdeh 2019-cu ildən bu günə kimi ailə və ya maddi vəziyyətində əsaslı dəyişiklik olması iş materiallarından görünmür. Həmçinin Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qəbul edilərkən və hazırda da cavabdeh Əzizov X5 Əliyev adına Neft emalı zavodunda işləyir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2680/2020 saylı qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2868/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2868/2020
26.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver