Məhkəmə qərarları › İş №2(105)-2869/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2869/2021

19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2869/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı və Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(012)- 1552/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(012)-1552/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh «Nissan Sanny» markalı, **-CB-*** DQN dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə və əlavə xərcə görə 9776,5 manat məbləğində maddi ziyan, 200 manat mənəvi ziyan və məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun yarısı -15 manatcəmi 9991,5 manat vəsaitin İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Şövkət Nəcəfova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli, 2(012)-1552/2018 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeha qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh «Nissan Sanny» markalı, ** CB *** nömrə nişanlı avtomaşına vurulan ziyanın əvəzində 16724,50 manat maddi zərər, 10000 manat mənəvi zərər, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 26.754 manat 50 qəpik pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ümayəndəsi X1 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh təqsiri nəticəsində ona 16.724 manat 50 qəpik məbləğində birbaşa maddi zərər vurulmuşdur. Bundan başqa iddia ərizəsində əsaslandırdığı kimi ona 10.000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Daha sonra onun tərəfindən 30 manat dvlət rüsumu ödənilmişir. Odur ki, iddia tələbi kimi o, Cavabdeh onun xeyriə ümumilikdə 26.754 manat 50 qəpik pulun tutulmasıı xahiş etmişdir. Lakin iddia ərizəsinə məhkəmədə baxılan müddət ərzində avtomobilinin əzilməsi nəticəsidə dəymiş maddi zərərlə bağlı «Qala» sığorta şirkəti tərəfidən ona 5000 manat pul ödənilmişdir. Ona görə də iddia tələbinin 5000 manat məbləğində azaldılaraq cavabdeh Əvəzov RövşN Asəf oğlundan onun xeyrinə ümumilikdə 21.754 manat 50 qəpik pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirirdi ki, qətnamə ilə razı deyil, hesab edir ki, maddi və prosessual normaların tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, məhkəmə qətnaməsində məhkəmə iclas vaxtının və yerinin barəsində cavabdehə məlumat verildiyini qeyd etsə də, bununla bağlı cavabdeh yalnız qətnamə icraya yönəldildikdə məlumat almışdır ki, bu da öz növbəsində onun məhkəmə çəkişməsi zamanı birinci instansiya məhkəməsində iş üzrə sübutları təqdim etməyə və vəsatətlər verməyə dair hüquqları məhdudlaşdırılmışdır. Qeyd olunan mülki iş üzrə məhkəməyə “Nurgün Motors MMC“tərəfindən verilmiş 26.12.2017-ci il tarixli, NL-1292 saylı qüsur aktından görünür ki, şirkətin Servis mərkəzinin ekspertləri tərəfindən keçirilmiş baxış nəticəsində cavabdehin təqsiri üzündən baş vermiş yolnəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Nissan Sunny” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşına 16.350 manat məbləğində maddi zərər vurulmuşdur. İş materiallarına əlavə edilmiş 10.05.2018-ci il tarixli ekspert rəyindən görünür ki, “Nissan Sunny” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşına dəyən zərərin məbləği 14402.00 manatdır. İstər qüsur aktı, istərsə də ekspert rəyi ilə müəyyən edilmiş zərərin məbləği ilə razı deyil. Lakin məhkəmə proseslərində iştirak etmədiyindən cavabdeh bu barədə müvafiq sübutlar təqdim etmək və vəsatətlər vermək imkanından məhrum olmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi ilə gəlmiş olduğu nəticə səhvdir. Qəzaya düşmüş “Nissan Sunny” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşının hazırki, 2018-ci il modelinin qiyməti rəsmi distrübutorda 18.000 manatdır. Bu qiymət hadisə baş verən anda da eyni olmuşdur. Lakin qəzaya uğramış avtomaşın 2012-ci il istehsalıdır ki, həmin vaxtı qeyd olunan markanın həmin ildən olan ikinci əl modelinin qiyməti vəziyyətindən asılı olaraq 11.000-13.000 manat arası dəyişmişdir. “Nurgün Motors MMC” tərəfindən verilmiş 26.12.2017-ci il tarixli, NL-1292 saylı qüsur aktından belə nəticəyə gəlmək olar ki, avtomaşın ümumiyyətlə məhv olmuşdur, çünki, həmin aktla təyin edilmiş 16.350 manat məbləğ, yeni avtomobilin qiymətindən cəmi 2000 manat fərqlənmişdir. 10.05.2018-ci il tarixli ekspert rəyində qeyd olunan 14402.00 manat məbləğ isə 2017-ci il eyni model avtomoblin qiymətindən 3500 manat fərq edir ki, bu da absurd rəqəmlərdir. Belə ki, hadisə zamanı qəzaya uğramış “Nissan Sunny” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşının şəkillərinə baxdıqda avtomobilin qarşı sol tərəfinin yararsız hala düşməsi müəyyən olunur. Bundan başqa həmin avtomobilin arxa hissəsi artıq hadisə baş verən ana qədər qəzalı olmuşdur. Avtomaşının qarşı sol tərəfindən başqa digər hissələri sağlam vəziyyətdə olmuşdur. Buna görə də hesab edir ki, şəkillər əsasında başqa avtomobil təmiri müəssisələrindən qüsur aktı alınmalı və təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib keçirilməli, real zərər müəyyən edilməlidir. Belə ki, əvvəlki qiymətləndirmədə nə avtomaşının amortizasiyası, nə də ki, real bazar dəyəri nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətini təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(012)- 1552/2018 saylı qətnaməsinin ləğv edilməsini, mübahisələndirilən hissədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(012)- 1552/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətindən görünür ki, apelyant maşına dəymiş zərərin müəyyən edilmiş məbləğindən narazıdır və həmin hissəsini mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddipaçının və cavabdehin vəkil-nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilmişdir ki, Abşeron rayon prokurorluğunun 14.12.20-17-ci il tarixdli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Cavabdeh AR İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, ona 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 26 dekabr 2017-ci il tarixli, NL-1292 saylı Qüsur aktından görünür ki, şirkətin Servis mərkəzinin ekspertləri tərəfindən keçirilmiş baxış nəticəsində Cavabdeh təqsirindən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Nissan Sunny” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 16.350 manat məbləğində maddi zərər vurulmuşdur. İş üzrə keçirilmiş 10 may 2018-ci il tarixli rəyindən görünür ki, “Nissan Sunny” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin məbləği 14402,00 manatdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, 29 dekabr 2017-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 5000 manat sığorta haqqı almışdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riyaət etməli, bu Qanunun təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə “Nissan Sunny” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin məbləğinin 14402,00 manat, digər xərclərə görə 374,5 manat müəyyən edilməsini, həmin məbləğdən 5000 manat sığorta haqqını çıxılmaqla Cavabdeh “Nissan Sunny” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə 9776,5 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdehin təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəymiş və həmin zərərin məbləği iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir. Bundan başqa cavabdeh törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Eləcə də iddiaçıya 5000 manat sığorta ödənişi edidlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Apellyasiya şikayətində cavabdeh qətnamənin zərərin məbələği hissəsi ilə razı olmadığını bildirmiş, lakin buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdehin dəlillərinə isə qətnamədə araşdırılaraq hüquqi qiymət verilmişdir. Belə ki, cavabdeh dəymiş ziyanın məbləğini mübahisələndirsə də buna dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ziyanın məbləği isə iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10.05.2018-ci il tarixli rəyinin əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(012)-1552/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh oğdlunun apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar