Məhkəmə qərarları › İş №2(105)-2873/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2873/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2873/2020 11.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2265/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2265/2020 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh1 2475 (iki min dörd yüz yetmiş beş) manat borcun tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin Cavabdeh2 aid hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2265/2020 saylı qətnaməsinin ləğv edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada borcun məbləği olan 3725 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin aprel ayından 2018-ci ilin avqust ayına qədər olan müddət ərzində Abşeron rayonu, Qobu qəsəbəsində tikinti materiallarının satışı ilə məşğul olurmuş. 2018-ci ilin aprel ayında mağazanın bir hisssəsini hər ayı 100 manat məbləğinə Cavabdeh1 icarəyə vermişdir. Hətta aralarında icarə müqaviləsi də bağlanmışdır, 2018-ci ilin avqust ayında onun mağazası bağlanan zaman mağazada olan dəmir materialları hesablayıb işlətməsi üçün Cavabdeh1 vermişdir. Nəsrulla isə istifadə etdikcə dəmir materiallarının pulunu ona ödəyəcəyini söz verməklə ona 3625 manat məbləğində pul ödəyəcəyini öhdəsinə götürmüşdür. Nəsrulla oğlu Elşən ilə birlikdə 2019cu ilin oktyabr ayına qədər mağazanı dəmirçi sexi kimi işlətmişdir. Lakin həmin vaxtdan sonra Nəsrulla ona dəmirlərlə bağlı heç bir ödəniş etməmişdir. Hər dəfə o, pulu tələb etdikdə cavabdeh Nəsrulla müxtəlif bəhanələr gətirərək ona ödəyəcəyini demişdir. O da cavabdehə inanmış və gözləməyə məcbur olmuşdur. Lakin o, məcbur qalıb 2019-cu ilin oktyabr ayında Cavabdeh1 mağazadan çıxartmışdır. Nəsrulla əvvəllər borcunu ödəyəcəyini bildirsə də son vaxtlar ümumiyyətlə ona pul verməyəcəyini söyləmişdir. Hətta o, cavabdehə zəng edib borcu tələb etdikdə cavabdeh onun telefonlarına cavab verməmişdir. Təxminən 2-3 ay əvvəl Nəsrulla ilə yeni işlətdiyi Qobu qəsəbəsində yerləşən sexində görüşən zaman o, Nəsrulladan borcunu ödəməsini tələb etmiş, Nəsrulla yenə də ona pul ödəməyəcəyini, bir daha pul tələb edəcəyi halda onu öldürəcəyini deməklə hədələmişdir. O da məcbur qalıb Nəsrullanın ona qarşı qanunsuz hərəkətlərinə görə Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun şikayət ərizəsi Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X3 icraatına verilmiş və polis mayoru tərəfindən həm onun, həm də Cavabdeh1 izahatı alınmışdır. O, izahatını yuxarıda qeyd etdiyi kimi vermiş və borc pulunun cavabdehlərdən alınıb ona verilməsini xahiş etmişdir. İzahatı alınmış Cavabdeh1 onun izahatına tam uyğun şəkildə izahat verərək borcu etiraf etmiş və ona olan borcunu 2020-ci ilin mart ayının sonuna qədər tam şəkildə ödəyəcəyinə söz vermişdir. Cavabdehin ona 3625 manat borcu vardır, həmin məbləğdən 300 manatı cavabdehin 3 ay ödəmədiyi icarə, qalanı da dəmirlərə görə olan borcdur. Sonuncu ay üçün də 100 manat borcun olduğunu hesabladıqda ümumilikdə cavabdehin ona 3725 manat borcu vardır. Onun və Cavabdeh1 izahatı alındıqdan sonra Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bütün bunlardan əlavə mağazada işləyən zaman Cavabdeh1 öz əl yazısı ilə dəftərdə qeyd aparmış və imzası ilə yazdıqlarını təsdiqləmişdir. O, pulunu başqa qaydada ala bilmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 da atası Cavabdeh1 yanında işlədiyi üçün Cavabdeh2 da cavabdeh qismində göstərmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3725 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1; 21.2; 385.1; 425.1; 425.2; 442; 443.1; 445.2.1; 448.1; 739 və 740-cı maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada borcun məbləği olan 3725 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1; 425.1; 442 və 739.1-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 3725 manat borcu olduğunu, məhkəmədə izahatında isə 3625 manat borcu olduğunu göstərmiş, cavabdeh isə iddianı qismən qəbul edərək iddiaçıya 2475 manat borcu olduğunu bildirmişdir.Həmçinin Abşeron Rayon X4 Şöbəsi Qobu Polis Bölməsi tərəfindən xx.xx.2020-ci il tarixdə izahatı alınmış Cavabdeh1 izahatında İddiaçı 3625 manat borclu olduğu göstərilmiş, lakin məhkəmə iclasında izahatında Cavabdeh1 Abşeron Rayon X4 Şöbəsi Qobu Polis Bölməsinə xx.xx.2020-ci il tarixdə verdiyi izahatın düzgün olmadığını, təhrif olunduğunu, həmin izahatı oxumadan imzaladığını, onun iddiaçıya yalnız 2475 manat borcunun olduğunu bildirmişdir.Borcun 3625 manat olması ilə bağlı iddiaçının izahatı və Abşeron Rayon X4 Şöbəsi Qobu Polis Bölməsi tərəfindən xx.xx.2020-ci il tarixdə alınmış izahat digər mötəbər sübutlarla təstiqini tapmadığından, həmçinin polis bölməsində alınmış izahat cavabdeh tərəfindən mübahisələndirildiyindən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin etiraf etdiyi hissədə təmin olunmalı, Cavabdeh1 iddiaçının xeyrinə 2475 manat məbləğində pul tutulmalıdır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, «kirayə verən» Vəliyev X5 rayonu, Qobu qəsəbəsində yerləşən yaşayış evini 100 manat dəyərində «kirayəçi» Cavabdeh1 vermişdir. İşdə olan İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2h oğlu arasında aparılmış əlyazmalardan görünür ki, tərəflər arasında tikinti mallarının satışı ilə əlaqədar mal mübadiləsi olmuşdur. Abşeron Rayon X4 Şöbəsi Qobu Polis Bölməsi tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı şikayət ərizəsi əsasında araşdırma aparılan zaman Cavabdeh1 izahatında İddiaçı 3625 manat borcunu olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclsında Cavabdeh1 izahatında etiraf edərək göstərdi ki, həqiqətən də o, oğlu Cavabdeh2 ilə birlikdə bir neçə ay 2019-cu ilin oktyabr ayınadək iddiaçıya məxsus qeyri-yaşayış sahəsini dəmirçi sexi kimi işlədib, kirayə götürdüyü iddiaçıya məxsus olan dəmir və digər materiallardan istifadə edərək əldə edilmiş pul vəsaiti onların birgə ehtiyaclarına sərf olunmuşdur. Eyni zamanda imkanı olmadığına görə kirayə müqaviləsi üzrə son bir neçə ayın kirayə haqqı pulunu iddiaçıya ödəyə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla müəyyən olur ki, İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli kirayə müqaviləsinə əsasən «kirayə verən» Vəliyev X5 rayonu, Qobu qəsəbəsində yerləşən yaşayış evini 100 manat dəyərində «kirayəçi» Cavabdeh1 vermişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2h oğlu arasında aparılmış əlyazmalara əsasən tərəflər arasında tikinti mallarının satışı ilə əlaqədar mal mübadiləsi olmuşdur. Abşeron Rayon X4 Şöbəsi Qobu Polis Bölməsi tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı şikayət ərizəsi əsasında araşdırma aparılan zaman Cavabdeh1 izahatında İddiaçı 3625 manat borcunu olduğunu bildirmişdir. Eyni zamanda Cavabdeh1 etiraf edərək göstərmişdir ki, imkanı olmadığına görə kirayə müqaviləsi üzrə son bir neçə ayın kirayə haqqı pulunu iddiaçıya ödəyə bilməmişdir. Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Cavabdeh1 icarə müqaviləsindən irəli gələn öhdəlik üzrə idiaçı İddiaçı 2475 (iki min dörd yüz yetmiş beş) manat məbləğində borcunun olmasını və son bir neçə ayın kirayə haqqı pulunu iddiaçıya ödəyə bilməməsini etiraf edir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə kollegiyası Cavabdeh1 iddia tələbinin qalan hissəsini qəbul etməməsi barədə dəlillərinə tənqidi yanaşır və hesab edir ki, məhkəmə tədqiqi zamanı toplanmış sübutlarla iddia tələbinin qanuni və əsaslı olması tam öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməmiş hissəsi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissədə apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə olan halda İddiaçı apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddianın təmin edilməmiş hissəsində ləğv edilib, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3725 manat məbləğində borcun tutularaq İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2265/2020 saylı qətnaməsi qismən iddianın təmin edilməmiş hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3725 (üç min yeddi yüz iyirmi beş) manat məbləğində borc tutulub, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar