Məhkəmə qərarları › İş №2(105)-288/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-288/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-288/2024 31.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi, gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3383/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. 05 dekabr 2018-ci il tarixli ***-*******MK051218-01 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh3 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 12000 manat məbləğində kredit vermişdir.

2. xx.xx.2018-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Bank İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanılmış 05 dekabr 2018-ci il tarixli ***-*******MK051218-01 nömrəli kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri imzalanmışdır.

3. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 05 dekabr 2018-ci il tarixli ***-*******MK051218-01 nömrəli kredit müqaviləsinə əsasən 5006,96 manat əsas, 3696,85 manat faiz borcu, 10,97 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə hesablanmış 557,90 manat faiz borcu olmaqla, cəmi 9272,68 manat məbləğində borcu vardır.

4. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə cavabdehlərə yazılı bildiriş ünvanlanmışdır.

5. xx.xx.2018-ci il tarixi kassa məxaric orderindən görünür ki, Cavabdeh3 12000 manat pul vəsaitini İddiaçı ASC-dən qəbul etmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02.0.2023-cü il tarixli 9/5505 saylı rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 05 dekabr 2018-ci il tarixli **********MK051218-01 nömrəli kredit Müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2020-ci il tarixə, banka olan borcu ümumilikdə 5931,46 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5012,50 manat, faiz borcu üzrə 918,96 manat.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 dekabr 2018-ci il tarixli ***- *******MK051218-01 nömrəli kredit müqaviləsi üzrə cəmi 9272,68 (doqquz min iki yüz yetmiş iki manat 68 qəpik) manat məbləğində kredit borcunun - bundan 5006,96 (beş min altı manat 96 qəpik) manat əsas, 3696,85 (üç min altı yüz doxsan altı manat 85 qəpik) manat faiz borcunun, 10,97 (on manat 97 qəpik) manat cərimənin və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 557,90 (beş yüz əlli yeddi manat 90 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 112,73 (yüz on iki manat 73 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şərq filialı ilə Cavabdeh3 arasında bağlanmış 05 dekabr 2018-ci il tarixli ***-*******MK051218-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 24 ay müddətinə, illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən bank ilə Cavabdeh1 arasında 05 dekabr 2018-ci il tarixli 1 nömrəli və Cavabdeh2arasında 05 dekabr 2018-ci il tarixli 2 nömrəli Zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 07 mart 2023-cü il tarixli **********747 saylı bildiriş məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bu səbəbdən də Cavabdeh3 23 fevral 2023-cü il tarixə kredit üzrə banka ödənilməmiş cəmi 9272,68 (doqquz min iki yüz yetmiş iki manat 68 qəpik) manat borcu vardır. Bundan 5006,96 (beş min altı manat 96 qəpik) manat əsas, 3696,85 (üç min altı yüz doxsan altı manat 85 qəpik) manat faiz borcu, 10,97 (on manat 97 qəpik) manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5%-lə hesablanmış 557,90 (beş yüz əlli yeddi manat 90 qəpik) manat faiz borcu təşkil edir. Dəfələrlə xəbərdarlıq edilsə də, cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixində 650 (altı yüz əlli) manat məbləğində ödəniş etmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3383/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh3 05 dekabr 2018-ci il tarixli 026- 7294100MK051218-01 nömrəli kredit müqaviləsi üzrə 5006,96 (beş min altı manat doxsan altı qəpik) manat əsas, 918,96 (doqquz yüz on səkkiz manat doxsan altı qəpik) manat faiz borcunun, 10,97 (on manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 5936,89 (beş min doqquz yüz otuz altı manat səksən doqquz qəpik) və iş üzrə ödənilmiş dövlət rüsumunun 72 (yetmiş iki) manat hissəsinin tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq Cavabdeh3 64 (altmış dörd) manat, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən 36 (otuz altı) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müddət bitdiyinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik üzrə öhdəliyinə xitam verilmişdir. Yəni zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığına görə, zaminliyə xitam verilməsi kimi hüquqi nəticə yaranmışdır. Bu hal isə zaminlərə qarşı iddia tələbinin rədd olunması üçün müstəqil əsasdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Cavabdeh3 münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 5006,96 manat əsas, 3696,85 manat faiz borcunun tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02.0.2023-cü il tarixli 9/5505 saylı rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrəcavabdehin 5012,50 manat əsas, 918,96 manat isə faiz borcunun olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 10,97 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. İddia tələbi müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 557,90 manat borcun cavabdehlərdən tutulması hissəsində təmin edilməməlidir. İddiaçı ASC-nin fəaliyyəti xx.xx.2020-cı il tarixindən dayandırılmış, cavabdehlə bağlanan kredit müqavilənin müddəti isə xx.xx.2020-cı il tarixdə bitmişdir. Başqa sözlə, iddiaçı bank 2020ci il tarixidən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola və kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu (illik 5%) tələb etməsi əsassızdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442, 443.1, 445.2.1, 462.1, 470.1, 472.1, 477, 739.1 və 739.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 103 və 119.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)- 3383/2023 saylı qətnaməsini qismən təmin edilməyən kredit müqaviləsi üzrə faiz məbləği və əldən çıxmış fayda olaraq, illik 5 (beş) faiz hissəsində ləğv edilməsini və LPO “AmrahBank" ASC-nin iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, borclunun kreditorun pul vəsaitlərini özündə saxlamasından və ya istifadə etməsindən asılı olmayaraq illik 5 faiz üçün əldən çıxmış faiz məbləğini də ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödəməyə borcludur. Qanunvericiliyin mövqeyindən də aydın olur ki, gecikdirilmiş kredit borcuna görə, borclu illik minimum faiz məbləğini kreditora ödməyə borcludur. Qeyd olunanlardan aydın olur ki, əldən çıxmış faiz məbləğinin kreditor təşkilatın aktiv və ya passiv fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və borclunun statusu dəyişməz olaraq qaldığı üçün kredit öhdəliyində də hər hansı üstünlükdən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi iş materiallarında olan kredit və maliyyə sənədlərinə əsasən, borclunun kreditor qarşısında əldən çıxmış faydanın hüquqi mahiyyətini nəzərə almamış və illik 5 (beş) faiz üçün sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir. Yəni, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər.

17. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

18. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

23. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

24. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

25. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

26. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

27. Maddə 477. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

33. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-3383/2023 saylı qətnaməsini qismən təmin edilməyən kredit müqaviləsi üzrə faiz məbləği və əldən çıxmış fayda olaraq, illik 5 (beş) faiz hissəsində ləğv edilməsini və LPO “AmrahBank" ASC-nin iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini iddianın təmin edilməyən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı LPO “AmrahBank" ASCnin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – təmin edilməyən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia qismən 557,9 manat hissəsində təmin edilməlidir, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı LPO “AmrahBank" ASC ilə Cavabdeh3 arasında kredit müqaviləsi üzrə borc münasibətləri olmuş, cavabdeh borcun ödənilməsini gecikdirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, illik 5 faiz hesablanmaqla, faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

41. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

42. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

43. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

45. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı öhdəliyin cavabdeh tərəfindən vaxtında icra edilməməsi nəticəsində illik 5% həcmində gecikdirilmiş vaxt üçün faiz borcunu tələb etməkdə haqlıdır.

46. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbi baxımından gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində cavabdehdən tutulmalı və tutulmanın hesablanması isə iddiaçının tələb etdiyi qaydada hesablanmaqla, yəni 557,9 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 557,9 manat faiz borcu Cavabdeh3 tutmamaqla düzgün hüquqi nəticəyə gəlməmişdir.

48. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində digər mübahisələndirilən hissələrə dair göstərdiyi dəlilləri formal mülahizə kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğvi üçün əsas ola bilməz.

49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – təmin edilməyən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia qismən 557,9 manat hissəsində təmin edilməlidir, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3383/2023 nömrəli qətnaməsi qismən – təmin edilməyən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh3 illik beş faizlə hesablanmış 557,90 (beş yüz əlli yeddi manat doxsan qəpik) manat faiz borcu LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar