Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2882/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının vəkili: X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı Cavabdeh 43.855 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 43.855 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun oğlu 01.05.1970-ci il təvəllüdlü Hacıyev Mais 1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Fizuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. O, özü 25 il zavodda çalışmışdır. İş yeri yaratmaq və şəhid oğlunun adını əbədiləşdirmək məqsədi ilə 1993-cü ildə öz şəxsi vəsaiti hesabına "xxxx" firmasını təsis etmək qərarına gəlmişdir. Bundan sonra şəhid ailələrinə edilən güzəştlərdən yararlanaraq Sumqayıt Şəhər Xalq Deputatları Sovetinə müraciət edərək şəhid atası kimi təsis etdiyi firmaya şəhər ətrafında torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bir neçə dəfə müraciət etdikdən sonra 11-ci mikrorayon ərazisində 0,1 ha torpaq sahəsinin ayrılmasına nail olmuşdur. Belə ki, şəxsi qazancı ilə torpağı hasarlamış və istehsalat binası tikdirmişdir. İstehsalatda qazandığı təcrübə və şəxsi vəsaiti hesabına müxtəlif zavodlardan dəzgahlar almışdır. Təsis etdiyi firmanı tək idarə və istifadə etmişdir. Hazırki iş üzrə cavabdeh xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh 1992-ci ilin may ayında əsgərlikdən tərxis olunmuşdur. O, "xxxx" firmasını təsisçi kimi formal olaraq onun adına qeyd etdirmişdir. Firmanın yaradılmasında və işlədilməsində cavabdehin heç bir rolu olmamışdır. Daha sonra şəhid oğlu X4 adına bələdiyyədən aldığı 9 sot torpaq sahəsini bir ata kimi oğlu Hafizə vermişdir. Hətta həmin torpaq sahəsinin içərisində tikilən evin tikintisinə 7000 ABŞ dollarını da, həmçinin şəhid oğlu Maisin adına aldığı 41 a məhəlləsində yerləşən 1 otaqlı mənzili və şəhid ailəsi kimi yaşadığı binanın həyətində mağaza tikilməsi üçün aldığı 32 kv.m torpaq sahəsini də Cavabdeh adına keçirmişdir. Cavabdeh onu bir ata kimi saymadığına və ona qarşı olan ləyaqətsiz hərəkətlərinə görə o, 2016-cı il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək formal olaraq onun adına keçirtdiyi "xxxx" firmasının tərkibində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 0,1 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində tikilmiş tikililərin alınaraq ona geri verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsin 2(060)-5976/2016 saylı, 30 iyun 2016-cı il tarixli qətnaməsi iddianı təmin etsə də, cavabdeh ona olan etibardan sui-istifadə etmiş və formal olaraq onun adına qeyd edilən "xxxx" firmasına aid min bir əziyyətlə çalışıb aldığı dəzgahları və bununla yanaşı digər ona bağışlanan evlərdən birini satmış digərini isə dostuna pay vermişdir. Dəfələrlə ona aid satılan əşyaların pul dəyərini tələb etməsinə baxmayaraq, cavabdeh satılan əşyaların vəsaitini qaytarmaqdan imtina edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətində heç bir dəlil göstərmədən bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(060)-1186/2021 saylı qətnaməsini apellyasiya qaydasında ləğv edib, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının vəkili M.M.İsmayılov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının öz mövqeyini heç bir sübutla təsdiq edə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 31 oktyabr 2020-ci il tarixdə verilmiş AZ- İİ seriyalı 115333 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01.04.1992-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunda ölmüşdür. İşdə olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının 10.12.1992-ci il tarixli, 1565 saylı sərəncamından görünür ki, vətəndaş Cavabdeh "xxxx" firmasını təsis etmişdir. "xxxx" firmasının 02.09.1994-cü il tarixli nizamnaməsindən görünür ki, "xxxx" firması Azərbaycan Respublikası vətəndaşı Cavabdeh tərəfindən təsis edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Xalq X3 Heyətinin 26.02.1993-cü il tarixli (protokol nömrəsi 26) qərarından görünür ki, "xxxx" firmasına istehsalat sahəsi yaratmaq məqsədi ilə dəmir yolu vağzalı rayonun şimal qərbində 0,1 ha torpaq sahəsi ayrılmışdır. İşə əlavə olan 27 aprel 1993-cü il tarixli aktdan görünür ki, "xxxx" firmasına istehsalat bazası tikmək üçün 11A mikrorayon, Zabrat-Sumqayıt d/yolu yaxınlığında 0,1 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamentinin 10.06.2016-cı il tarixli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara əsasən "xxxx" firmasının hal-hazırda qanuni təmsilçilik funksiyasına malik direktoru İddiaçıdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 27.04.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı "xxxx" firmasının (VÖEN **********) direktorudur. Sumqayıt Şəhər Məhkəməsin 2(060)-5976/2016 saylı, 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh təsisçisi olduğu "xxxx" firmasının tərkibində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ünvanında yerləşən 0,1 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində tikilmiş tikililərin İddiaçı istifadəsinə verilməsi qət edilmişdir. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3598/2017 saylı, 15.11.2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 30.06.2016-cı il tarixli, 2(060)-5976/2016 saylı qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1921/18 saylı, 30.03.2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 22(105)-3598/2017 saylı, 15.11.2017ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan 11.08.1994-cü il tarixli, 30 nömrəli "xxxx" firmasının adına verilmiş qaimədən görünür ki, 224.000 köhnə azərbaycan manatı məbləğində tikinti materialları verilmişdir. İşdə olan 11.05.1994-cü il tarixli, 52 nömrəli İddiaçı adına verilmiş qaimədən görünür ki, 375.000 köhnə azərbaycan manatı məbləğində dəzgahlar verilmişdir, 11.05.1994-cü il tarixli, 51 nömrəli "xxxx" firması İddiaçı adına verilmiş qaimədən görünür ki, 805 500 00 köhnə azərbaycan manatı məbləğində materiallar verilmişdir. 02.09.1994-cü il tarixli, 30 nömrəli "xxxx" firması adına verilmiş qaimədən görünür ki, ******* köhnə Azərbaycan manatı məbləğində materiallar verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2- ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən pulu tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən qanun pozuntusunun olduğunu araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli 2(060)-1186/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2882/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2882/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver