Məhkəmə qərarları › İş №2(105)-2887/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2887/2020

11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2887/2020 11.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-1914/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-1914/2019 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia qismən təmin edilib, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli 2(105)-1524/2013 saylı qətnaməsi ilə Cavabdeh tutulmalı olan alimentin miqdarı dəyişdirilərək hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, iki uşağa görə 320 (üç yüz iyirmi) manat miqdarında müəyyən edilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-1914/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirərək ailə qurmuş və birgə nikahdan xx.xx.2007-ci il tarixdə Aytac və xx.xx.2008-ci il tarixdə Nurəddin adlı iki nəfər uşaqları doğulmuşdur. Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 2(027)-1151/2013 nömrəli qətnaməsi ilə xx.xx.2007-ci il tarixdə doğulmuş X6 və xx.xx.2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx xxxxxx 2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Həmin qətnamədən verdiyi apelyasiya şikayəti üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2013-cü il tarixli, 2(105)- 1524/2013 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmiş, hər uşağa 93 manat olmaqla, cəmi 186 manat məbləğində aliment təyin edilmişdir. Cavabdeh fərdi fəaliyyət ilə məşğul olur, yaxşı gəlir əldə edir. Uşaqlar azyaşlı və məktəblidirlər. Onların məktəb xərcləri, geyim xərcləri əvvəlki illərə nisbətən artırılması. O, uşaqları ilə birlikdə kirayədə yaşayır. Özü məktəbdə xadimə işləyir. Cavabdehlə ötən il razılaşmamalarına əsasən alimentin bir hissəsini ödəyirdi. Lakin son vaxtlar cavadbeh alimentin az hissəsini də ödəmir. O, xadimə işləyərək çox cuzi maaş alır. Aldığı maaş yeməklərinə çatmır. Hazırda qanunla hər uşaq üçün minimum yaşayış həddi 160 manat nəzərdə tutulmuşdur. Uşaqlar böyüdükcə yeməyə, geyimə, müalicəyə və digər ehtiyyaçlara tələbatı da artır. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2013-cü il tarixli, 2(105)-1524/2013 nömrəli qətnaməsi ilə müəyyuən edilmiş alimentin məbləğinin artırılıb, Cavabdeh xx.xx.2007-ci il tarixdə doğulmuş X6 və xx.xx.2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hazırda heç bir yerdə işləmir və valideynlərinin himayəsində yaşayır. İşləmədiyi üçün uşaqlarının saxlanması üçün təyin edilmiş alimenti atası ödəyir. İddiaçı isə ona münasibətdə işləyir və aylıq qazancı vardır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, alimentin miqdarının artırılması barədə iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasına teleqram və apelyasiya şikayətinə etiraz ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon VVADQ şöbəsi tərəfindən xx xxxx 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 943311 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə doğulmuşdur, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeydi aparılmışdır. Quba rayon VVADQ şöbəsi tərəfindən xx xxx 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 268737 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə doğulmuşdur, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeydi aparılmışdır. Quba şəhər 6 nömrəli Tam orta məktəb tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş 407 və 408 saylı arayışlardan görünür ki, X5 həmin məktəbin 5-ci sinif və X6 6-cı sinifində təhsil alırlar. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli, 2(105)- 1523/2013 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti əsasında Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 2(027)-1151/2013 saylı qətnaməsi dəyişdirilərək xx.xx.2007-ci il tarixdə doğulmuş X6 və xx.xx.2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx xxxxxx 2013-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 93 manat olmaqla, ümumilikdə 186 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Konstıtusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarım saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Cavabdeh aylıq qazancının iddiaçı tərəfindən tələb edilən alimenti ödəmək üçün yetərli olmadığını və sağlamlığı ilə bağlı problemlər yaşadığını bildirsə də, bu hal azyaşlı uşaqların saxlanması üçün təyin ediləcək alimenti ödəməkdən azad olunması kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia qismən təmin edilib, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2013cü il tarixli 2(105)-1524/2013 saylı qətnaməsi ilə Cavabdeh tutulmalı olan alimentin miqdarı dəyişdirilərək hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, iki uşağa görə 320 (üç yüz iyirmi) manat miqdarında müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli 2(105)-1524/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş 93 manat sabit pul məbləğində alimentin artırılıb, 160 manat sabit pul məbləğində müəyyən edilməsindən ibarədir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq 67 manat olmaqla iki uşağa münasibətdə, ümumilikdə 134 manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (134 X 12 ay) 1608 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-1914/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar