Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2894/2020 06.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRARDAD xx xxxxxx 2020-ci il İş № 2(105)-2894/2020 Sumqayıt şəhəri Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı əsassız hesablanmış və ödənilmiş vəsaitin qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1162/2020 saylı qətnaməsindən cavabdeh «xxxxxxxx» ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1162/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, «xxxxxxxx» ASC-dən 70068,87 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. (hakim R.Həsənov) Qətnamədən cavabdeh «xxxxxxxx» ASC apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1162/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 2-2(102)-433/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə əsassız ödənilməsi təsdiq edilmiş 70068,87 manat məbləğin «xxxxxxxx» ASC-dən tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, X5 Məhkəməsinin 2-2(85)-37/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, cavabdeh (borclu) tərəfindən onun mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarı üçün yazılmış 70068,87 manat borc silinmişdir. Həmin qətnamədən cavabdeh «xxxxxxxx» ASC tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin X1 2-2(105)-71/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, X5 Məhkəməsinin 2-2(85)-37/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən «xxxxxxxx» ASC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin X1 2-2(102)-433/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə «xxxxxxxx» ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin X1 2-2(105)-71/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. «xxxxxxxx» ASC tərəfindən xx xxxxxxxx 2018-ci il tarixli akta əsasən yazılmış 70068,87 manat məbləği, soyuducu anbara verilən elektrik enerjisinin dayandırılmasının «xxxxxxxx» ASC-yə qadağan olunmasına dair məhkəmə qərardadı olmasına baxmayaraq, elektrik enerjisinin verilməsinin dayandırılmamasına görə «xxxxxxxx» ASC tərəfindən ona məcburi surətdə ödətdirilmişdir. «xxxxxxxx» ASC tərəfindən qanunsuz tərtib edilmiş və məhkəmələr tərəfindən ləğv olunmuş akta əsasən ödədiyi 70068,87 manat «xxxxxxxx» ASC-nin hesabında əsassız olaraq qalmışdır. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 2-2(102)-433/2019 saylı xx xxxxxx 2019- cu il tarixli qərarı ilə təsdiq edilmiş 70068,87 manat məbləğin «xxxxxxxx» ASC-dən tutularaq ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmalıdır. Quba Rayon Məhkəməsinin 2(027)-1162/20 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə əmri ilə, «xxxxxxxx» ASC-dən 70068,87 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi əmr edilmişdir. «xxxxxxxx» ASC xx.xx.2020-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, 2(027)-1162/20 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə əmrinin ləğv edilərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Ərizə təmin edilərək həmin əmr ləğv edilmiş işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə cavabdeh «xxxxxxxx» ASC apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, işə baxan məhkəmə mübahisənin həllində qərəzli mövqe göstərmiş və məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Silinməsi tələb edilən borc soyuducu anbarın fəaliyyəti nəticəsində yaranmışdır və bu anbar ticarət obyekti kimi fəaliyyət göstərmişdir. Abunə haqqında çıxarışdan da görünür ki, abonent qeyri-əhali kateqoriyasındandır və istehlak etdiyi elektrik enerjisinin hər kilovatına görə 0,09 manat ödəyir. Göründüyü kimi, mübahisəli hüquq münasibətləri tərəflərin sahibkarlıq və iqtisadi fəaliyyəti zəminində yaranmışdır, işdə iştirak edən şəxslərin subyektiv tərkibi kommersiya hüquqi şəxslərdir və buna görə də hazırkı mübahisəyə AR MPM-nin 26.1-ci maddəsinə əsasən müvafiq kommersiya məhkəməsində baxılmalı idi. Məhkəmə tərəfindən aidiyyət qaydaları, yəni MPM-nin 31-ci maddəsinin tələbləri pozulduğundan qətnamə ləğv edilməlidir. Digər tərəfdən, abonentə qanunsuz olaraq yazılmış 70068,87 manat borcun silinməsi barədə artıq qanuni qüvvəsini almış məhkəmə qərarı vardır və bu qərar hökmən icra ediləcəkdir. İddiaçı 70068,87 manat məbləğin «xxxxxxxx» ASC-dən tutularaq ona ödənilməsi barədə iddia ərizəsilə yenidən məhkəməyə müraciət etməsi qeyd edilən qərarın icrasını dayandırmır və tələbin heç bir əsası yoxdur. Qeyd edilənlərə əsasən qətnamə ləğv olunmalı, iddia isə təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında bildirdi ki, çıxarılan qətnamə tam qanuni və əsaslıdır, buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin isə heç bir əsası yoxdur və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)- 37/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, «xxxxxxxx» ASC tərəfindən İddiaçı mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarına yazılmış 70.068,87 manat borcun silinməsi qət edilmiş, həmin məhkəmə qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişrilmədən saxlanılmış, iş üzrə xx xxxxxx 2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. İşdə olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı qeyri-əhali kateqoriyalı abonentdir və hesablama 4 soyuducu anbarın istehlak etdiyi elektrik enerjisi üzrə aparılmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1162/2020 saylı qətnaməsi ləğv edilməli, İddiaçı «xxxxxxxx» ASC-yə qarşı əsassız hesablanmış və ödənilmiş vəsaitin qaytarılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında kommersiya məhkəmələrinə aiddir. Mülki-Prosessual Məcəllənin 31-ci maddəsinin tələblərinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyatının dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxs məhkəmə aidiyyatı ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Yenə həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il 4№-li Qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə izah olunmuşdur ki, bazarda inhisarçı statusu olan səhmdar cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə, istehlakçının hüquqi və ya fiziki şəxs olmasından asılı olaraq MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. İşdən göründüyü kimi, İddiaçı mülkiyyətində Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbar vardır və o, bu anbarı işlədərək, fərdi sahibkarlıqla məşğul olur (vergi ödəyicisi kimi xx.xx.2015-ci il tarixdə uçota alınmışdır). İşdən habelə görünür ki, tərəflər arasında elektrik enerjisi təchizatı ilə müqavilə bağlanmışdır və abonent qeyri-əhali kateqoriyalıdır. Hazırda İddiaçı «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 2-2(102)- 433/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə əsassız ödənilməsi təsdiq edilmiş 70068,87 manat məbləğində pulun «xxxxxxxx» ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs, cavabdeh “xxxxxxxx” ASC isə hüquqi şəxs olduğu üçün və hazırki mübahisə isə elektrik enerjisi satışı bazarında inhisarçı olan “xxxxxxxx” ASC ilə fərdi sahibkar statusu əldə etmiş istehlakçı İddiaçı arasında müqavilə münasibətlərindən irəli gəldiyi üçün iqtisadi mübahisədir. Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə görə də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr üzrə işlər mülki icraat qaydasında kommersiya məhkəmələrinə aiddir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, hazırki işə baxmağa hüququ olmadığı halda işə baxaraq qətnamə qəbul etmişdir. Mülki-Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yenə həmin Məcəllənin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İşdən görünür ki, İddiaçı Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatdadır və orada yaşayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1162/2020 saylı qətnaməsi ləğv olunmalı, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264. 266.1, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh “xxxxxxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1162/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı əsassız hesablanmış və ödənilmiş vəsaitin qaytarılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərarddandan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2894/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2894/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver