Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2899/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X2, Cavabdeh2 ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(060)-3008/2021 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamovun verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(060)-3008/2021 saylı qərardadı ilə (hakim A.İ.İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı girov müqaviləsinin etibarsız hesab olunması, qızıl və zinət əşyalarının geri qaytarılması tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbiri ləğv edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(060)-3008/2021 saylı qərardadı ilə mübahisə predmeti olan Cavabdeh2 ASC-də saxlanılan 26 adda 750 əyyarlı 128.9 qram, 583 əyyarlı 65.4 qram, 500 əyyarlı 10.6 qram, ümumilikdə 204.9 qram qızıl-zinət əşyalarının üzərinə qoyulmuş həbs götürülmüşdür. İddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamov şikayət verib qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(060)-3008/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli kredit və girov müqaviləsinin etibarsız hesab olunması, girov müqaviləsinin 1 saylı əlavəsində göstərilmiş saxlanılan 26 adda 750 əyyarlı 128.9 qram, 583 əyyarlı 65.4 qram, 500 əyyarlı 10.6 qram, ümumilikdə 204.9 qram qızıl-zinət əşyalarının geri qaytarılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-dən 454 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli kredit və girov müqaviləsinin etibarsız hesab olunması, kredit borcu üzrə qalıq borc tam ödənildikdən sonra girov müqaviləsinin 1 saylı əlavəsində göstərilmiş saxlanılan 26 adda 750 əyyarlı 128.9 qram, 583 əyyarlı 65.4 qram, 500 əyyarlı 10.6 qram, ümumilikdə 204.9 qram qızıl-zinət əşyalarının geri qaytarılması və Cavabdeh1 454 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamov iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edib, Cavabdeh1 və Cavabdeh2 ASC arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli kredit və girov müqaviləsinin təminatı kimi Cavabdeh2 ASC-də saxlanılan 26 adda 750 əyyarlı 128.9 qram, 583 əyyarlı 65.4 qram, 500 əyyarlı 10.6 qram, ümumilikdə 204.9 qram qızıl-zinət əşyalarının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(060)-3008/2021 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamovun iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilib, mübahisə predmeti olan Cavabdeh2 ASC-də saxlanılan 26 adda 750 əyyarlı 128.9 qram, 583 əyyarlı 65.4 qram, 500 əyyarlı 10.6 qram, ümumilikdə 204.9 qram qızıl-zinət əşyalarının üzərinə həbs qoyulmuşdur. 27 may 2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamov ərizə ilə məhkəməyə müraciət edib, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə istinad edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(060)-3008/2021 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamovun ərizəsi əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “girov müqaviləsinin etibarsız hesab olunması, qızıl və zinət əşyalarının geri qaytarılması tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-nin nümayəndəsi R.B.Rzayev ərizə ilə məhkəməyə müraciət edib, Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(060)-3008/2021 saylı qərardadının ləğv edilməsini və qızıl-zinət əşyalarının üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamov verdiyi şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 09 iyul 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, iddianın təmini tədbirinin götürülməsi barədə qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-nin nümayəndəsi R.B.Rzayev şikayətin qanuni həll olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinin ləğv edilməsi barədə qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(060)- 3008/2021 saylı qərardadına istinad olunaraq İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “girov müqaviləsinin etribarsız hesab olunması, qızıl və zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmasına istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İdianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi Azərbaycan Respublikası MPM-nın 158.1.2-ci maddəsində iddianı təmin etmə tədbiri kimi nəzərdə tutulmuşdur. İddianın təmin edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək hüququna malikdir. Bu halda qanunvericilik təmin olunması ehtimal olunan tələblərin məhkəmə tərəfindən təmin olunacağı təqdirdə maneə olmadan cavabdeh tərəfindən ödənilməsi (həyata keçirməsini) təmin etmək məqsədini güdür, lakin bu zaman məhkəmə cavabdeh tərəfindən iddia tələblərinin gələcəkdə icrasına maneə törədilə biləcəyi hərəkətlərin dairəsini dəqiq müəyyən etməli, həmin hərəkətlərin cavabdeh tərəfindən edilməsinə abstrakt baxımdan deyil, onların real olaraq törədilməsi baxımından yanaşmalıdır. İddianın təmini tədbiri prosessual bərabərlik baxımından mübahisə predmetinə münasibətdə hər iki tərəfin, həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmalıdır. İddianı təmin etmə tədbirləri məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş vasitəsi olduğuna görə, bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutun məhkəməyə təqdim olunması həmin tədbirləri tətbiq etmək üçün kifayətdir. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə iddianı təmin etmə tədbirlərinin görülməsi haqqında qərardadında bu tədbirlərin görülməsi barədə ərizəyə baxılmasının nəticəsi üzrə hansı qərara gəlməsindən asılı olmayaraq bütün hallarda həmin ərizədə göstərilən dəlillərin əsaslı olub-olmamasına qiymət verməlidir. İddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsasslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. İddianı təmin etmə tədbiri barədə qərardad qəbul edən məhkəmə iddiaçının iddia tələblərinin nə qədər əsaslı olduğunu, habelə həmin tələblərin təmin edilməsi haqqında gələcəkdə qəbul ediləcək qətnamənin icrasına maneələr yarada bilən cavabdehin hansısa qanunazidd hərəkətlər edəcəyi haqqında şübhələrin əsaslı olub-olmadığını müəyyən etməlidir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin reallaşdırılmasına yönələn əməli tədbirdir. Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(060)- 3008/2021 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “girov müqaviləsinin etribarsız hesab olunması, qızıl və zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlandıldığından və hazırda hər hansı bir məhkəmə mübahisəsi olmadığından mübahisə predmeti olan Cavabdeh2 ASC-də saxlanılan 26 adda 750 əyyarlı 128.9 qram, 583 əyyarlı 65.4 qram, 500 əyyarlı 10.6 qram, ümumilikdə 204.9 qram qızıl-zinət əşyalarının üzərinə həbsin qoyulmasına da zərurət aradan qalxmmışdır. İddiaçı tərəf şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmişdir və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi halını sübuta yetirə biməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinin heç bir əsası olmayıb, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan iddiaçının nümayəndəsi və vəkili A.Q.Qulamovun verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamovun verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(060)-3008/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2899/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2899/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver