Məhkəmə qərarları › İş №2(105)-29/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-29/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-29/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Cavabdeh Mirzağa oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh Mirzağa oğluna qarşı borcun ödənilməsi və ipoteka predmetinə yönəldilmə tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 2(060)- 5539/2018 saylı, 26 iyul 2018-ci il tarixli qətnaməsindən Cavabdeh Mirzağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Əliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh Mirzağa oğlundan 24.09.2013-cü il tarixli, 386/13 saylı kredit müqaviləsi üzrə 5977 (beş min doqquz yüz yetmiş yeddi) ABŞ dolları, 82 (səksən iki) sent əsas, 1909 (min doqquz yüz doqquz) ABŞ dolları, 38 (otuz səkkiz) sent faiz borcu, 20 (iyirmi) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 7907 (yeddi min doqquz yüz doqquz) ABŞ dolları, 20 (iyirmi) sent məbləğində borcun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh Mirzağa oğluna məxsus “Mercedes-Benz C220 CDİ” minik markalı (buraxılış ili 2000, qeydiyyat nişanları **-DU-***, BAN-WDB2021931F996668, rəngi-tünd yaşıl metal) dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcunun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Mirzağa oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC Cavabdeh Mirzağa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mirzağa oğlunun 5977 (beş min doqquz yüz yetmiş yeddi) ABŞ dolları, 82 (səksən iki) sent əsas, 1909 (min doqquz yüz doqquz) ABŞ dolları, 38 (otuz səkkiz) sent faiz borcu, 469 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 8356,20 ABŞ dolları məbləğində borcunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh Mirzağa oğluna məxsus ipoteka ilə yüklü edilmiş “Mercedes-Benz C220 CDİ” minik markalı (buraxılış ili 2000, qeydiyyat nişanları **-DU-***, BAN-WDB2021931F996668, rəngi-tünd yaşıl metal) dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Mirzağa oğlu ilə bank arasında bağlanmış 24.09.2013-cü il tarixli kredit müqaviləsinə əsasən nəqliyyat vasitəsinin alınması məqsədilə 24 ay müddətinə illik 25 faiz olmaqla 6500 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 24.09.2013-cü il tarixli 386/13 saylı ipoteka müqaviləsi bağlanaraq, “Mercedes-Benz C220 CDİ” minik markalı (buraxılış ili 2000, qeydiyyat nişanları **-DU-***, BAN-WDB2021931F996668, rəngi-tünd yaşıl metal) dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Lakin borclu müqavilə şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Mirzağa oğlu Sumqayıt şəhər məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Avtomobili başqa şəxsə satmış, aylıq kredit məbləğinin həmin şəxs tərəfindən ödənilməli olmasını bildirmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh Mirzağa oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, cavabdehin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan ipoteka predmetinin hesabına cavabdehin öhdəliyi icrasının təmin edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.4. maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd etmək lazımdır ki, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. Bu zaman ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. İkin satış qiyməti iki üsulla müəyyən edilir. Birincisi tərəflərin iradə ifadəsi ilə bağlanmış razılaşma əsasında, ikincisi isə mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, “B+Ş Audit Konsaltinq” MMC tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli rəy ilə ipoteka ilə yüklü edilmiş Cavabdeh Mirzağa oğluna məxsus “Mercedes-Benz C220 CDİ” minik markalı (buraxılış ili 2000, qeydiyyat nişanı **-DU-***, BAN UDB20211931F996668, rəngi tünd-yaşıl) avtomobilin orta bazar dəyəri 11800 manat, likvid dəyəri 10.000 manat məbləğində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Mirzağa oğluna məxsus “Mercedes-Benz C220 CDİ” minik markalı (buraxılış ili 2000, qeydiyyat nişanı **- DU-***, BAN UDB20211931F996668, rəngi tünd-yaşıl) avtomobilin likvid dəyəri 10.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh Mirzağa oğlundan iş üzrə keçirilmiş mühasibatlıq və əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 (iki yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 200 (iki) yüz manat “B+Ş Audit Konsaltinq” MMC-nin hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 392, 393, 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh Mirzağa oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilsin. İpoteka predmeti olan Cavabdeh Mirzağa oğluna məxsus “Mercedes-Benz C220 CDİ” minik markalı (buraxılış ili 2000, qeydiyyat nişanı **-DU-***, BAN UDB20211931F996668, rəngi tünd-yaşıl) avtomobilin likvid dəyəri 10.000 (on min) manat müəyyən edilsin. Cavabdeh Mirzağa oğlundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************), 200 (iki yüz) manat “B+Ş Audit Konsaltinq” MMC-nin hesabına keçirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar