Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-290/2022 06.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(060)-6843/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(060)-6843/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elmir Hüseynov) iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 03.12.2018-ci il tarixli müqavilə üzrə VENETSİYA FS mebel üçün 242,6 manat ödənilməmiş hissə, 04.09.2018-ci il tarixli müqavilə üzrə Dnepr qonaq dəsti (stullarsız) üçün 374 manat ödənilməmiş hissə, 31.08.2018-ci il tarixli müqavilə üzrə Foriella-Dnepr yataq dəsti (Yasin Simo) mebel üçün 504 manat ödənilməmiş hissə, ümumilikdə 1120,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək 03.12.2018-ci il tarixli müqavilə üzrə VENETSİYA FS mebel üçün 242,6 manat ödənilməmiş hissə, 0 manat cərimə, 04.09.2018-ci il tarixli müqavilə üzrə Dnepr qonaq dəsti (stullarsız) üçün 374 manat ödənilməmiş hissə, 0 manat cərimə, 31.08.2018-ci il tarixli müqavilə üzrə Foriella-Dnepr yataq dəsti (Yasin Simo) mebel üçün 504 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 1120,6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə bağlanmış 03.12.2018-ci il, 04.09.2018-ci il və 31.08.2018-ci il tarixli müqavilələrə əsasən Cavabdeh cəmiyyətdən Venetsiya FS, Dnepr qonaq dəsti (stullarsız) və Foriella-Dnepr yataq dəsti (Yasin Simo) mebellərini almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Cavabdeh 03.12.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 504 manat olan ( 24 ay x 21 manat+ 0 manat ilkin ödəniş) VENETSİYA FS mebel, 04.09.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 936 manat olan (24 ay x 39 manat + 0 manat ilkin ödəniş) Dnepr qonaq dəsti (stullarsız) və 31.08.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1224 manat olan(24 ay x 51 manat+ 0 manat ilkin ödəniş) Foriella-Dnepr yataq dəsti üçün cəmi 1543,4 manat ödəniş etmiş, ümumilikdə 1120,6 manat borcu yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, aralarında bağlanmış 03.12.2018-ci il, 04.09.2018-ci il və 31.08.2018-ci il müqavilələrə əsasən "xxxx" MMC-dən Venetsiya FS, Dnepr qonaq dəsti (stullarsız) və Foriella-Dnepr yataq dəsti (Yasin Simo) mebelləri almışdır. "xxxx" MMC-yə 1543,40 manat ödəniş etmişdir. Hazırda onun "xxxx" MMC-yə 1120,6 manat borcu vardır. Borcun yaranmasına səbəb bütün dünyada hökm sürən “COVİD-19” virusu səbəbindən işsizliyi olmuşdur. Həyat yoldaşı birinci qarabağ müharibəsi veteranıdır. Onların yeganə qazanc yeri həyat yoldaşının 80 manat aldığı müavinətdir. Onun himayəsində 3 övladı vardır, o və həyat yoldaşı işləmir. Maddi imkansızlıq səbəbindən ödənişlərdə gecikmələr baş vermişdir. O, üzərinə düşən kredit öhdəliyinə əməl edəcəkdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.08.2018ci il tarixli, 00274582 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1224 manat olan Foriella-Dnepr yataq dəsti almışdır. İş materiallarında olan 31.08.2018-ci il tarixli, 00274582 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan 31.08.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh Foriella- Dnepr yataq dəstinin dəyəri olan 1224 manatı hər ay 51 manat olmaqla 24 ay ərzində ödəməlidir. İş materiallarında olan 31.08.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh Foriella-Dnepr yataq dəstini təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.09.2018-ci il tarixli, K00279738 saylı müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 936 manat olan Dnepr qonaq dəsti (stullarsız) almışdır. İş materiallarında olan 04.09.2018-ci il tarixli, K00279738 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan 04.09.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh Dnepr qonaq dəstinin (stullarsız) dəyəri olan 936 manatı hər ay 39 manat olmaqla 24 ay ərzində ödəməlidir. İş materiallarında olan 04.09.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh Dnepr qonaq dəstini (stullarsız) təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.12.2018-ci il tarixli, 00399905 saylı müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 504 manat olan VENETSİYA FS-5 mebel almışdır. İş materiallarında olan 03.12.2018-ci il tarixli, 00399905 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan 03.12.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh VENETSİYA FS-5 mebelin dəyəri olan 504 manatı hər ay 21 manat olmaqla 24 ay ərzində ödəməlidir. İş materiallarında olan 03.12.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh VENETSİYA FS-5 mebelini təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin 16 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh VENETSİYA FS-5 mebelin dəyərinin 261,4 manatını ödəmiş, ödənilməmiş məbləğ 242,6 manat, Dnepr qonaq dəstinin (stullarsız) dəyərinin 562 manatını ödəmiş, ödənilməmiş məbləğ 374 manat, Foriella-Dnepr yataq dəstinin dəyərinin 720 manatını ödəmiş, ödənilməmiş məbləğ 504 manat, ümumi ödənilməmiş məbləğ 1120,6 manat təşkil edir. İş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 25.05.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh borcunu ödəməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən qiyməti 504 manat olan VENETSİYA FS-5 mebeli, qiyməti 936 manat olan Dnepr qonaq dəsti (stullarsız) və qiyməti 1224 manat olan Foriella-Dnepr yataq dəsti almışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən görünür ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında aldığı mebellərə görə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə 1120,6 manat borcu olduğunu etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(060)- 6843/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-290/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-290/2022
06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver