Məhkəmə qərarları › İş №2(105)-290/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-290/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-290/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(060)-4220/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3400 manat məbləğində borcun və dövlət rüsumu kimi ödədiyi 55 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2020-ci ilin fevral ayında iddiaçıya müraciət edərək ona borc pul lazım olduğunu bildirmiş və ondan xx.xx.2020-ci ildə 500 manat, xx.xx.2020-ci ildə 1100 manat, xx.xx.2020-ci ildə isə 1800 manat olmaqla, ümumilikdə 3400 manat məbləğində pul almış və həmin pulları alarkən 1 ay müddətində qaytaracağına söz versə də, aldığı pulları iddiaçıya qaytarmamışdır. Cavabdeh bu pulları iddiaçıdan alarkən yazılı iltizam da vermişdir. O pulları iddiaçıdan alarkən özünün maaş kartını girov qoymuş, lakin sonradan məlum olmuşdur ki, həmin kart saxtadır, oraya pul yüklənmir. Dəfələrlə pulunu tələb etsə də, o, aldığı pulları iddiaçıya qaytarmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(060)-4220/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 700 (yeddi yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh 1100 manat alınmasını qeyd etdiyi xx.xx.2020-ci il tarixli qəbzdə cavabdeh həmin məbləği X1 aldığını qeyd etmişdir. Yəni, həmin məbləğin hazırkı iş üzrə iddiaçıya hər hansı aidiyyəti yoxdur. İddiaçı Afaq Əzimovanın onun qızı olduğunu bildirsə də, qeyd edilməlidir ki, iddiaçı həmin şəxsin adından etibarnamə və ya digər səlahiyyət verən sənəd əsasında iddia qaldıra bilərdi. Lakin, iddiaçı qeyd olunan əlyazmasına əsaslanaraq həmin məbləği öz xeyrinə tələb edir ki, buna subyektiv hüququ mövcud deyildir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş audiodiskdə olan səs yazısı məhkəmə iclasında dinlənilmişdir. Həmin səs yazısının ümumi məzmunundan görünür ki, ki, iddiaçı və cavabdeh arasında gedən danışıq zamanı iddiaçı cavabdehin ona 1800 manat borcu olmasında dair qəbz yazmasını, qəbzin tarixinin 25 aprel 2020-ci il kimi göstərməsini təkid edir. Cavabdeh isə iddiaçıya 700 manat borcu olduğunu bildirir. İddiaçı səs yazısının ona məxsus olmadığını bildirsə də, məhkəmə iclasında ifadə vermiş şahid X4 həmin səs yazısının həqiqiliyini təsdiq etmiş və səs yazısındakı səslərin tərəflərə və ona məxsus olduğunu bildirmişdir. Cavabdehin iddiaçıdan 1800 manat pul alması barədə xx.xx.2020-ci il tarixli iltizam tərtib edilərkən cavabdehin iddiaçıdan hər hansı məbləğdə pul almadığı iş materialları ilə təsdiqlənir. Digər xx.xx.2020-ci il tarixli əlyazmasında isə cavabdeh iddiaçıdan 500 manat məbləğində pul aldığını etiraf etmişdir. Cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 700 manat pul aldığını və həmin məbləği iddiaçıya qaytardığını bildirmişdir. Belə olan halda həmin məbləğin iddiaçıya qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 739.1,740.1, 882.1, 882.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(060)-4220/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnamədə iddianı qismən təmin edərkən göstərmişdir ki, guya cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısı ilə onun cəmi 700 manat borcunun olmasının təsdiq edildiyi və bu barədə şahid qismində X2 da ifadə verdiyi olunmuş, nəticədə onun təqdim etdiyi mötəbər sübutları nəzərə almamışdır. Bununla bağlı bildirir ki, o, xəstə insandır, qulağı zəif eşidir və məhkəmə prosesində həmin səs yazısında deyilənlərin ona çatdırılması ilə bağlı xüsusi səsgücləndirmə vasitələrindən, eşitmə cihazından istifadə edilməsini xahiş etmiş, lakin məhkəmə vəsatətini təmin etməmişdir. Qətnamədə isə qeyd etmişdir ki, guya o, həmin səsin ona məxsus olmadığını bildirmişdir, halbuki ümumiyyətlə təqdim edilmiş diskdəki səsi eşitməmişdir. Bundan başqa qarşı tərəfin şahidi kimi cəlb edilərək dindirilmiş şəxsə-Hüseynov Cavidə qarşı o məhkəmədə iddia qaldırmış və həmin işlə bağlı o məhkəmə prosesinə gəlmədiyi halda bu məhkəməyə gələrək və onunla qərəzli olması səbəbindən qarşı tərəfin xeyrinə yalan izahat vermişdir. Halbuki məhkəmədə də bu şahidin ona borclu olduğunu bildirmiş, lakin məhkəmə onunla aralarında olan münasibəti nəzərə almadan ifadəsini inandırıcı qəbul etmişdir. Qəbzlərin birində cavabdeh qızı Afaqdan-onun yataq xəstəsi olan 1-ci qrup əlil qızından 1100 manat məbləğində pul aldığını və həmin pul müqabilində isə kartını girov qoyduğunu qeyd etmişdir. Qızı Afaq onun himayəsində olmaqla ona onu təmsil etmək hüququ ilə etibarnamə vermiş və həmin etibarnamədə çatası pulu almaq hüququ da ona etibar edilmişdir. Lakin bu barədə bildirdiyi halda məhkəmə bu fakta əhəmiyyət verməmiş və onun adına yazılan qəbzdə göstərilən pulun alınması ilə bağlı onu hüququ olmayan şəxs kimi göstərmiş və yol verilmiş bu pozuntularla bütün sübutları qarşı tərəfin xeyrinə təfsir edərək bu qətnaməni çıxarmışdır. Cavabdehin onun adına verdiyi digər qəbzlərdən onun yalnız ona borcunun 2300 manat təşkil etdiyi məlum olur, ona bu pullardan 1 manat da olsun qaytarmamışdır. Məhkəmənin istinad etdiyi digər halların heç bir hüquqi əsası yoxdur, belə ki, pul alarkən ona qəbz verən şəxs necə olur ki, pulu qaytaranda ondan qəbz almır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh ona borcludur. Qızı 1100 manat, özü də 500 və 1800 manat borc verib. Cavabdeh ona heç nə qaytarmayıb. Pulu götürəndə deyirdi ki, işdə borcu var, pul ödəməlidir, yoxsa onu işdən çıxara bilərlər. Cavabdehin dostu Cavid adlı şəxsə, 2 dəfə 700 manat olmaqla 1400 manat pul vermişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(060)-4220/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbərləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür . Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2.. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(060)-4220/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1600 manat, cəmi 2300 manat pul tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına cavabdeh tərəfindən yazılmış iltizamlar əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli iltizamda qeyd edilmişdir ki, “mən X7 xx.xx.2020 X1 1100 AZN borca pul aldım və 1 ay müddətinə qaytaracam. Əvəzində mənə məxsus olan maaş kartını qoyuram. ” xx.xx.2020-ci il tarixli iltizamda qeyd edilmişdi ki, “mən X7 xx.xx.2020 İddiaçı borc olaraq 1800 manat pul aldım və xx.xx.2020-ci il qaytaracam.” xx.xx.2017-ci il tarixli iltizamda qeyd edilmişdi ki, “mən X7 xx.xx.2020 İddiaçı borc olaraq 500 AZN pul aldım və xx.xx.2020-ci il tarixə qaytaracam.” İltizamların aşağı hissəsində cavabdehin ad, soyadı, telefon nömrələri qeyd edilmiş və imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X4 öz ifadəsində bildirmişdir ki, cavabdehlə qonşudurlar. O, özü də iddiaçıdan müəyyən məbləğdə pul götürmüşdür. Cavabdehin iddiaçıdan borcun alınmasına dair qəbzi yazıb imzalamasında o da iştirak etmişdir. Orada iddiaçı, cavabdeh və o iştirak etmişlər. Audio diskdəki səs yazıları iddiaçıya, cavabdehə və ona məxsusdur. İddiaçı cavabdehə təkid etmişdir ki, ondan pul almasına dair qəbz yazaraq imzalasın. Cavabdeh də belə bir qəbz yazaraq imzalamışdır. Səhv etmirsə cavabdeh 1600 manat pul almasına dair qəbz imzalayıb. Lakin, həmin vaxt cavabdeh iddiaçıdan heç bir pul götürməyib. Onda olan məlumata görə cavabdeh iddiaçıdan cəmi 600 manat pul götürüb. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş audiodiskdə olan səs yazısının ümumi məzmunundan görünür ki, ki, iddiaçı və cavabdeh arasında gedən danışıq zamanı iddiaçı cavabdehin ona 1800 manat borcu olmasında dair qəbz yazmasını, qəbzin tarixinin 25 aprel 2020-ci il kimi göstərməsini təkid edir, cavabdeh isə iddiaçıya 700 manat borcu olduğunu bildirir. Cavabdehin iddiaçıdan 1800 manat pul alması barədə xx.xx.2020-ci il tarixli iltizam tərtib edilərkən cavabdehin iddiaçıdan hər hansı məbləğdə pul almadığı iş materialları ilə təsdiqlənir. Digər xx.xx.2020-ci il tarixli əlyazmasında isə cavabdeh iddiaçıdan 500 manat məbləğində pul aldığını etiraf etmişdir. Cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 700 manat pul aldığını və həmin məbləği iddiaçıya qaytardığını bildirmişdir. Belə olan halda həmin məbləğin iddiaçıya qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə yuxarıda göstərilən formada gəldiyi nəticə ilə cavabdehdən iddiaçının xeyrinə 700 manat pulun tutulması qənaətinə gələrmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli iltizamda qeyd edilmişdir ki, “mən X7 xx.xx.2020 İddiaçı borc olaraq 1800 manat pul aldım və xx.xx.2020-ci il qaytaracam.” xx.xx.2017-ci il tarixli iltizamda qeyd edilmişdir ki, “mən X7 xx.xx.2020 İddiaçı borc olaraq 500 AZN pul aldım və xx.xx.2020-ci il tarixə qaytaracam.” Bununla da müəyyən edilir ki, cavabdeh iddiaçıdan xx.xx.2017-ci il isə 500 manat, xx.xx.2020-ci il tarixdə 1800 manat pul almışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini iş materiallarında olan qəbzlə sübuta yetirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan cavabdeh tərəfindən imzalanmış qəbzlərlə iddiaçının cavabdehə 500 və 1800 manat pul verməsi təsdiq edilmişdir. Məhkəmə kollegiyası şahid kimi ifadə vermiş X2 ifadəsini əsaslı hesab etmir. Belə ki, şahid ifadəsində göstərmişdir ki, özü də iddiaçıdan müəyyən məbləğdə pul götürmüşdür. Cavabdehin iddiaçıya borcun alınmasına dair qəbzi yazıb imzalamasında o da iştirak etmişdir. Orada iddiaçı, cavabdeh və o iştirak etmişlər. Məhkəmə kollegiyası şahidin göstərdiyi halla bağlı qeyd edir ki, şahid qəbzin yazılmasında iştirak etdiyini bildirsə də yazılmış qəbz yalnız cavabdeh tərəfindən imzalanmış, şahid tərəfindən imzalanmamışdır. Həmçinin şahid cavabdehin 1600 manat pul almasına dair qəbz imzalaması, cavabdehin iddiaçıdan cəmi 600 manat pul götürməsini bildirmişdir ki, bu hal da iş materiaları və tərəflərin ifadələri ilə təkzib edilir. Belə ki, cavabdeh özü iddiaçıya 700 manat borclu olmasını, həmçinin iddiaçının təkidi ilə 1800 manat pul götürməsinə dair qəbz imzalamasını bildirsə də, şahid qismində dindirilmiş şəxs cavabdehin 1600 manat pul götürməsinə dair qəbz yazdığını, cavabdehin iddiaçıdan 600 manat borc almasını bildirməklə həmin qəbzin yazılmasından iştirak etməsini təkzib etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası şahidin ifadəsinə tənqidi yanaşraq hesab edir ki, şahid ifadəsi hazırki iddianın qismən təmin edilməsi üçün əsas sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2300 manat pul verilməsi iş materiallarında olan qəbzlərə təsdiq edilsə də, cavabdehin iddiaçıya borcunu qaytarmasına dair hər hansı sübutu təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, 700 (yeddi yüz) manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməli, Cavabdeh İddiaçı xeyrinə tutulacaq məbləğ 2300 (iki mün üz yüz) manat müəyyən edilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin X1 cavabdeh tərəfindən alınmış 1100 manat pulun tutulmasına dair hissədə təmin etməməklə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, həmin qəbz cavabdehlə X5 arasında bağlanmış, cavabdeh həmin şəxsdən borc aldığılnı qeyd etmişdir. Göründüyü kimi, həmi məbləği cavabdehə iddiaçı yox, onun qızı vermişdir. İddiaçı həmin şəxsin adından etibarnamə və ya digər səlahiyyət verən sənəd əsasında onun adından iddia qaldıra bilərdi. Lakin, iddiaçı qeyd olunan əlyazmasına əsaslanaraq həmin məbləği öz xeyrinə tələb etmiş, qızının adından iddia ərizəsi ilə müraciət etməmişdir. Bu səbəbdən də hazırda iddiaçının qızının adından cavabdehdən pul tələb etməsinə subyektiv hüququ mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin həmin hissədə təmin edilməməsi qənaətinə gəlməkdə məhkəmə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün məhkəmə haqlı olaraq ödənilmiş dövlət rüsumunu da iddiaçının xeyrinə qismən tutmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(060)-4220/2022 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1600 manat, cəmi 2300 manat pul tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1,384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(060)-4220/2022 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 1600 manat, cəmi 2300 manat pul tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar