Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2912/2020 02.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, Cavabdeh və cavabdehin nümayəndəsi: Zamin1 iştirakı ilə, X1 "xxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi F.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.M.Yaqubov) X1 "xxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: X1 «xxxxxxxxxxx» ASC cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 675,08 manat əsas, 410,82 manat faiz, 92,35 manat cərimə borcu olmaqla, cəmi 1178,25 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 «xxxxxxxxxxx» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxxxxxxxxxxxx» ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 23 % dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində cavabdehə kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən, kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalana verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,1 faizi miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin1 və Zamin2 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zaminlər borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyırlar. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və ləğv prosesində olan «xxxxxxxxxxx» ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi F.Əliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə hüquq normalarının kobud şəkildə pozulması nəticəsində qəbul edildiyindən qeyri-obyektiv, əsassız və qanunsuzdur. Məhkəmə iddia müddəti tətbiq etməklə, iddianı əsassız olaraq təmin etməmişdir. Həmçinin, qətnamə bu hissədə kifayət qədər əsaslandırılmamışdır. Bankın qənaətinə görə bu fakt özü, yəni məhkəmə aktının əsaslandırılmaması öz-özlüyündə həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə də cavab vermir. Odur ki, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(027)-2078/2018 saylı qətnaməsini tam ləğv edərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh və cavabdehin nümayəndəsi Zamin1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi və cavabdeh Zamin2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı rədd edərkən, iddiaçı tərəfindən iddia müddətinin keçməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi F.Əliyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxx 2013-cü il tarixli, 00157 nömrəli kredit müqaviləsindən görünür ki, «xxxxxxxxxxxxxx» ASC-nin Quba filialı tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 23 %-lə 5000 manat məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadəyə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx xxxx 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, xx xxxx 2013cü il tarixli, 00157 nömrəli kredit müqaviləsi ilə kredit almış Cavabdeh kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti zaminlər Zamin1 və Zamin2 öz üzərlərinə götürmüşdürlər. İşə əlavə olan xx xxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxx 2018-ci il tarixə banka 675,08 manat əsas, 410,82 manat faiz və 92,35 manat cərimə borcu olmaqla, cəmi 1178,25 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan «xxxxxxxxxxx» ASC-nin hazırki iddiası üzrə iddia müddəti keçdiyindən, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx xxxx 2013-cü il tarixli, 00157 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışda cavabdehin həmin kredit müqaviləsi üzrə 500 manat olmaqla sonuncu ödənişi xx xxxx 2015-ci il tarixdə etdiyi göstərilmişdir. Cavabdeh tərəfindən kredit üzrə sonuncu ödənişin hətta xx xxxx 2015-ci il tarixdə edilməsi və bu hərəkətlə də borclu şəxsin borcunu etiraf etməsi nəzərə alınsa, onda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə uyğun olaraq belə nəticəyə gəlmək olar ki, hazırki tələb üzrə iddia müddətinin axımı məhz xx xxxx 2015-ci il tarixdən – kredit müqaviləsinin müddəti bitdiyi tarixdən başlayır ki, üç illik həmin iddia müddəti də xx xxxx 2018-ci il tarixdə başa çatır. Hazırkı iddia isə xx xxxx 2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Buradan da aydın görünür ki, iddiaçı qanunla müəyyən olunmuş üç illik iddia müddətini ötürmüşdür. Hazırda isə iş üzrə cavabdeh iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə də bu iddianın rədd olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüquq pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» x xxxx 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyəti ilə bağlı sözügedən x xxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. X4 Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” Qərarında qeyd etmişdir ki, “qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir”. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2013-cü il tarixli Qərarına istinad edərək qeyd edir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqədardır. Bu hal da hər zaman bir-biri ilə üst-üstə düşmür. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin xx xxxx 2018-ci il tarixli yox məhz xx xxxx 2018-ci il tarixi əsas götürülməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının kredit müqaviləsi ilə bağlı subyektiv hüququ obyektiv an xx xxxx 2015-ci il tarixdən başlayır və məhz həmin tarixdən o, öz hüquqlarının pozulduğunu bilməli idi. Belə ki, bank özünə məxsus olan pul vəsaitini sonradan qaytarmaq şərtilə kredit formasında verir və bu zaman ödənilən faizlər bankın qazancını təşkil edir. Bankın əsas funksiyalarından biri də kredit vermə funksiyasıdır. Verdiyi kredit məbləğlərinin qaytarılmasına nəzarət etmək və bununla bağlı müvafiq hüquqi prosedurlardan istifadə etmək bankın professional vəzifəsidir. Bu zəmində məhkəmə hesab edir ki, müştəriləri ilə çoxlu sayda kredit müqaviləsi bağlayan iddiaçı onun hüquqlarının məhz həmin vaxtdan pozulduğunu bilməli idi. İddiaçı iddia müddətinin axımının dayandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd olunmuş halların mövcud olması və iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmiş, eyni zamanda iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda istinad olunan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş üç illik iddia müddəti keçdiyi üçün iddia təmin olunmamalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunmadığından dövlət rüsumu ilə bağlı tələb də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, qətnamə qəbul edildikdən sonra cavabdeh tərəfindən borc tam şəkildə ödənilmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli 2(027)- 2078/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2912/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2912/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver