Məhkəmə qərarları › İş №2(105)-2912/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2912/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2912/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-296/221 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-296/221 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh verdiyi 2960 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 2990 (iki min doqquz yüz doxsan) manat məbləğində pulun tutulub İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 2(028)-296/221 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 2960 manat, 40 manat benzin, 1000 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumu, ümumilikdə 4030 (dörd min otuz) manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E LL Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya «Cadilac SRX» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilkin ödəniş 2960 manat olmaqla və 6 ay, hər ay 500 manat ödənilmək şərti ilə etibarnamə əsasında satmışdır, maşın tam istifadəyə yararlı vəziyyətdə təqdiim edilmiş, razılaşmaya əsasən 2960 manat ilkin ödənişi almışdır. Lakin bir müddət keçdikdən sonra iddiaçı maşını geri qaytarmış və geri qaytardığı vaxt həmin maşına görə iddiaçıdan aldığı 2150 manatı ona qaytarmış, 810 manat məbləğində pulu isə iddiaçının günahı üzündən həmin maşının mühərrikində yaranmış ciddi problemlə əlaqədar qaytarmamışdır. İddiaçıya hər hansı borcu qalmamışdır. Məhkəmə onu prosesə dəvət etmədiyi üçün bu barədə izahat vermək imkanından məhrum olmuşdur. Halbuki həmin danışıqlarda İlkin, Qorxmaz və Cahid adlı şəxslər də iştirak etmiş, 2150 manat pulu da məhz onların yanında vermişdir. Bundan başqa iddiaçı maşını motoru yanmış vəziyyətdə qaytardığı və onu yenidən yığdıraraq əlavə 1000 manatdan artıq pul sərf etdiyini maşını təmir edən ustalar da təsdiq edə bilərlər. Bu barədə polis orqanında verdiyi izahatda da bildirmişdir. Lakin məhkəmə yalnız iddiaçıya 2960 manata ilkin döənişlə maşın satmasınıa istinad etmişdir. Hazırki qətnamə əsassız borc öhdəliyinə cəlb edilməsinə və yüklənməsinə xidmət edir. Buna görə də qətnamə ləğv edilməli, iddia tələbi bütünlükdə rədd edilməlidir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 2(028)-296/221 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 12.08.2020-ci il tarixli qərarında göstərilir ki, araşdırma zamanı X2 və atası X1 eyniməzmunlu izahat verərək Turbo.az saytı vasitəsi ilə «Cadilac SRX» markalı 50DA-676 dövlət qeydiyyat nişanlı avtomaşını Heybətağa adlı şəxsə ilkin 2960 manat ödənilməklə və 6 ay hər ay 500 manat ödənilmək şərti ilə etibarnamə əsasında satdığını və avtomobilin akumulyatorunu, yağını dəyişdirib texniki baxışını, sığortasını yeniliyərək ona təhvil vermiş, avtomaşın satılan zaman 4 ilə yaxın sürülmədiyini, nasazıqlarının olduğu üçün evakuator vasitəsi ilə aparılmalı olduğu izah olunmuş, bu səbəbdən də avtomaşının mühərrikinin qaynatmasını Heybətağa adlı şəxsə bildirmişlər. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddiaçının aldığı avtomaşına görə cavadbehə 2960 manat ödəməsinin tərəflərin polis orqanında verdikləri izahatı ilə təsdiq edilməsini müəyyən edərək iddianı qeyd edilən hissədə təmin etmiş, digər hissələrdə iddianı sübut edəcək sübutların olmaması əsası ilə təmin etməmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası MM-in 324.3, 334,337-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası MM-in 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqdir. Etibarnamə birtərəfli əqdir. Qanunvericilikdə etibarnamə verilməsi müqabilində digər tərəfin hər hansı öhdəliyi öz üzərinə götürülməsi nəzərdə tutulmamışdır. Azərbayçan Respublikası MM-nin 334-cü maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası «Notariat haqqında» Qanununun 46-сi maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki,tərəflər arasında «Cadilac SRX» markalı 50DA-676 dövlət qeydiyyat nişanlı avtomaşının ilkin 2960 manat ödənilməklə və 6 ay hər ay 500 manat ödənilmək şərti ilə satılmasına dair razılaşma olmuş, iddiaçı cavabdehə 2960 manat ödəniş etmişdir. Bu fakt cavabdehin polis orqanında verdiyi ifadəsində, eləcə də apellyasiya şikayətində öz təsdiqini tapmışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan 2960 manat ilkin ödənişi almasını bildirmiş, eyni zamanda həmin məbləğdən 2150 manatını iddiaçıya qaytardığını, 810 manatı isə avtomaşının yararsız hala salınmış mühərrikinin təmirinə xərclədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə 2960 manat ödəməsi iş materialları və tərəflərin ifadələri ilə təsdiq edilsə də, həmin məbləğin geri qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Belə ki, cavabdeh həmin məbləğin 2150 manatını qaytarmasını, 810 manatını isə mühərrikinin təmirinə xərclərməsini bildirsə də bunu sübut edəcək hər hansı dəlili təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. Tələb edilən borcun hansı əsasla yaranmasına dair hər hansı sübutun olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinin tələblərini pozmuşdur. Halbuki iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. Görüydüyü kimi, iddiaçının cavabdehə 2960 manat ödəməsi sübuta yetirilsə də, həmin məbləğin geri qaytarılması sübuta yetirilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini hüquqi yardıma förə 1000 manat və 40 manat benzinə ödənilmiş pulun qaytarılması hissəsind ətəmin etməməkdə haqlı olmuşdur. Azəraycan Respublikası Mülki Prosessual Məcələnin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Lakin iddiaçı hüquqi yardıma görə 1000 manat, eləcə də 40 manat benzinə ödəniş etməsini göstərsə də buna dair sübutları, qaimələri təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə cavabdeh apellyasiya şikayətində məhkəmə iclasları barədə məlumatlandırılmamasını bildirsə də, iş materiallarından görünür ki, məhkəmə iclasları barədə cavabdehə bildiriş göndərilmişdir. Həmçinin apellyasiya şikayətinə baxılmasına dair məhkəmə bildirişi (sms bildiriş) göndərilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 2(028)-296/221 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-296/221 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar