Məhkəmə qərarları › İş №2(105)-2914/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2914/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2914/2021 29.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(028)-293/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi İ.R.Mirzəyev tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qubadlı Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(028)-293/2021 saylı qətnaməsi ilə (hakim V.Y.Ruvinov) «Azəriqaz» İB-nin Cavabdeh qarşı qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 216 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 185,73 manatın, 20 manat ödənilmiş dövlət rüsümu olmaqla, ümumilikdə isə 421,73 manatın cavabdehdən alınaraq “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə ilk iddia təmin edilməmiş və Cavabdeh «Azəriqaz» İB-nə qarşı qarşılıqlı iddiası təmin edilərək Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 15/38, mənzil 1-də istifadədə olan qaz sayğacına görə hesablanmış 185,73 manat borc və 19.05.2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216,00 manat borc məbləğinin silinməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi İ.R.Mirzəyev apelyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(028)-293/2021 saylı qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salmasına görə hesablanmış 216,00 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 185,73 manat , 20 manat ödənilmiş dövlət rüsümunun, ümumilikdə isə 421,73 manat cavabdehdən alınaraq “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandımışdır ki, “Azəriqaz” İstehsalat Birliyi 18.06.2020-ci il tarixli 09/5924 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqı müqaviləsi” əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB-nin Sumqayıt QİS-i tərəfindən **********400010 nömrəli abonent kodu verilmişdir. Həmin ünvana “Azəriqaz” İB-nin Sumqayıt QİS-i tərəfindən G-4 markalı, 1202AQ**********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın tələblərini pozaraq qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 13.01.2020-ci il tarixdə Cavabdeh məxsus yaşayış evinə quraşdırılmış G-4 markalı, 1202AQ**********3 nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir.Çıxarılmış sayğac yoxlanılması üçün İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir.İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK-29/1710-00300-3 nömrəli rəyinə əsasən sayğaca baxış keçirildi, sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı, 24.12.2019-cu il tarixə elektron göstərici 06896 m3 olmuşdur, sayğacın element yuvasının qapağı alt hissədən vint vasitəsilə gövdəyə birləşən hissədən sınıqdır, sayğacın yaddaş arxivi oxundu, 24.12.2019-cu il tarixdə Alarm-1 rejimi aşkar olundu (yaddaş arxivində son tarix 24.12.2019-cu il olmuşdur) və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur.Bu səbəbdən itirilmiş qazın sərfiyyatına görə 216,00 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 185,73 manat ümumilikdə 401,73 manat abonentdən tələb edilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 17ci məhəllə, ev 15/38, mənzil 1-də istifadə olan qaz sayğacına görə hesablanmış 185,73 manat borcun və 19.05.2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216,00 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Onun mənzilinə gələn qaz sayğacı çöldə quraşdırılmışdır.Bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq «Azəriqaz» İB tərəfindən 13.01.2020-ci il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmiş və həmin akt əsasında qaz sayğacın dəyəri 185,73 manat və 216,00 manat məbləğində cərimə hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə «Azəriqaz» İB-yə dəfələrlə bildirsə də, heç bir nəticə olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi İ.R.Mirzəyev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi 22 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, ilk iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İ.R.Mirzəyev apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə işttirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”ndən görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt X4 ilə Cavabdeh arasında 18.06.2020-ci il tarixdə 09/5924 saylı müqavilə bağlanmışdır.Müqavilənin 2.1.1-ci bəndinə əsasən paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməlidir. Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən isə istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. «Azəriqaz» İB-nin Sumqayıt qaz istismar idarəsi tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqda göstərilmişdir ki, onun ünvanında olan G-4 markalı, 1202AQ**********3 nömrəli qaz sayğacı ******* nömrəli akt tərtib edilərək çıxarmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir. Çıxarılmış sayğac dövlət yoxlanılmasına X1 Departamenti Sayğacların müayinəsi laboratoriyanın MSK-29/1710-00300-3 nömrəli rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur.Bu səbəbdəndə itirilmiş qazın sərfiyyətinə görə 216,00 manat borc yaranmışdır.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 2.12 bəndində istehlakçı qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanmasına görə məsuliyyət daşıyırlar. Hesablanmış borcu 5 gün müddətinə ödənilməzsə məhkəməyə müraciət olunacaq. Abonentin saldosundan görünür ki, 2020-ci il tarixə Cavabdeh aktlar üzrə 216,00 manat borcu var. «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, G-4 markalı 1202AQ**********3 nömrəli qaz sayğaça baxış keçirildi, sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı, 24.12.2019cu il tarixə elektron göstərici 06896 m3 olmuşdur, sayğacın element yuvasının qapağı alt hissədən vint vasitəsilə gövdəyə birləşən hissədən sınıqdır, sayğacın yaddaş arxivi oxundu, 24.12.2019-cu il tarixdə Alarm-1 rejimi aşkar olundu (yaddaş arxivində son tarix 24.12.2019cu il olmuşdur). Dəymiş ziyan hesablansın. Azərbaycan Respublikası DNŞ-nin «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş 19.05.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-4 markalı 1202AQ**********3 nömrəli qaz sayğaca baxış keçirildi, sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı, 24.12.2019-cu il tarixə elektron göstərici 06896 m3 olmuşdur, sayğacın element yuvasının qapağı alt hissədən vint vasitəsilə gövdəyə birləşən hissədən sınıqdır, sayğacın yaddaş arxivi oxundu, 24.12.2019-cu il tarixdə Alarm-1 rejimi aşkar olundu (yaddaş arxivində son tarix 24.12.2019-cu il olmuşdur).Dəymiş ziyan həcmi 2160 m3 təşkil edir. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin 15.05.2020-ci il tarixli MSK-29/1710- 00300-3 nömrəli rəyinə əsasən sayğaca baxış keçirildi, sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı, 24.12.2019-cu iltarixə elektron göstərici 06896 m3 olmuşdur, sayğacın element yuvasının qapağı alt hissədən vint vasitəsilə gövdəyə birləşən hissədən sınıqdır, sayğacın yaddaş arxivi oxundu, 24.12.2019-cu il tarixdə Alarm-1 rejimi aşkar olundu (yaddaş arxivində son tarix 24.12.2019-cu il olmuşdur) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırlması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Qaydaların 4.7 və 4.8-ci bəndlərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd olunan Qaydaların 2.7 və 2.8-ci bəndlərinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qaydaların 3.1.5 və 3.1.7-ci bəndlərinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin qaydaların 4.4 və 4.9-cu bəndlərinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi İ.R.Mirzəyevin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(028)-293/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar