Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-292/2022 06.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(067)-295/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(067)-295/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 475,20 manat məbləğində ziyanın tutularaq **********20000 nömrəli abonent koduna və 20 manat dövlət rüsumunun İddiaçı bank hesabına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı tərəfindən **********20000 saylı abonent kodu verilmiş, evə SMART tipli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh istifadəsinə verilmiş sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etməklə təbii qazı talamışdır. Xaçmaz qaz istismar idarəsinin əməkdaşları tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan istifadə halı müəyyən edilmiş və akt tərtib olunaraq 475,20 manat ziyan hesablanmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq abonent tərəfindən heç bir ödəniş edilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş üzrə lüzumsuz yerə təyin olunmuş ekspertizanın rəyinin əsassız mülahizələri əsasında məhkəmə tərəfindən qətnamə çıxarılmış, İddiaçı təqdim etdiyi sübutlar qiymətləndirilməmişdir. “Azəriqaz“ X6 RQİİ ilə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh təbii qazdan istifadə edir. Abonent istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmədiyindən yığılıb qalmış borcunun ödənilməsi üçün şərait yaratmaq məqsədi ilə mexaniki qaz sayğacı 2019-cu ilin mart ayında SMART tipli sayğacla əvəz edilmişdir. Abonentin qaz xətinə 31.03.2020-ci il tarixdə Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin əməkdaşları tərəfindən baxış keçirilərkən abonentin SMART tipli qaz sayğacından əvvəl qaz xəttinə qoşularaq təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkarlanmışdır. Bu hal baxış zamanı çəkilmiş foto və video çəkilişlərlə öz təsdiqini tapmışdır. Müvafiq foto-şəkillər işə əlavə edilmiş, video çəkiliş isə bazada olduğu üçün sonradan təqdim edilməsi üçün diskə köçürülmüşdür. Lakin məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsinin iştirakı təmin edilmədiyindən video çəkiliş materialları məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə” adlı sənədin icra olunacaq tədbirlər qrafasında sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilməsi qeyd edilmişdir. Həmin vaxt bu tədbir icra edilərək sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilmişdir. Məhkəmənin bu halın aşkar edilməsindən 1 il 4 ay keçəndən sonra abonentin qaz xəttində sayğacdan kənar qoşulma halının olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin etməsi heç bir məntiqə əsaslanmır və ekspertiza təyin etmək üçün zərurət olmamışdır. Həmçinin təqdim olunmuş sənədlərdə sayğacdan kənar qaz xəttinin ləğv edilməsi barədə bir başa göstəriş varsa, ekspert 1 il 4 aydan sonra abonentin qaz xəttində sayğacdan kənar xətti müəyyən edə bilməzdi. Üstəlik həmin ekspertiza rəyində əvvəllər sayğacdan kənar qoşulma halının (kənar xəttin) olub-olmamasını məhkəmə tərəfindən araşdırmalar aparılmaqla həll edilə bilməsi qeyd edilmişdir. Deməli, ekspertizanın rəyi iş üzrə heç bir halı müəyyən etmir və bu rəyin sübut əhəmiyyəti yoxdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06.02.2019-cu il tarixli, 10274 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı 31 mart 2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh yaşadığı evə quraşdırılmış SMART tipli qaz sayğacına baxış keçirilən zaman sayğacdan əvvəl qaz xəttinə qoşularq qazdan qeyri qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı 31 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu **********20000) itirilmiş qazın sərfiyyatı 4752 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Cavabdeh yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu **********20000) akta görə borc 475,20 manat təşkil edir. İş üzrə keçirilmiş ekspertizanın 05 iyul 2021-ci il tarixli, 10/2123 sayı rəyindən görünür ki, baxış zamanı Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qaz sayğacına daxil olan qaz xəttində sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Lakin əvvəllər sayğacdan kənar qoşulma halının (kənar xəttin) mövcud olub olmaması məhkəmə tərəfindən araşdırmalar aparılmaqla həll edilə bilər. İş materiallarına əlavə edilmiş İddiaçı Xaçmaz X9 İdarəsinin Xaçmaz rayonu üzrə TQQ və SX ilə istehlakçı Cavabdeh arasında imzalanmış 22.04.2020-ci il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə pazılaşma protokolunun surətindən görünür ki, qaz paylayıcısı funksiyasını yerinə yetirən Xaçmaz X9 İdarəsi və istehlakçı Cavabdeh qarşılıqlı təsdiq etmişlər ki, istifadə olunmuş təbii qaza görə istehlakçının debitor borcu 475,20 manat təşkil edir, istehlakçı qaz (ödəmə) kartına hər yüklənəcək məbləğdən 50% tutulmaqla borcun hissə-hissə ödənilməsinə razılığını bildirmiş və ödəmə kartına məbləğin yüklənməsinin müntəzəm olacağına söz vermişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən iddiaçı tərəfin iddianı təsdiq edəcək heç bir mötəbər sübutu təqdim etməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Belə ki, “Qaz təchizatı haqqında” qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İşdən görünür ki, Cavabdeh yaşadığı evə quraşdırılmış SMART tipli qaz sayğacına baxış keçirilən zaman sayğacdan əvvəl qaz xəttinə qoşularaq qazdan qeyri qanuni istifadə etdiyi aşkar olunmuş, bu barədə 31 mart 2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 05 iyul 2021-ci il tarixli, 10/2123 sayı rəyində baxış zamanı Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qaz sayğacına daxil olan qaz xəttində sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilmədiyinin müəyyən edildiyi qeyd olunsa da, rəyin tədqiqat prosesinin təsviri hissəsində qaz sayğacına gələn qaz xəttinin yer üstü çəkilərək qaz sayğacına qalxan hissəsinin üzərində qaynaq izlərinin (tikişlərin) olduğu müəyyən edilmişdir. Həmçinin İddiaçı Xaçmaz X9 İdarəsinin Xaçmaz rayonu üzrə TQQ və SX ilə Cavabdeh arasında imzalanmış 22.04.2020-ci il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə pazılaşma protokolundan görünür ki, Cavabdeh təbii qaza borcunun 475,20 manat olduğunu etiraf edərək qaz ödəmə kartına hər yüklənəcək məbləğdən 50% tutulmaqla borcun hissə-hissə ödənilməsinə razılığını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilən normadan da görünür ki, şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. İstehlakçı da “Qazdan istifadə Qaydaları”nın və müqavilə şərtlərinin pozulmasına görə qazpaylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda, qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Qazpaylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyildir. Odur ki, qazpaylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda, istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir, yəni qanunsuz qoşulma nəticəsində məişət abonenti pozuntu aşkar edilən günədək istehlak etdiyi təbii qaza görə ödəməli olduğu məbləğdən daha az məbləğ ödəmişdir. Qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında за edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu a müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddiaçı tərəfindən məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu, apellyasiya şikayəti vermək üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdeh Cavabdeh tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 475,20 manatdır, yəni beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(067)-295/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh oğlundan İddiaçı xeyrinə 475,20 (dörd yüz yetmiş beş manat 20 qəpik) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumları tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-292/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-292/2022
06.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver