Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-292/2025 23.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dadaşov İlqar Cabir oğluna qarşı mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyəti ilə bağlı vəsatətin geri qaytarılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı cavabdeh Dadaşov İlqar Cabir oğluna qarşı "alimentin miqdarının artırılması" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e- 2(012)-6196 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 iyul 2009-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin əmək haqqından və digər gəlirlərindən 1/3 hissədə aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq, mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
3. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində “Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir” qeyd edilmişdir. Həmin Məcəllənin 45.1-ci maddəsində “Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır” göstərilmişdir. Eyni Məcəllənin 45.2-ci maddəsində “Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər” bildirilmişdir. Həmin Məcəllənin 45.4-cü maddəsində “Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir.
4. Abşeron Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(012)- 6196/2024 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) Cavabdeh işin aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilməməmişdir.
5. Cavabdeh Dadaşov X4 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(012)-6196/2024 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(012)- 6196/2024 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) şikayətin təmin edilməməsi, Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-6196/2024 saylı qərardadından vermiş olduğu şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, o, faktiki olaraq Bakı şəhəri Nizami rayonunda yaşayır və bu barədə məhkəməyə sənəd təqdim etmişdir. Lakin buna baxmayaraq məhkəmə əsassız olaraq vəsatətini təmin etməmişdir.
Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
10. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(012)-6196/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(012)- 6196/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2 və 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(012)- 6196/2024 nömrəli və bununla bağlı 20 dekabr 2024-cü il tarixli, e-2(012)-6196/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh işin aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətin təmin edilməməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı aliment miqdarınınn artırılması tələbinə dair iş alimentin alınması tələbinə aid olduğundan iddiaçın yaşadığı yerə görə verilə bilər. Həmçinin elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh özü də ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Odur ki, cavabdehin vəsatəti əsassızdır. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq göstərmişdir ki, o, faktiki olaraq Bakı şəhəri Nizami rayonunda yaşayır və bu barədə məhkəməyə sənəd təqdim etmişdir. Lakin buna baxmayaraq məhkəmə əsassız olaraq vəsatətini təmin etməmişdir. Kollegiya qeyd edir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası qeyd olunan qanunverici aktlarının göstərişlərini nəzərə alıb, şikayətin dəlillərini iş materilalları ilə əlaqəli şəkildə araşdıraraq əsassız hesab edir və bununla bağlı qeyd edir: Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən maddədə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir (Mülki Prosessual Məcəllənin 36 maddə) . İddiaçı MPM-nın 36-cı maddəsinə əsasən seçim hüququndan istifadə edərək yaşayış yeri üzrə Abşeron rayon Məhkəməsində iddia qaldırmışdır. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan görünür ki, cavabdeh Dadaşov X4 rayonu, Masazır Ərazi Dairəsi, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 6, mənzil 6 ünvanında rəsmi qeydiyyatdadır. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Həmin Qanunun tələbinə görə Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qeyd olunduğu kimi şəxsin yaşayış yeri hər hansı arayışla deyil, yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi tərəflər Abşeron rayon inzibati ərazisində qeydiyyatda olmaqla, iddiaçı tərəfindən Abşeron rayon Məhkəməsinə müraciət edilərkən ərazi aidiyyət qaydalarının pozulmasına yol verilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, həmin dəlilləri MPM-nın göstərişləri ilə uzlaşmadığından əsassızdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.
13. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq,
q ə r a r a a l d ı:
Cavabdeh Dadaşov İlqar Cabir oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(012)-6196/2024 nömrəli və bununla bağlı 20 dekabr 2024-cü il tarixli, e-2(012)-6196/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.