Məhkəmə qərarları › İş №2(105)-2921/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2921/2021

27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2921/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X9, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(067)-804/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(067)-804/2021 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı cavabdeh X4 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(067)-804/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 vurulmuş ziyanın əvəzi olaraq 176.350 manat məbləğində pulun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 26 iyul 2016-cı il tarixdə dövlət qeydiyyatından keçmişdir və həmin vaxtdan 2018-ci ilin dekabr ayına kimi cavabdeh MMC-nin direktoru vəzifəsində işləmişdir. 2018-ci ilin dekabr ayında cavabdeh işdən çıxarılaraq yerinə X6 direktor təyin edilmişdir. Bu zaman MMC-nin aktiv və passivlərinin təhvil-təslimi həyata keçirilmiş və məlum olmuşdur ki, MMC-nin kassasında 176350 manat əskik var. Bu zaman təhvil təslim aktına 1 saylı əlavə hazırlanmışdır. Cavabdeh həmin əlavəni imzalayaraq 176.350 manat məbləğində pul vəsaitini kassadan şəxsi ehtiyacları üçün götürdüyünü bildirmiş və 31 dekabr 2018-ci il tarixədək qaytaracağını üzərinə öhdəlik olaraq götürmüşdür. Lakin cavabdeh pulun geri qaytarılması ilə bağlı əlavə vaxtın verilməsinə pretenziya ilə müraciət edilməsinə baxmayaraq MMC-yə vurduğu ziyanı ödəməkdən yayınmaqdadır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 23 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1, 49.3, 49.4.5-ci maddələrinin və Azərbaycan Resublikası MPM-nin 2.1, 265.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh X3 vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1, 296.1 – 296.6-cı maddələrinə istinad edərək hesab etmişdir ki, tərəflər arasında yaranmış hazırki mübahisə əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar yaranmışdır və bu mübahisə əmək qanunvericiliyi ilə nizamlanan münasibətlərə aiddir. Cavabdeh 2018-ci ilin noyabr ayında işdən azad olunmuş və iddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə 08 fevral 2021-ci il tarixdə müraciət edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə iddia müddəti 1 il olduğundan, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Ona görə də cavabdehin ərizəsinə əsasən iddia tələbinə bir illik iddia müddəti tətbiq edilməli və iddia təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin ərizəsinə əsasən iddia tələbinə dair iddia müddəti tətbiq edib, iddianı rədd edərkən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin Təsisçilərinin 25 iyul 2016-cı il tarixli qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə İddiaçı MMC təsis edilmiş və nizamnaməsi təsdiq edilmişdir. İddiaçı MMC-nin 22 iyul 2016-cı il tarixli 1 saylı əmrindən çıxarışdan görünür ki, MMCnin təmsilçisi Cavabdeh İddiaçı MMC-nin direktoru vəzifəsini öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin təsisçisi X8 və Cavabdeh arasında 01 sentyabr 2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddiaçı MMC-nin iştirakçılarının 27 noyabr 2018-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolundan görünür ki, Cavabdeh Cəmiyyətin baş meneceri vəzifəsindən işdən azad edilmişdir. İddiaçı MMC-nin 30 noyabr 2018-ci il tarixli, 37/4 nömrəli sənədindən görünür ki, X1 Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən işdən azad edilmişdir. 01 dekabr 2018-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin balansı 803.126,47 manat olmaqla 176.350 manat çatışmazlıq müəyyən olunur. Təhvil-təslim aktına 1 saylı əlavəyə əsasən Cavabdeh 176.135 manat pulu 31 dekabr 2018-ci il tarixədək təhvil verməyi öhdəlik olaraq üzərinə götürmüşdür. İddiaçı Cavabdeh ünvanlamış 12 yanvar 2021-ci il tarixli pretenziya məktubu ilə bildirilmişdir ki, 01 dekabr 2018-ci ıl tarixdə İddiaçı MMC-nin direktoru kimi səlahiyyətlərinizi yeni direktora təhvil verən zaman tərtib edilmiş təhvil-təslim aktı və ona 1 saylı əlavəyə əsasən İddiaçı MMC-nin kassasında çatışmayan 176.350 manat pul vəsaətini 31 dekabr 2018-ci il tarixə təhvil verməyi öhdəlik olaraq üzərinizə götürmüsünüz. Uzun müddət keçməsinə baxmayaraq həmin məbləğ MMC-yə qaytarılmamış və 05 iş günü müddətində öhdəliklərinizi icra etmədiyiniz təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır. İddia ərizəsinin məzmunu və işin materialları ilə müəyyən olunur ki, Cavabdeh 2018-ci ilin dekabr ayına kimi İddiaçı MMC-nin direktoru vəzifəsində işləmiş və 2018-ci ilin dekabr ayında işdən çıxarılarkən (direktor vəzifəsindən azad edilərkən) məlum olmuşdur ki, MMC-nin kassasında 176.350 manat əskiklik vardır və cavabdeh həmin pul vəsaitini kassadan şəxsi ehtiyacları üçün götürdüyünü bildirmişdir. Göründüyü kimi, “Cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 176.350 manat məbləğində pul vəsaitinin iddiaçı MMC-nin xeyrinə tutulması” ilə əlaqədar yaranmış hazırkı mübahisə Cavabdeh (işçinin) iddiaçı MMC-nin (işəgötürənin) direktoru vəzifəsində işlədiyi dövrdə əmək funksiyalarını yerinə yetirməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmin Məcəllənin 49.4 və 49.4.5-ci maddələrinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi hallarda məsuliyyət daşıyır. İş materialları ilə müəyyən olur ki, İddiaçı MMC-nin təsisçilərinin 25 iyul 2016-cı il tarixli qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə İddiaçı MMC təsis edilmiş, 22 iyul 2016-cı il tarixli 1 saylı əmrlə indən çıxarışdan görünür ki, MMC-nin təmsilçisi Cavabdeh, İddiaçı MMC-nin direktoru vəzifəsini öz üzərinə götürmüş və 01 sentyabr 2016-cı il tarixdə onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. 01 dekabr 2018-ci il tarixli araşdırmaların nəticəsində İddiaçı MMC-nin balansının 803.126,47 manat olmaqla 176.350 manat çatışmazlıq müəyyən olunmuş, təhvil-təslim aktına 1 saylı əlavəyə əsasən Cavabdeh 176.135 manat pulu 31 dekabr 2018-ci il tarixədək təhvil verməyi üzərinə götürmüşdür. İddiaçı MMC-nin 30 noyabr 2018-ci il tarixli, 37/4 nömrəli sənədindən görünür ki, X1 Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən işdən azad edilmişdir. Tədqiq edilən işin hallarından göründüyü kimi Cavabdeh sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə təsis edilmiş İddiaçı MMC-nin balansında olan 176.350 manat məbləğində mənimsəmişdir. Bu halı 01 dekabr 2018-ci il tarixli Təhvil-təslim aktına 1 saylı əlavəni imzalamaqla şəxsən Cavabdeh özü də təsdiq etmişdir. İddiaçı MMC-nin təsisçisi X8 və Cavabdeh arasında bağlanmış 01 sentyabr 2016-cı il tarixli müddətsiz əmək müqaviləsinin 5.1, 5.2 və 5.3-cü bəndələrinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurursa, digər tərəf qarşısında qanunverciliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurursa, dəyən zərəri könüllü şəkildə tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərini özləri tərəfindən həllinə üstünlük verirlər. İş materiallarına əlavə edilmiş Cavabdeh iddiaçı tərəfin 12.01.2021-ci il tarixli “pretenziya”sına 25.01.2021-ci il tarixlli cavab məktubunda göstərilmişdir ki, o, "xxxx" MMC-də 2016-cı il avqust ayından 2018-ci ilin dekabr ayına kimi direktor vəzifəsində işləmişdir. "xxxx" MMC-nin investorlarından biri 46.935 %-lə (563.220 manatla) qardaşı X5r.Müəssisədə istehsal olunan plastik taraların satışının əhəmiyyətli hissəsi Abdullayev Azər tərəfindən həyata keçirilmişdir.Tərəfindən "xxxx" MMC təhvil verilərkən çatışmamazlıq kimi göstərilmiş 176.350 manat puldan 85.000 manatı Azər Abdullayev tərəfindən 10.12.2017-ci il tarixdə Elvin Aşurovun razılığı əsasında ona verilmişdir. Belə ki, Elvin Aşurov tərəfindən Azər Abdullayevə ticarətlə məşğul olmaq üçün 400.000 manat pul vermiş və həmin pulu Azər Abdullayev tam şəkildə Elvin Aşurova qaytarmışdır. Elvin Aşurov dəfələrlə bu pulun üstündə əlavə 85.000 manat da ödənilməsini təkid etmiş və bu təkidlərindən sonra Azər Abdullayev ona əlavə 85.000 manat pul ödəməyə məcbur olmuşdur. Elvin Aşurov "xxxx" MMC-dəki onun payını müvəqqəti olaraq pul geri qaytarılana kimi Azər Abdullayevin razılığı ilə dostunun adına keçirilmişdir.Bundan sonra Azər Abdullayev “GİLAN HOLDİNQ” şirkətinin mühasibini "xxxx" MMC-yə dəvət etmiş və yoxlama zaman məlum olmuşdur ki, Cəmiyyətdə çatışmamazlıq 176.350 manat deyil, 125.000 manat təşkil edir. Həmin vaxt X15 Aşurovla görüşərək 125.000 manat pul nvəsaitini ödəməyə hazır olduğunu bildirmiş, lakin sonuncu buna razı olmamışdır. Azər Abdullayev 24.09.2019-cu ildə həmin pulun ödənilməsini və payının geri qaytarılması üçün Elvin Aşurova rəsmi məktubla da müraciət etmişdir. Bundan əlavə olaraq göstərmişdir ki, "xxxx" ASC-nin Xaçmaz rayon Armud Padar kəndində yerləşən soyuducu anbar müqavilə ilə ona lizinqə verilmişdir. 2017-ci ilin sentyabr ayında Elvin Aşurov "xxxx" MMC-yə məxsus 400 ton alma məhsulunun soyuducu anbarda saxlanılması üçün ona müraciət etmiş və həmin alma məhsulu sentyabr ayının sonunda Elvin Aşurovun iştirakı ilə soyuducu anbara qoyulmuşdur. 4 ay sonra isə 400 ton alma məhsulu Elvin Aşurovun adamları vasitəsi ilə soyuducu anbardan aparılmışdır. Elvin Aşurov onun etibarından sui istifadə edərək 90.000 manat icarə pulunu ödəməmişdir. O, məcburiyyət qarşısında qalaraq 90.000 manat pulu 10.10.2019-cu ildə soyuducu anbarı icarəyə verdiyi şəxslərə ödəmişdir. X14 göstərişi ilə "xxxx" MMC-də rəsmi və qeyri rəsmi mühasibatlıq aparıldığından dividentlərin faktiki olduğundan artıq göstərilməsindən, plastik taraların satışının süni olaraq şişirdilməsindən və vergidən yayınmaq üçün 125.000 manatın yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərəin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla və işin faktiki halları ilə müəyyən olur ki, Cavabdeh 22 iyul 2016-cı il tarixdən 30 noyabr 2018-ci il tarixə kimi İddiaçı MMC-nin direktoru vəzifəsində işləmişdir. 01 dekabr 2018-ci il tarixli Təhvil-təslim aktına əsasən İddiaçı MMC-nin balansı 803.126,47 manat olmaqla 176.350 manat çatışmazlıq müəyyən olunmuş və Təhvil-təslim aktına 1 saylı əlavəyə əsasən Cavabdeh 176.135 manat pulu 31 dekabr 2018-ci il tarixədək təhvil verməyi öhdəlik olaraq üzərinə götürmüşdür. Tərəflər arasında qeyd olunan çatışmazlıqla əlaqədar 2019-cu ilin sonuna kimi müyyən danışıqlar və yazışmalar olmuş, bir –birinə inam və etibar olaraq qarşılıqlı surətdə davamlı surətdə ticarət əlaqələri və kommersiya işləri görülmüş, yaranmış çatışmazlıqla əlaqədar tərəflərin öz arasında olan razılıq əsasında əlavə mühasibatlıq yoxlaması aparılmışdır. Cəmiyyətdəki çatışmamazlığın 176.350 manat deyil, 125.000 manat təşkil etməsini cavabdeh tərəf qəbul etmiş, həmin vaxt X15 Aşurovla görüşərək 125.000 manat pul vəsaitini ödəməyə hazır olduğunu bildirmiş, lakin iddiaçı tərəf buna razı olmamışdır. Bu səbəbdən də hazirkı mübahisə öz həllini tapmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsini qəbul edib, iddia tələbinə dair iddia müddəti tətbiq edərək iddia ərizəsinin rədd edilməsi nəticəsiə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci insansiya məhkəməsi qeyd olunan nəticəyə gəldikdə tərəflər arasında yaranmış mübahisə üzrə işin hallarını ətraflı araşdırmamış, tərəflər arasındakı qarşılıqlı münasibətləri düzgün qiymətləndirməmiş və iddia tələbini rədd etməklə səhvə yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 verdiyi apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(067)-804/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı cavabdeh X4 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh X2 176.350 (yüz yetmiş altı min üç yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçın hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar