Məhkəmə qərarları › İş №2(105)-293/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-293/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-293/2022 20.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(067)-1846/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(067)-1846/2021 nömrəli qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası təmin edilib, Cavabdeh Rusiya istehsalı olan ümumi çəkisi 30 qram olan 583 əyarlı, 1 ədəd sep və 1 ədəd qolbaq və ödənilmiş 30 manat dövlət rusumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 40 qramlıq, 583 əyarlı qızıl və ya onların dəyəri olan 3500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh qızıl alveri ilə məşğul olduğu üçün ona demişdir ki, onun 40 qramlıq, 583 əyarlı qızılı vardır və həmin qızılları cavabdehə satıb yerinə başqa yeni növdə 30 qramlıq kordinal boyunbağı və qalan 10 qramın əvəzinə yeni növdə komplekt sırğa verər. Cavabdeh sonradan ona 10 qramlıq köhnə dəbdə olan sırğa üzük dəsti vermişdir. Lakin qalan qızıllarını qaytarmamışdır. Hər dəfə qızıllarını tələb etdikdə cavabdeh müxtəlif bəhanələr gətirərək qızılları qaytarmaqdan yayınmışdır. İddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh ümumi çəkisi 30 qram, 583 əyarlı, 1 ədəd sep və 1 ədəd qolbağının alınaraq ona verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 30 iyul 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı izahatında bildirmişdir ki, İddiaçı ona 42 qram qızıl-zinət əşyaları vermişdir. Bunun 30 qramı sep-qolbaq (yolka formalı) dəsti, 12 qramı isə fantaziya dəsti olmuşdur. Sonradan iddiaçının dəfələrlə etdiyi xahiş nəticəsində həmin qızıl-zinət əşyalarını Zərifə adlı şəxsə vermiş, onunla özünün hesablaşacağını demişdir. O, da öz növbəsində qızıl zinət əşyalarının pulunu sonuncudan ala bilmədiyindən ona qarşı iddia qaldırmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstərilən xüsusuatları təsdiq edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apellyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı Cavabdeh ərizəsində göstərmişdir ki, İddiaçı ona 42 qram qızıl-zinət əşyaları vermişdir. Onlar sep, qolbaq və komplekt fantaziyadan ibarət olmuşdur. Sep və qolbağın ümumi çəkisi 30 qram, kompelektin çəkisi isə 12 qram olmuşdur. Qeyd olunan qızıl-zinət əşyalarından 10,8 qram kompekti qaytarmışdır. Bütün zinət əşyaları 583 əyarlı rus qızılı olmuşdur. Həmin qızıl əşyalarını Zərifə adlı xanıma vermişdir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 385, 427, 425.1, 442, 425.2.1, 445.2.2, 448.1, 1091.1, 1.91.2, 1093.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmiş və ona məxsus ümumi çəkisi 42 qram təşkil edən qızıl-zinət əşyalarının cavabehə verildiyi təsdiq olunmuşdur. İddiaçı sonradan 12 qram çəkidə olan kompelktin ona qaytarılmasını göstərmiş və bu səbəbdən də iddia tələbinin həmin hissəsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etdikdə məhz tələb edilən qızıl-zinət əşyalarının alınıb verilməsini əsaslı hesab etsə də, 583 əyarlı, 30 qram çəkidə olan 1 ədəd sep və 1 ədəd qolbaq olmadığı halda həmin əşyalarının hazırki bazar qiymətlərinin müəyyən edilməsi üçün tədbirlər görməyərək müvafiq mütəxəssis rəyi almamışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 9.2-ci bəndində qeyd edilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Qeyd edilən halı nəzərə alan məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıqqiymətləndirmə ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2022-ci il tarixli, 9/375 nömrəli rəyi ilə müəyyən olunur ki, 583 əyarlı, 30 qram çəkidə olan 1 ədəd sep və 1 ədəd qolbaq nəzəri qaydada orta bazar dəyəri təxminən 2400 manat (30 x 80,0 manat) müəyyən edilir. Konstitusiyanın 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Məhkəmə kollegiaysı hesab edir ki, 583 əyarlı, 30 qram çəkidə olan 1 ədəd sep və 1 ədəd qolbaq olmadığı halda onların nəzəri olaraq dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2022-ci il tarixli, 9/375 nömrəli rəyi ilə müəyyən edilmiş 2400 manat (30 x 80,0 manat) məbləğində müəyyən edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbini təmin etməklə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. İddia tələbindən görünür ki, iddia tələbinin məbləği ümumilikdə 2400 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(067)-1846/2021 nömrəli qətnaməsi – «Cavabdeh Rusiya istehsalı olan ümumi çəkisi 30 qram olan 583 əyarlı 1 ədəd sep və 1 ədəd qolbaq alınıb İddiaçı verilsin» hissəsində dəyişdirilsin. Cavabdeh Rusiya istehsalı olan ümumi çəkisi 30 qram olan 583 əyarlı, 1 ədəd sep və 1 ədəd qolbaq, həmin qızıl-zinət əşyaları olmadığı halda onların ümumi dəyəri olan 2400 (iki dörd yüz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə - «Cavabdeh ödənilmiş 30 manat dövlət rusumu alınaraq İddiaçı ödənilsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar