Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-293/2023 03.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdehlər "xxxx" ASC-nin X6, "xxxx" ASC-yə və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(027)-61/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddianın qismən təmin edilməsi, maddi ziyanla bağlı iddiaçılar, İddiaçı1 xeyrinə 35350 (otuz beş min üç yüz əlli) manat, İddiaçı2 xeyrinə 39000 (otuz doqquz min) manat, İddiaçı3 xeyrinə 15000 (on beş min) manat, İddiaçı4 xeyrinə 14300 (on dörd min üç yüz) manat, İddiaçı5 xeyrinə 11600 (on bir min altı yüz) manat, İddiaçı6 xeyrinə 10500 (on min beş yüz) manat, İddiaçı7 xeyrinə 13500 (on üç min beş yüz) manat, İddiaçı8 xeyrinə 15000 (on beş min) manat, İddiaçı9 xeyrinə 11200 (on bir min iki yüz) manat, və İddiaçı10 xeyrinə 17500 (on yeddi min beş yüz) manat, ümumilikdə 182950 manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutulması, iş üzrə ekspertiza xərci olan 259 manat cavabdeh "xxxx" ASC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595 hesabına ödənilməsi, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdehlər "xxxx" ASC-nin X10, "xxxx" ASC və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən və Cavabdeh2 vurulmuş ziyana görə İddiaçı2 33000 manat, İddiaçı3 13000 manat, İddiaçı1 30400 manat, İddiaçı5 9800 manat, İddiaçı6 9000 manat, İddiaçı7 11400 manat, İddiaçı8 15000 manat, İddiaçı9 9600 manat, İddiaçı4 13000 manat, İddiaçı10 12500 manat məcburi qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, "xxxx" ASC və Cavabdeh2 vurulmuş ziyana görə İddiaçı2 39000 manat, İddiaçı3 15000 manat, İddiaçı1 35350 manat, İddiaçı5 11600 manat, İddiaçı6 10500 manat, İddiaçı7 13500 manat, İddiaçı8 15000 manat, İddiaçı9 11200 manat, İddiaçı4 14300 manat, İddiaçı10 17500 manat məcburi qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar kənd təsərrüfatı məhsulları-meyvə yetişdirilməsi və satışı ilə məşğul olurlar. Həmin meyvələri əsasən Rusiya Federasiyasına ixrac etməklə həm dövlətin büdcəsinə xeyir verir, ölkəyə valyuta gətirilməsinə xidmət edir, həmçinin gəlir əldə etməklə ailələrini dolandırır, dövlətin çiyinlərində yük olmamağa çalışırlar. Rusiya Federasiyasında meyvə yanvar ayından bahalaşmağa başlayır, bu vaxta qədər meyvəni Rusiya Federasiyasına göndərsələr, ziyan edərlər. Bu səbəbdən meyvəni soyuducu kameralarda saxlayaraq, yanvar ayından başlayaraq, onu Rusiya Federasiyasına ixrac etməyə məcburdurlar. Buna görə də, Cavabdeh2 ilə bağladıqları saxlanc müqavilələrinə əsasən, Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarda onlar – İddiaçı4 70 000 kq “Qala” alma sortu; İddiaçı2 65 000 kq Palmet alma sortu, 67000 kq Qızıl Əhmədi alma sortu; İddiaçı3 35 000 kq Palmet alma sortu, 35 000 kq Qran Smit alma sortu; İddiaçı1 35 000 kq Palmet alma sortu, 35 000 kq Semirenko alma sortu, 70 000 kq Qran Smit alma sortu; İddiaçı5 35 000 kq Palmet alma sortu, 35 000 kq Semirenko alma sortu; İddiaçı6 40 000 kq Palmet alma sortu; İddiaçı7 35 000 kq Palmet alma sortu, 35 000 kq Semirenko alma sortu; İddiaçı8 70 000 kq Meşə gözəli armud sortu; İddiaçı9 30 000 kq Palmet alma sortu; İddiaçı10 70 000 kq Xurma “Şişburun” sortu kimi meyvə saxlamışlar. Onlar vaxtlı-vaxtında, demək olar ki, hər gün soyuducu anbara gedərək, meyvənin saxlanılması şəraiti ilə tanış olur və bu işə nəzarət edirlər. Çünki, meyvənin soyuducu anbarda saxlanılaraq, Rusiya Federasiyasına ixrac olunması onların yeganə qazanc yeridir və meyvə soyuducu anbarda müvafiq şəraitdə saxlanmayaraq, xarab olarsa, onlar il boyunca qazanc olmadan, çox pis maddi duruma düşə bilər. Hansı birininsə işi olarsa və bir gün soyuducu anbara gələ bilməzsə, anbara gələn digər şəxslər anbara gələ bilməyənlərə anbardakı vəziyyət barədə məlumat verirlər. 30 noyabr 2020-ci il tarixdə İddiaçı2 və daha bir neçə iddiaçı günorta vaxtı soyuducu anbarda olarkən anbarın elektrik enerjisi təchizatı kəsilmişdir. Bu saat 17 radələrində baş vermişdir. Onlar anbarın işçilərindən, həmçinin Cavabdeh2 etibarnamə ilə nümayəndəsi və həyat yoldaşı X1 elektrik enerjisi təchizatının kəsilməsi səbəbini soruşduqda onlar bildirmişlər ki, işığın kəsilməsi qanunsuzdur. Onlar işığın kəsilməsi ilə əlaqədar "xxxx" ASC-nin X6 müraciət etdikdə oradan bildirilmişdir ki, guya soyuducu anbarın borcu olduğundan elektrik enerjisinin verilməsi dayandırılmışdır. Belə olduqda onlar X3 müraciət etmiş, o isə bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Azərişıq ASC ona yazılmış 70068.87 manat borcu, Sumqayıt Apelyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən isə 34 600 manat borcu, ümumilikdə 104 000 manatdan çox borcu silməlidir. O, onlara 08 aprel 2020ci il tarixli saldonu da göstərmişdir. Oradan görünürdü ki, Azərişıq ASC-də 69 270 manat Aynurə xanımın hesabında artıq pul vardır. Onlar 01 dekabr 2020-ci il tarixdə X6 gedərək, soyuducu kameralarda saxlanılan meyvələrin xarab olacağını şəbəkənin rəisinə və başqa məsul şəxslərə bildirmiş, işığın qoşulmasını xahiş etmiş, lakin xahişlərin heç bir nəticəsi olmamışdır. Onlar bildirmişlər ki, onlara soyuducu anbarın enerji təchizatının dayandırılması barədə göstərişi "xxxx" ASC-nin rəhbərliyi vermişdir, onlar üçün əsas məhkəmə qərarı deyil, rəhbərliyin göstərişidir. Onlar, Quba Rayon İcra Hakimiyyətində də olmuş, İcra Hakimiyyətinin də məsul şəxsləri X5 rəhbərliyinə müraciət edərək bildirmişlər ki, soyuducu anbarın enerji təchizatının dayandırılması qanunsuzdur, bunun nəticəsində sadə kənd adamlarının meyvələri xarab olur, bu isə özüözlüyündə əhalinin narazı düşürülməsinə gətirib çıxarır. Lakin şəbəkənin rəhbərliyi anbarın işığının qoşulmasından yenə də imtina etdi. Həmin gün kameralarda daxili temperatur durmadan qalxmış, meyvələr xarab olmağa başlamışdır. Bu barədə həmin tarixdə Quba Rayon İcra Hakimiyyəti Başçısının İkinci Nügədi İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq olunmaqla, müvafiq akt tərtib olunmuşdur. "Azərişıq” ASC-nin yuxanda göstərilən qanunsuz hərəkətləri nəticəsində soyuducu anbarın kameralarında saxlanılan meyvələrin müəyyən hissəsi xarab olmuşdur. "xxxx" ASC-nin qanunsuz hərəkətləri nəticəsində onlara maddi ziyan dəymişdir. Onlar bu məsələ ilə əlaqədar Cavabdeh2 etibarnamə ilə nümayəndəsi X3 və enerji təchizatı təşkilatına - "xxxx" ASC-nə və onun rayondakı struktur bölməsinə dəfələrlə müraciət etsələr də, bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdehlər heç bir əsas gətirmədən müraciətlərini diqqətsiz qoyduğundan, onlar məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" ASC Quba Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən irəli sürülmüş iddia üzrə cavabdehlərin subyektiv tərkibini düzgün müəyyən etməmiş, iddiaçılarla Cavabdeh2 arasında müqavilə olduğunu, iş üzrə cavabdeh şəxs yalnız Cavabdeh2 olduğunu, iddiaçılar və Cavabdeh2 ilə enerji təchizatı müəssisəi olan "xxxx" ASC arasında birtipli müqavilə olmadığını, buna görə də "xxxx" ASC-nin həm iddia tələbi üzrə cavabdeh olmadığını, həm də onlar qarşısında heç bir müqavilə öhdəliyinin olmadığını müəyyən etməli olduğu halda bunu etməmiş, EEİQ-nın və ondan irəli gələn digər qanunvericilik aktlarının tələblərini pozmuşdur. Qətnamə tərtib edilərkən qətnamənin əsaslandırıcı hissəsi mötəbər sübutlara əsaslanmamışdır (sübut kimi qərəzli tərtib olunmuş akt və saxlama müqavilələri göstərilmişdi. Saxlama müqaviləsində əvəzli formada saxlayıcı qismində tanınan Cavabdeh2 gəlir əldə etmək məqsədilə aidiyyatı üzrə bağladığı müqavilələrdə (01 noyabr 2020-ci il tarixli saxlama müqaviləsindən 1400 manat, eyni tarixdə bağlanmış digər saxlama müqavilədən 2800 manat, 20 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsindən 2640 manat, 17 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsindən 1400 manat, 25 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsindən 1400 manat, 08 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsindən 2100 manat, 01 sentyabr 2020-ci il tarixli saxlama müqaviləsindən 2800 manat məbləğində) göstərilən gəlirlərin əldə edilməsi bağlı vergi ödəməsinə dair qəbz yoxdur. Bu da istinad edilən dəlilin qeyri-mötəbər olduğunu sübut edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh "xxxx" ASC-nin vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçıların nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağı instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini zərər vuran "xxxx" ASC-nin təqsirli olması iş materialları ilə tam sübuta yetirilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. İddiaçı isə qətnamənin iddianın təmin olunmayan hissəsini mübahisələndirməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qətnamənin mübahisələndirilən hissəsində, yəni iddia tələbinin təmin edilən hissəsində hüquqi qiymət verilməsini zəruri hesab edir. İşdən görünür ki, iddiaçılarla Cavabdeh2 arasında saxlama müqavilələrinin bağlanması, sonuncuya məxsus Quba rayonu, Quba-Bakı yolunda yerləşən soyuducu anbarın ərazisində 30 noyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində soyuducu anbarına elektrik enerjisinin verilməsi dayandırılması və elektrik enerjisinin təchizatının 01 dekabr 2020-ci il tarixdə, saat 19:00 radələrində bərpa olunması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi maddi ziyanın ödənilməsi barədədir. İddia tələbinin mübahisələndirilən hissədə qanuni əsasını isə Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. İlk öncə vurğulanmalıdır ki, iddiaçıya maddi zərərin dəyməsi işin mübahisəsiz halı olsa da, həmin zərərin məhz kimin tərəfindən vurulduğu cavabdeh "xxxx" ASC tərəfindən mübahisələndirilir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1. və 21.2. maddələri). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Qeyd olunan maddi hüquq normalarının məzmunundan görünür ki, zərərin ödənilməsi üçün ilk növbədə hüquqi əsaslar müəyyən edilməlidir. Bunun üçün zərərin mövcud olması, zərərin qanunsuz hərəkət yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Lakin bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçılara məxsus olan saxlanca verilmiş məhsulların xarab olması və buna soyuducu anbara verilən elektrik enerjisinin "xxxx" ASC tərəfindən kəsilməsinin səbəb olmasının iş materialları ilə təsdiq olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş 01 aprel 2021-ci il tarixli, 7/239 №li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş mütəxəssiz rəyinə əsasən soyuducuya yüklənmiş mallar 17 saat soyuducusuz qaldıqdan sonra istehlaka yarasız hala düşə bilər. Həmin mallar fəsildən asılı olmayaraq germetik qaz vurulmuş kameralarada 17 saat hava buxarlandırıcılar vasitəsilə sirkulyasiya olunmadan qaldıqdan və yararsız hala düşdükdən sonra insan və heyvanların istifadəsi məsləhət görülmür. Cavabdeh2 məxsus Bakı-Quba yolunun 152-ci kilometrində yerləşən soyuducu anbar 36 ədəd soyuducu kameralardan ibarət olub, hər kameranın uzunluğu 12 metr, eni 6 metr, hündürlüyü isə 7 metrdən ibarətdir. Hər bir kameranın həcmi 504 kub.metr olmaqla 80 ton meyvənin saxlanması üçün, soyuducu anbarın həcmi isə bütövlükdə 18144 kub metr olmaqla ******* kq (2880 ton) meyvənin saxlanması üçün nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı mallarının saxlanması üçün nəzərdə tutulmuş soyuducu anbarlar germetik olmaqla sendviç panellər vasitəsilə quraşdırıldığından anbarların xaricdə olan havanın temperaturundan asılılığı yoxdur. Malların saxlanması məqsədilə soyuducu kameralara meyvə sıx vurulduğundan kameranın içərisindəki tənzim olunmuş və qazlanmış hava daima buxarlandırıclar vasitəsilə sirkulyasiya olunmaqla bütün meyvəni əhatə etməlidir. Qış aylarında elektrik enerjisinin söndürülüməsi nəticəsində kameranın daxilindəki havanın sirkulyasiyası pozulduğundan qısa bir müddətdə (təxminən 17 saat) meyvələrin xarab olması üçün şərait yarana bilər. İş üzrə 02 iyul 2021-ci il tarixli, 7/562-9/4006 saylı ekspert rəyindən də görünür ki, soyuducuya yüklənmiş mallar 17 saat soyuducusuz qaldıqdan sonra istehsala yararsız hala düşə bilər, həmin mallar fəsildən asılı olmayaraq germetik qaz vurulmuş kameralarda 17 saat, hava buxarlandırıcılar vasitəsilə sirkulyasiya olunmadan qaldıqdan və yararsız hala düşdükdən sonra insan və heyvanların istifadəsi məsləhət görülmür. Cavabdeh2 məxsus Bakı-Quba yolunun 152-ci kilometrində yerləşən soyuducu anbara baxış keçirilərkən müəyyən olundu ki, soyuducu anbar 36 ədəd soyuducu kameralardan ibarətdir. Hər kameranın uzunluğu 12 metr, eni 6 metr hündürlüyü isə 7 metrdən ibarətdir. Hər bir kameranın həcmi 504 kub metr olmaqla 80 ton meyvənin saxlanması üçün, soyuducu anbarın həcmi isə bütövlükdə 18144 kub metr olmaqla ******* kq (2880 ton) meyvənin saxlanması üçün nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı mallarının saxlanması üçün nəzərdə tutulmuş soyuducu anbarlar germetik olmaqla sendviç panellər vasitəsilə quraşdırıldığından anbarların xaricdə olan havanın temperaturundan asılılığı yoxdur. Lakin soyuducu kameralara meyvə sıx vurulduğundan kameranın içərisindəki tənzim olunmuş və qazlanmış hava daima buxarlandırıcılar vasitəsilə sirkulyasiya olunmaqla bütün meyvəni əhatə etməlidir. Ona görə də hətta qış aylarında belə elektrik enerjisinin söndürülməsi nəticəsində kameranın daxilindəki havanın sirkulyasiyası pozulduğundan qısa bir müddətdə meyvələrin xarab olması üçün şərait yarana bilər. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və X12 İnstitutunun mütəxəssis rəyinə əsasən Cavabdeh2 məxsus Bakı-quba yolunun 152-ci kilometrində yerləşən soyuducu anbar tənzimlənmiş qaz mühitli (atmosfer kontrol) tipli anbar olduğu, ona görə də iddia ərizəsində və aktda göstərilmiş malların xarab olmasına temperatur rejiminin pozulması ilə bərabər “kameralarda tənzimlənmiş hava mühitinin” pozulması da səbəb ola bilər. Buna baxmayaraq Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 7/350 №li rəyi ilə müəyyən olunur ki, rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən səbəblərə (iddia ərizəsində və aktda göstərilənmüxtəlif sortlarda olan alma, armud xurma məhsulları yığılmış bağ təsərrüfatlarının qida məhsulları sahəsində fəaliyyət göstərən obyekt kimi Agentliyin qeydiyyatdan keçməsi və mütəmadi olaraq fitosanitar nəzarət tədbirlərinə cəlb olunması, yığım dövrünün düzgün təyin edilməsi, yığımın yağışlı hava şəraitində aparılması, yığılmış meyvələrdə hər hansı zərərli orqanizmlərdə sirayətlənmə baş verməsi, meyvələrin keyfiyyətinə təsir edən fitopatogen və fizioloji xəstəliklərin olması, meyvələrin yığılması, tədarükü, daşınması və saxlanması zamanı fitosanitar normalara əməl edilməsi, yığılmış meyvələrin daşınmasında və qablaşdırılmasında istifadə olunan meyvələrlə təmasda olan tara və köməkçi materialların təhlükəsizliyini təsdiq edən edən müşaiyətedici sənədlərin mövcud olması, meyvələrin keyfiyyətinə təsir edən amillərdən olan daşımanın hansı formada həyata keçirilməsi, hər partiya məhsul daşınmasından sonra daşımada istifadə olunan köməkçi materialların təmizlənməsi, yuyulması, tədarük edilən meyvələrin çeşidlənməsi və soyuducuda saxlanma üçün taralara hansı formada yığılması, meyvələrin saxlandığı soyuducu anbarda məhz saxlanmadan öncə soyuducu avadanlıqlar və soyutma sistemlərinin işlək vəziyyətdə olmasının yoxlanması, soyuducu anbarın nəzarət-ölçü cihazları ilə təchiz edilməsi, məhsulların soyuducu kameraların hər yerində havanın bərabər səviyyədə maneəsiz davam etdirilməsini təmin etmək, məhsulların keyfiyyətinə mətəmadi nəzarət etmək üçün xidmətə heyətə bütün məhsul partiyasına daxil olmaq imkanı verən düzgün ştabelləmə üsulu həmçinin kameranın döşəmə, tavan və divarlarından məsafə gözənilməklə yığılması, uzun müddətli saxlamanı təmin etmək üçün məhsulların anbara soyudulub yığılması və saxlanma üçün nəzərdə tutulan anbarda partiyalar şəklində yığılaraq soyudulması, saxlanması, soyudulma zamanı havanın temperatur və nisbi rütubət parametrləri ölçülüb qeydiyyatının aparılması, havanın temperatur və nisbi rütubət rejiminin mütəmadi olaraq monitorinq edilərək qeydiyyatının aparılması, elektrik enerjisi dayandırılmadan öncə anbarda havanın nisbi rütubəti, temperaturu, qaz tərkibinə dair göstəricilərin necə olması və elektrik enerjisinin bərpası və soyuducuların işlək vəziyyətə düşməsinə qədər həmin göstəricilərin necə dəyişməsinə dair monitorinqlərin qeydiyyatı, anbarda istilik mübadiləsi və texnoloji rejim parametrlərinin tənzimlənməsinə təsir etdiyi üçün anbarın tutumuna uyğun məhsulların yığım həcmi göstərilməmişdir) əsasən 17 (iddiaçıların tərtib etdiyi aktda isə bu 26 saat təşkil edir) saat ərzində soyuducusuz qaldıqda istehlaka yararsız olub-olmaması və ya qaldıqdan sonra insanların və heyvanların istifadəsinə yararlılığı barədə suallara cavab vermək mümkün olmamış, tədqiqata təqdim olunmuş mülki işin materiallarına əsasən həcmi 2880 ton olan mövcud soyuducu anbar ümumi çəkisi 762 ton meyvələrin düzgün ştabel qaydası ilə yığılması üçün kifayət edir. Əlavə olaraq Cavabdeh2 məxsus soyuducu anbar qida məhsulları sahəsində fəaliyyət göstərərək obyekt kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin qeydiyyatından keçmədiyi üçün tutumundan asılı olmayaraq həmin obyektdə qida məhsullarının saxlanması şəraiti haqqında Agentlikdə hər hansı bir məlumat olmadığına görə bu barədə qərardadda göstərilən 2-ci suala cavab vermək mümkün olmadı. Meyvələrin soyuducuda elektrik enerjisi dayandırıldıqdan sonra hansı müddət ərzində xarab olmasına yalnız anbarda havanın nisbi rütubət və temperatur rejimi, havanın qaz tərkibi və dövr etməsi deyil həmçinin rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən xarab olmaya təsir edə bilən səbəblər qeyri-müəyyən olduğu üçün bu barədə suala cavab vermək mümkün olmamışdır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Göründüyü kimi birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli rəydən sonra yenidən ekspertiza təyin edərək rəy alsa da, faktiki olaraq ekspertiza təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardadda əvvəlki qərardadın məzmunu ilə eynilik təşkil edən suallar qoyulmuşdur ki, bu da şübhəsiz ki, suallara verilən cavablar əvvəlki rəydə olan cavabla tamamilə eynilik təşkil etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyun 2022-ci il tarixli rəyində isə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli rəylərin əksinə olaraq cavablandırılması mümkün olmamışdır. Lakin birinci instansiya məhkəməsi ekspert rəylərini müqayisəli təhlil etməmiş, iki ekspert rəyi ilə sonrakı eskpert rəyi arasındakı ziddiyyətləri müəyyən etməmiş və sonuncu ekspert rəyinin əsassızlığının nədən ibarət olmasını qətnamədə göstərməmişdir. Halbuki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və qərardadda əsaslandırılmalıdır (MPM-nin 101.7 və 103.2-ci maddələri). İki ekspert rəyi ilə sonuncu ekspert rəyinin verilməsi arasında təxminən 11 ay vaxt keçməsinə baxmayaraq, açıq-aşkar ziddiyyət təşkil etməsini yəni 3-cü rəyin əvvəlki iki rəydən fərqli olaraq səbəbləri dəqiq göstərilməklə cavablandırılmasının mümkün olmamasını birinci instansiya məhkəməsi nəzərə almayıb və həmin sübutlara MPM-nin 88, 101.7 və 103.1-ci maddələrinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli qiymət verməklə düzgün nəticəyə gəlməmişdir. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan əvvəlki iki (xx.xx.2021-ci il və xx.xx.2021-ci il) ekspert rəylərinin qeyri-mötəbər olması ilə bağlı kifayət qədər əsasların mövcud olduğu halda iddiaçı tərəfindən bununla bağlı sübut təqdim olunmamışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası MPM-nin 14.2., 77.1 və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin hüququ qanunla mühafizə edilir. Qanunla müdafiə edilən əmlak və digər hüquqa edilən birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin ödənilməsi tələb edilə bilər. Çünki delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Bunun üçün də iddiaçı cavabdehin təqsiri nəticəsində onun maddi zərərə məruz qalması buna görə də cavabdehin əməlinin hüquqa zidd olması və məsuliyyət daşımasını sübut etməlidir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Qeyd olunan mülki prosessual normaların tələbləri baxımından mülki məhkəmə icraatının prinsipinə əsasən sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş 26 iyul 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qatda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların qeyd etdiyi hallara əsasən məhsullara ziyan dəysə də, lakin bu ziyanın məhz elektrik enerjisinin kəsilməsi nəticəsində baş verməsi öz təsdiqini tapmamışdır. Bununla yanaşı iş üzrə "xxxx" ASC-nin hesab ödəniş vərəqindən görünür ki, abonent Cavabdeh2 soyuducu anbara görə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün 10.919,78 manat borcu olması barədə xx.xx.2020-ci il tarixdə xəbərdarlıq edilmiş və sonuncu tərəfindən 01 dekabr 2020ci il tarixdə 4420 manat məbləğində ödəniş olunmuşdur (cild 1, səhifə 64, 65, 75). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 №li qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydalarının 9.13. bəndində enerji təchizatı müəssisəsinin istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması hallarını müəyyən etmişdir. Həmin Qaydaların 9.13.2. bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssəsisə istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Göründüyü kimi cavabdeh təşkilat tərəfindən iddiaçılarla saxlama müqaviləsinə əsasən müqavilə münasibətlərində olan anbar sahibi Aynur Zülbalayeva borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, borcun ödənilmədiyi təqdirdə elektrik enerjisinin verilməsinin dayandırılacağı bildirilsədə, sonuncu borcunun olmadıgını əsas gətirərək bu xəbərdarlığa məhəl qoymamış və nəticədə "xxxx" ASC tərəfindən elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bu səbəbdən iddiaçılara dəymiş zərərə görə cavabdeh enerji təchizatı müəssisəsinin hüquqazidd əməli və bu əməlin törədilməsində onun təqsirli olması (elektrik enerjisinin kəsilməsinin qanunsuz olması) öz təsdiqini tapmamış, nəticədə cavabdeh "xxxx" ASC-nin mülki hüquq məsuliyyətini istisna etməsini qaçılmaz etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində ona maddi zərər vurulduğunu təsdiq edəcək hər hası bir tutarlı sübut təqdim edə bilmədiyindən, iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 xeyrinə 35350 (otuz beş min üç yüz əlli) manat, İddiaçı2 xeyrinə 39000 (otuz doqquz min) manat, İddiaçı3 xeyrinə 15000 (on beş min) manat, İddiaçı4 xeyrinə 14300 (on dörd min üç yüz) manat, İddiaçı5 xeyrinə 11600 (on bir min altı yüz) manat, İddiaçı6 xeyrinə 10500 (on min beş yüz) manat, İddiaçı7 xeyrinə 13500 (on üç min beş yüz) manat, İddiaçı8 xeyrinə 15000 (on beş min) manat, İddiaçı9 xeyrinə 11200 (on bir min iki yüz) manat, və İddiaçı10 xeyrinə 17500 (on yeddi min beş yüz) manat, ümumilikdə 182950 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutulması hissəsində iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-293/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-293/2023
03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver