Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2930/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Rzayev Məhəmmədəli Əsəd oğlundan və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı X9 Cavabdeh1 qarşı pulun qaytarılması və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 20 iyul 2021-ci il tarixli, 2(027)-1284/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)1284/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 3600 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində və mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim F.Yaqubov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)1284/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (2(105)-2620/2019 saylı, 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1510/2020 saylı, 12 mart 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 14 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-1799/2020 saylı, 19 oktyabr 2020ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olan 127 manat məbləğində pulun cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3067/2021 saylı, 07 iyun 2021-ci tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1799/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş Cavabdeh1 verdiyi apellyasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3600 ABŞ dolları məbləğində pulun, 15000 manat dəymiş zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, baş verənlər ona zərbə vurmuş, o, psixoloji sarsıntı keçirmiş, səhhəti pisləşmiş, mədəsində şiş yaranmışdır. 2014-cü ildə əməliyyat olunmuş və əməliyyatdan sonra il yarım reabilitasiya dövrü yaşamışdır. Ona vurulan mənəvi zərbə heç bir meyarla ölçülə bilməz. Cavabdehdən 3600 ABŞ dollarından əlavə 10000 manat mənəvi zərərə görə pul tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. O, qeydiyyatda Quba rayonu İ Nügədi kəndində olmasına baxmayaraq, fərdi əmək fəaliyyəti ilə əlaqədar Bakı şəhərində yaşayır və keçirilmiş məhkəmə iclaslarından məlumatsız olmuşdur. İddiaçının iddia ərizəsi ilə razı deyildir. O, əslində ona məxsus Quba rayonu İ Nügədi kəndi İİİ məhəllə ərazisində yerləşən 0,08 ha (20x40 metr ölçüdə) küçə tərəfdən kubik daşla hasarlanmış sahənin içərisində 6,4x4,4 ölçüdə yarımçıq tikili, bir otaq və bundan əlavə yarımçıq hörülmüş hamam binası olan həyətyanı torpaq sahəsini 2003-cü ilin yanvar ayında tərtib edilmiş akta əsasən mərhum atası Cavabdeh1 Niyazi Nuriyevə 1800 ABŞ dollarını satıb və razılıgı pozmuş olarlarsa, N.Nuriyevə 3600 ABŞ dolları qaytaracagını qeyd edir, satılan torpaq sahəsinə görə tərtib edilmiş aktda atasının və onun imzaların olmasına baxmayaraq o, həmin akta imza atmamış və onun yerinə başqa şəxs tərəfindən imzalanmışdır. Həmçinin, həmin alqı-satqı tərəflər arasında notariat qaydada təsdiq edilməmiş, alqı-satqı aktında qeyd olunan məbləğin tələbi üzrə isə 3 illik iddia müddəti ötürülmüşdür. Mənəvi zərər tələbinə görə maddi təzminat isə əsaslandırılmamış, onun iddiaçı qarşısında öhdəliyinin əmələ gəlməsi üçün torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi mövcud olmamaqla yanaşı, cavabdeh kimi onun iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətlərinin olması da öz təsdiqini tapmadığı halda 2000 manat məbləğində mənəvi zərərin əvəzi olaraq pulun ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(027)-1284/2018 saylı qətnaməsini ləğv edərək, yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunmuş, qətnamədən yalnız cavabdeh şikayət verdiyi üçün MPM-in 372.6-cı maddəsinə əsasən məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlanılmalıdır. Belə ki, iddianın təmin olunmayan hissəsi isə apellyasiya baxışının predmetindən kənar olmuşdur. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 20 iyul 2021-ci il tarixli, 2(027)- 1284/2018 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-1250F KOD 30319018 saylı şəhadətnamədən görünür ki, Quba Rayon AİK-nın 10.06.1997-ci il tarixli qərarı ilə 0,08 ha torpaq sahəsi İddiaçı və Ə.N.Nuriyevin mülkiyyətinə verilmişdir. İşə əlavə olan Quba rayonu, Birinci Nügədi kənd sakinləri X25, X13, X11, X14, torpaq satan X16, Cavabdeh1 və torpaq alan X4 iştirakı ilə 2003-cü ilin yanvar ayında tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1 özünə məxsus (kəndin İİİ məhəllə ərazisində yerləşən) 0,08 ha (20x40 metr ölçüdə) küçə tərəfdən kubik daşla hasarlanmış sahənin içərisində 6,4x4,4 ölçüdə yarımçıq tikili, bir otaq və bundan əlavə yarımçıq hörülmüş hamam binası olan həyətyanı torpaq sahəsini X2, satdığı torpaq sahəsinin (ata və oğlu öz razılığı ilə) əvəzində X16 və Cavabdeh1 X3 1800 ABŞ dolları pul vəsaiti almışlar. Tərəflər razılığa gəlmişlər ki, torpağı satan X16 və Cavabdeh1 gələcəkdə razılaşmanı pozarlarsa, X6 3600 ABŞ dolları qaytaracaqlar. Akt 2003cü ilin yanvar ayında tərtib edilmiş, F.Şükürov və Cavabdeh1 1800 ABŞ dollarını almaqları, N.Ə.Nuriyev isə 0,08 ha həyətyanı torpaq sahəsini aldığını imzaları ilə təsdiq etmişlər. İşdə olan AZ-İ 150867 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, N.Ə.Nuriyev 17 mart 2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 195643 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, F.Ə.Şükürov 03 iyul 2006-cı il tarixdə ölmüşdür. İşdə olan vətəndaş İddiaçı şikayət ərizəsi ilə bağlı Quba Rayon Polis Şöbəsində toplanmış 12 fevral 2015-ci il tarixli, HK-1/78 saylı rədd materiallarından görünür ki, İddiaçı 0,08 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən dələduzluq yolu ilə 14000 manat pula Quba rayonu, Birinci Nügədi kənd sakini Əsmayə Xalidovaya satılması barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Quba Rayon Polis Şöbəsində 07 fevral 2015-ci ildə izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, maddi vəziyyəti çətin olduğu üçün 1992-ci ildən Rusiya Federasiyasına işləməyə getsə də, evə gedib-gəlir. Atası Firidun yaşadığı kənd ərazisindən onun adına 0,08 ha həyətyanı torpaq sahəsi almış və həmin torpağı qardaşının işi ilə bağlı İddiaçı əri N.Nuriyevə 1800 ABŞ dollarına 2003-cü ildə satmışdır. Onlar da həmin torpaq sahəsinə dəmir darvaza qoymuş və torpaqdan istifadə etmişlər. 2006-cı ildə atası Firidun vəfat etmiş və 2012-ci ildə o, müəyyən şəxslərə pul borcu olduğuna görə Rusiya Federasiyasından evinə gəlmişdir. 16 may 2005-ci il tarixdə o, öz adına 0,08 ha həyətyanı torpaq sahəsinə aid olan JN-1250F saylı şəhadətnaməni almışdır. 2012-ci ildə onun Tahir adlı şəxsə pul borcu olduğu üçün şikayətçi olduğundan adına olan torpaq şəhadətnaməsini ona vermişdir. Bunu eşidən Dilarə onunla Sumqayıt şəhərində görüşmüş və aralarında olan söhbət zamanı Dilarə ona adında olan torpağı atasından 1800 ABŞ dollarına aldığını və həmin torpaq sahəsində darvaza qoyduğunu, ev tikmək üçün bünövrə atdığını bildirmiş və torpaq şəhadətnaməsini ona göstərmişdir. O, isə Dilarəyə torpağa görə verdiyi pulu qaytaracağını bildirsə də, Dilarə pulu yox, torpağı istəmişdir. Lakin o, Dilarənin dediyi ilə razılaşmamışdır. Bundan sonra borcları çoxaldığı üçün həmin torpağı həmkəndlisi Ə.M.Xalidovaya göstərmiş, o, da bəyəndikdən sonra həmin torpağı 10000 ABŞ dollarına satmışdır. Əsmayə pulu verdikdən sonra torpağı onun adına keçirmiş və Dilarənin ev üçün atdığı bünövrəni dağıtmışdır. Daha sonra Əsmayə torpağın sənədləşməsini aparmış və mişar daşı ilə yaşayış evi tiksə də, damını vurmadığı üçün hazırda həmin evdə yaşamır. Bundan sonra İddiaçı Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmə işə baxdıqdan sonra İddiaçı iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 adına 24 avqust 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyest kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 11 may 2013-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,08 ha torpaq sahəsini alıcı Ə.M.Xalidovaya satmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan və 22.06.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi X5 adına 25 iyun 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyest kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olan Quba Rayon Məhkəməsinin 2(027)-1644/2014 saylı, 16 oktyabr 2014cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Ə.M.Xalidovaya qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması və torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddiasının təmin olunmaması; qarşılıqlı iddia üzrə iddiaçı Ə.M.Xalıqovanın ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 21 oktyabr 2005-ci il tarixli JN-1250F KOD 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv olunması tələbinə dair qarşılıqlı iddiasının isə təmin edilərək, İddiaçı və Ə.N.Nuriyevə verilmiş 21 oktyabr 2005-ci il tarixli JN-1250 KOD 30319018 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 24 noyabr 2015ci il tarixli 2(105)-616/2015 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1644/2014 saylı 16 oktyabr 2014-cü il tarixli qətnaməsindən ilk iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli qətnaməsi qismən ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiası İddiaçı qarşı 21 oktyabr 2005-ci il tarixli JN-125F KOD ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv olunması barədə qarşılıqlı iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi İddiaçı mərhum əri X12 ilə Cavabdeh1 və onun atası X16 arasında 2003-cü ilin yanvar ayında olan razılaşmaya əsasən Cavabdeh1 məxsus olan Quba rayonu, Birinci Nügədi kəndinə yerləşən 0,08 ha torpaq sahəsinin 1800 ABŞ dolları pula Niyazi Nuriyevə satılmasının razılaşdırılması, həmin məbləğ ödənildikdən sonra torpaq sahəsinin iddiaçının əri Niyazi Nuriyevin istifadəsinə verilməsi, tərəflər arasında 2003-cü ildə baş tutan razılaşmaya əsasən torpağı satan X15 və Cavabdeh1 gələcəkdə razılığı pozmuş olarlarsa, X6 3600 ABŞ dolları məbləğində pul qaytarmağı öhdələrinə götürməsini, qeyd edilən razılaşmadan sonra 17 mart 2005-ci il tarixdə X12, 03 iyul 2006-cı il tarixdə isə X10 vəfat etməsi, sonradan torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 razılaşma şərtlərini pozaraq qeyd edilən torpaq sahəsini 11 may 2013-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1, sonuncunun da qeyd edilən alqı-satqı müqaviləsi əsasında adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış əldə etməsi, İddiaçı X7 qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddiasının təmin olunmaması, İddiaçı uzun illər istifadə etdiyi, ev tikmək üçün bünövrə atdığı torpaq sahəsindən məhrum olduqdan sonra, mənəvi sarsıntı keçirdiyini əsas gətirməklə cavabdehdən dəymiş mənəvi zərər olaraq 10000 manat məbləğində pulun tutulmasını tələb etməsini müəyyən edərək iddianı yuxarıda göstərilənq aydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmamışdır və hesab edir ki, iddia tələbi təmin olunan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddia tələbi Cavabdeh1 və onun 03.07.2006-cı ildə ölmüş atası X16 ilə 17.03.2005-ci il tarixdə ölmüş X12 arasında bağlanmış sadə yazılı əqd (akt) üzrə öhdəliklərin icrası və bundan irəli gələn zərərlə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibəti daşınmaz əmlak olan mübahisəli torpaq sahəsi sadə yazılı müqavilə əsasında alqısatqısından irəli gəlir. Belə ki, iş materiallarında olan yanvar 2003-cu il akt tərəflərin özləri və digər şəxslər arasında imzalanmış, lakin notarial qaydada təsdiq edilməmişdir. Həmçinin hazırki iş üzrə iddiaçı qeyd edilən aktın tərtibində iştirak etməmiş və imzalamamışdır. Eyni zamanda mübahisəli torpaq sahəsi iddiaçının mərhum ərinin mülkiyyətində olmamış, mirasın qəbulu yolu ilə iddiaçının mülkiyyətinə keçməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən belə bir iddianın tam və ya qismən təmin olunması üçün iddiaçının tərəfi olmadığı hüquq münasibəti üzrə belə bir tələbi verməklə bağlı subyektiv hüquqa malik olduğu müəyyən edilməlidir. Bu baxımdan hazırkı iş üzrə ilk növbədə iddiaçının belə bir iddia ilə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Belə ki, MPM-in 4.1-ci maddəsindən irəli gələrək məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Lakin hazırki işdən görünür ki, iddiaçı mərhum əri ilə cavabdeh və onun atası arasında bağlanmış razılaşmanın tərəfi olmamışdır və mübahisələndirilən hüquq münasibətinin tərəfi olmayan iddiaçının hazırkı iddianı qaldırması üçün subyektiv hüququ olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə dair tərtib edilmiş akt-razılaşmanın tərəfi olmayan, eləcə də mübahisəli torpaq sahəsinə hər hansı subyektiv hüququ olmayan İddiaçı Həsən qızının hazırki iddianı qaldırmaq səlahiyyətinin olub-olmamasını araşdırmamış, iddia tələbini qismən təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. X28 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X28 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırki iddianın hüququ olmayan şəxs tərəfindən qaldırılmasını araşdırmadan iddia tələbini qismən təmin etməklə, maddi prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 20 iyul 2021-ci il tarixli, 2(027)-1284/2018 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 386, 388, 392, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 20 iyul 2021-ci il tarixli, 2(027)-1284/2018 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2930/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2930/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver