Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2933/2020 02.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddianın təmin edilməsi, Cavabdeh xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, soyuducu LG üçün 1360 (min üç yüz altmış) manat ödənilməmiş hissə, 136 (yüz otuz altı) manat cərimə, ümumilikdə 1496 (min dörd yüz doxsan altı) manat borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 1526 (min beş yüz iyirmi altı) manat borc məbləğinin tutulub iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, LG markalı soyuducu üçün 1360 (min üç yüz altmış) manat ödənilməmiş hissə, 136 (yüz otuz altı) manat cərimə, ümumilikdə 1496 (min dörd yüz doxsan altı) manat borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 1526 (min beş yüz iyirmi altı) manat borc məbləğinin tutulub iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx xxxx 2019cu il tarixli müqaviləyə əsasən cavabdeh LG markalı Soyuducu almış və nəticədə 1496 (min dörd yüz doxsan altı) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə müqaviləyə əsasən alqı-satqı qiyməti 1496 manat olmaqla, ondan 1360 manat ödənilməmiş hissə, 367 manat cərimə hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 136 manat cərimə yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 136 manat təşkil edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. xx xxxx 2020-ci il tarixdə LG markalı soyuducu onun mənzilinə gətirilmişdir. Soyuducunu 24 saat işlətməməyi tövsiyə olunmuşdur. Ailəvi rayona getdikləri üçün soyuducunu ilk dəfə xx xxxxxx 2020-ci il tarixdə işlətməyə başlamışlar. Sonra getdikcə məlum olmuşdur ki, soyuducu normal işləmir. Birinci ödənişi etdikdə soyuducunun düzgün işləmədiyini bildirmişlər. 4 gün sonra servis ustaları, soyuducuya baxış keçirmişlər və məlum olmuşdur ki, soyuducunun kompressorunun üzərində 10 il qarant qeyd olunmuşdur. İşin məhkəməyə getməsinə qədər dəfələrlə müraciət etmişdir ki, təmir etsinlər, qarantiyanı təmin etsinlər, yada malı qaytarsınlar. Lakin onlar bunu etməmişlər. Kreditin verilməməsinin səbəbi soyuducunun defektli çıxmasıdır. Soyuducu problemi həll olunduqda o, üzərinə düşən kredit borcunu hər ay ödəməyə hazırdır. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Abşeron Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi N.N.Cəfərov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, tərəflər arasında olan müqavilənin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00792153 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, «xxxxxxxxxxx» MMC-dən Cavabdeh alqı-satqı qiyməti 1360 manat olan LG markalı soyuducunu 11 aylıq, ayda 136 manat icarə haqqı ödəmək şərti ilə almışdır. İşdə olan xx xxxx 2019-cu il tarixli bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh LG markalı soyuducunu tam qüsürsuz halda təhvil almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, nəticədə onun aldığı xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər 136 manat ödəniş etmiş, alqı-satqı qiyməti 1496 manat olan LG markalı soyuducu üçün ümumilikdə 1496 manat borc olmaqla, ondan 1360 manat ödənilməmiş hissə, 136 manat cərimə borcu təşkil edir. İşə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600-cü maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uygun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyasının iclası zamanı müəyyən edilmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından «xxxxxxxxxxx» MMC ilə cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının cavabdehdən borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası cavabdehin işə onun iştirakı olmadan baxılması və bununla da onun hüquqların pozulması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan bildirişlərdən görünür ki, məhkəmənin yeri və vaxtı barədə cavabdehin yaşadığı ünvana bildirişlər göndərilmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməli, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(012)- 2709/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2933/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2933/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver