Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2935/2021 18.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-236/2020 saylı, 23.01.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 25.01.2010-cu il təvəllüdlü X3 və 10.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulmasının hesablanması, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-236/2020 saylı, 23.01.2020-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 25.01.2010-cu il təvəllüdlü X3 və 10.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 130 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə 01.03.2009-cu il tarixdə toyları olmuş və həmin tarixdən də qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlamışdır. Onların bu münasibətlərindən iki övladları - 25.01.2010-cu il təvəllüdlü X3 və 10.01.2012-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Rəsmi nikahları olmadığı üçün övladlarının atalığı müəyyən edilmişdir. Onlar əvvəllər normal ər-arvad münasibətlərində yaşamışlar. Sonradan cavabdehin təqsiri səbəbindən münasibətləri pozulmuşdur. Birgə yaşamaqları dözülməz həddə çatmışdır. Bir yerdə yaşamaqları artıq baş tutmadığı üçün o, cavabdehdən ayrılaraq valideynlərinin yanına sığınmağa məcbur olmuşlar. O, valideynləri ilə yaşayan müddətdə cavabdeh öz istəyi ilə bircə dəfə də olsun övladları ilə maraqlanmamış və onların maddi təminatını ödəmək üçün kömək etməmişdir. Bu səbəbdən o, məcbur olub məhkəməyə müraciət edərək, cavabdehdən iki övladının saxlanması üçün aliment tələb etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-236/2020 saylı, 23.01.2020-ci il tarixli qətnaməsinə əsasən onun iddia tələbi qismən təmin edilərək, 16.09.2019-cu il tarixdən başlayaraq Cavabdeh 25.01.2010-cu il təvəllüdlü X3 və 10.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh övladları üçün cəmi 260 manat məbləğində aliment ödəyir. Həmin aliment onun nəyinki iki, heç bir övladının tələbatlarını ödəmir. Ona övladlarını saxlamağa valideynləri kömək edir. Cavabdeh bir ata kimi heç bir vəzifəsini yerinə yetirmir. Cavabdeh bircə dəfə də olsun övladlarının nə səhhəti, nə də ki, digər təlabatları ilə maraqlanmamışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası 2021-ci il üçün yaşayış minimumu nəzərə almamışdır. Bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(012)-3168/2021 saylı qətnaməsini ləğv edib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, fəhlə işləyir. Hakimin özü tərəfindən bir neçə ay əvvəl təyin edilmiş 260 manat aliment məbləgini çox çətinliklə ödəyir. İddiaçı özü də magazada satıcı işləyir, aylıq gəliri də yaxşıdır. Lakin məhkəmə buna heç bir əhəmiyyət verməmiş aliment məbləğini artırmışdır. Maddi hüquq normasının tələbindən görünür ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tərəfindən aliment təyin olunduqdan sonra onun maddi vəziyyətində yaxşılıgı doğru heç bir dəyişiklik olmamışdır. Məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(012)-3168/2021 saylı qətnaməsinin ləğv olunması, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin edilməsini, Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin edilməsini, İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən uşağın saxlanılmasına maddi köməklik edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və Cavabdeh apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, tərəflər 01 mart 2009-cu il tarixdə faktiki nikaha daxil olmuşlar, faktiki nikahlarından 25 yanvar 2010-cu il tarixdə Eldar və 10 yanvar 2012-ci ildə Emil adlı uşaqları anadan olmuşdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-236/2020 saylı, 23.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, 16.09.2019-cu il tarixdən başlayaraq Cavabdeh 25.01.2010-cu il təvəllüdlü X3 və 10.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlqmadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasmda tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşağın valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alıb, şikayətlərin əsassız hesab edir. Məhkəmədə sübutlar tədqiq edilərkən alimentin tələb olunan miqdarda cavabdeh tərəfindən ödəmək iqtidarında olması ilə bağlı sübutlar müəyyən edilmədiyindən, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki,alimentin miqdarı artırılaraq hər uşaq üçün 150 manat həddində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 26 may 2021-ci il tarixli 2(012)-3168/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2935/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2935/2021
18.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver