Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2936/2021 18.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair ilk, M.B.İbrahimlinin İddiaçı qarşı pul barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh M.B.İbrahimli tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh1 avtomobilə vurulmuş maddi ziyana görə 11267,77 manat tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin digər hissələrdə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 06 may 2021-ci il tarixli, 9/2037 saylı əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 40 manatın Cavabdeh1, 60 manatın isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesabAZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE******************** köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mülkiyyətində olan “Hyundai Santafe” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə üçün yararsız vəziyyətə düşdüyünə mülkiyyətinə dəymiş 20000 (iyirmi min) manat məbləğində maddi zərərin, avtomaşınının yararsız vəziyyətə düşdüyünə görə gündəlik çəkdiyi yol xərclərinə görə (məhkəməyə iddia qaldırılan tarixə) ümumilikdə 1300 manat və mənəvi zərərə görə dəymiş 7000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və ilkin iddia üzrə İddiaçı onun xeyrinə 10000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28 noyabr 2020-ci il tarixdə şəxsi istifadəsində olan “Hyundai Santafe” markalı 90 RH087 dövlət nömrə nişanlı avtomobilini inzibati binanın önündə saxlayaraq xidmətə çıxmışdır. Maşını saxladığı yerdə kifayət qədər vətəndaş var idi. Həmin ərəfədə Cavabdeh1 məxsus avtomobil yüksək sürət ilə hərəkət edərək maşının idarə etməsini itirmiş və ona məxsus avtomobili vurmuşdur. Nəticədə avtomobili yarasız vəziyyətə düşmüşdür. O, hadisə yerinə gəldikdən sonra cavabdeh ilə birlikdə maşını sığortaya aparmışdır, lakin Paşa Sığorta icbarı sığorta üzrə 5000 manatdan çox ödəniş edə bilmədiyi üçün maşına dəyən ziyanı 6000 manat olaraq qiymətləndirmişdir. O, Sığorta Şirkətindən 4100 manat pul vəsaitini almış və bununla razı deyildir. Belə ki, avtomobil deformasiyaya uğramışdır və tam yarasız vəziyyətdədir. Belə ki, maşına 24000 manat həcmində zərər dəymişdir. O, maddi zərərlə yanaşı mənəvi zərər də tələb edir. 2020-ci ilin noyabr ayından bəri avtomobilsizdir. Maşının cavabdeh M.B.İbrahiml tərəfindən törədilən qəza nəticəsində tam yararsız hala düşmüşdür və o, 7 aydır ki, maşınsızdır. Qəza nəticəsində səhhəti və xüsusilə də əsəb sistemi pozulmuşdur. Eyni zamanda, həftəsonları da işlədiyinə görə mütəmadi olaraq taksi xidmətindən istifadə etməli və buna əlavə xərclər deməkdir. O Sığorta Şirkətinin tərtib etdiyi aktdan narazı deyil. Belə ki, sığorta şirkəti maşına nə qədər zərər dəyməsindən asılı olmayaraq, ən çoxu 5000 manat ödəniş edə bilər. Baş verən zəncirvari qəza nəticəsində 3 maşına zərər vurulmuş, ona 4100 manat, digər iki avtomobilə ilə ümumilikdə 900 manat ödəniş edilmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və ilkin iddia üzrə İddiaçı onun xeyrinə 10000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qəza baş verdikdən sonra iddiaçı ilə birlikdə maşına dəyən ziyanı müəyyənləşdirmək üçün Paşa Sığortaya yaxınlaşmışlar və maşına 6000 manat dəyərində ziyan aktı tərtib edilmişdir. İddiaçı ziyan aktı ilə razılaşaraq akta imza etmiş və 4100 manat ödənişi qəbul etmişdir. Eyni zamanda iddiaçıya 1900 manat ödəməyə hazır olduğunu bildirsə də cavabdeh bunla razılaşmamışdır. Hətta bir neçə gün sonra onunla əlaqə saxlayaraq 8500 manat istədiyini bildirmişdir. Belə hallarda tərəf maşına dəyən zərəri tələb edə və ya maşının təmir edilməsini istəyə bilər. Lakin iddiaçı yalnız pul tələb etdiyinə görə o, iddiaçıya ödəniş etməyi təklif etmişdir. O, yalnız ziyan aktına əsasən müəyyənləşdirilmiş məbləği ödəməyə razıdır. Hazırki iddia tələbinin verilməsinin yeganə səbəbi mənfəət əldə etməkdir. 01.03.2021-ci il tarixində məhkəmə maddi ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə ekspertşünaslıq ekspertizası təyin etmiş və ekspertlər qarşısında, yol nəqliyyat hadisəsi nəticəsində “Hunday Santafe” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin hansı detalları yarararsız vəziyyətə düşmüş detallarının pərakəndə satış qiyməti və avtomobilin bərpa olunması üçün xidmət haqqı nə qədər təşkil etdiyi sualları qoyulmuşdur. Cavabdeh ona işlədiyi vəsaiti verməsə ona iş yerində problem yaradacagını, onu işdən çıxartdıracagını, təhsilində problem yaradacagı ilə hədələmişdir. Atasının telefonuna zənglər edərək qanundan kənar tələb və hədələrini davam etdirirdi. Həmin dövrdə atası ciddi prixoloji sarsıntı keçirmişdir və Covid 19 virusuna yoluxmuşdur. Onun uzun müddətli stres vəziyyətində olmadıgına və iş qabiliyyətinin xeyli azalmasına təsir göstərmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh M.B.İbrahimli apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə keçirilmiş ekspert rəyinə istinad etmişdir. Məhz yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərəri müyyən etməmişdir. Ümumilikdə maşının dəyişdirilməsinə ehtiyac olunan hissələri qeyd olunub ki, hansı ki sözügedən avtomobil 2008-ci il buraxılıb, bu günə kifayət qədər köhnəlmiş və istismar edilmiş avtomobildir. Ekspert hakimin suallarının heç birinə cavab verməyən və ümumiyyətlə ekspertin vəzifəsi olmayan mülahizə irəli sürülmüş ekspertiza rəyi əsasında qətnamə qəbul etmişdir. Ekspert tədqiqatı şəkil üzərində aparmış və avtomobilin yararlılıgının 30% təşkil etdiyi qənaətinə gəlmişdir. Təkrar ekspertizasının keçirilməsinə dair əsasların oldugu üçün vəsatəti hansı səbəbdən təmin etməməsini hakim əsaslandıra bilməmişdir. Məhkəmənin mövqeyi qeyri-obyektiv, heç bir hüquqi əsası olmayan qəanətdir. Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(012)-1322/2021 saylı qətnaməsini ləğv edərək, mahiyyəti üzrə işə yenidən baxaraq qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətlərinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya maddi ziyanın vurulmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan “Xalq Sığorta” tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 28.11.2020-ci il tarixində sığortalı “BMW 325” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X14” markalı, 90RH-087 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C 220” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E240” markalı, **-CN- *** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi zərər dəymişdir. Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manatdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X14” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6000 manat məbləğində müəyyən edilmişdir, Yuxarıda qeyd olunan qanunvericiliyin tələbi, həmçinin sığorta hadisəsi nəticəsində üç şəxsin əmlakına zərər vurulduğu nəzərə alınmaqla tərəfimizdən “X14” markalı, 90- RH-087 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi dəymiş zərərə mütənasib hesablanaraq 4132,23 manat məbləğində ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2021-ci il tarixli, 9/2037 №-li ekspert rəyindən görünür ki, tədqiq edilən 2009-cu il buraxılışlı, “Hyundai Santafe” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15400,0 (22000,0 m-30 %) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2021-ci il tarixli, 9/2037 saylı ekspert rəyindən məlum olur ki, tədqiq edilən 2009-cu il buraxılışlı, “Hyundai Santafe” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15400,0 (22000,0 m-30 %) manat müəyyən edilmişdir. Məhkəmədə sübutların tədqiqatı zamanı sözügedən ekspert rəyində müəyyən edilmiş halları təkzib edən hər hansı bir sübut müəyyən edilmədiyindən, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı M.B.İbrahimlinin və onun vəkili-nümayəndəsi X3 ekspert rəyi ilə razılaşmamaları barədə məhkəmədə verdikləri izahatları yalnız formal mülahizələrə əsaslandığımdan məhkəmə həmin izahatlara tənqidi yanaşaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2021-ci il tarixli, 9/2037 saylı ekspert rəyi ilə razılaşmış və həmin rəyə istinad edərək belə qənaətə gəlmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Santafe” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 15400 manat məbləğində zərər dəymişdir. Məhkəmə gedişi zamanı müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan 2009-cu il buraxılışlı, “Hyundai Santafe” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisədən sonra yararsız vəziyyəti düşmüş və sonradan avtomobil metal kimi təhvil verilmişdir. İş materiallarında olan “Xalq Sığorta” tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli məktubundan göründüyü kimi, “Xalq Sığorta” tərəfindən “X14” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi dəymiş zərərə mütənasib hesablanaraq 4132,23 manat məbləğində ödənilmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, sözügedən avtomobilə dəymiş 15400 manat puldan 4132,23 manatı “Xalq Sığorta” tərəfindən İddiaçı ödənildiyindən, ödənilən məbləğ nəzərə alınmaqla M.B.İbrahimlidən avtomobilə vurulmuş maddi ziyana görə 11267,77 manat tutularaq İddiaçı ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgündür. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə ilk iddianın avtomaşınının yararsız vəziyyətə düşdüyünə görə gündəlik çəkdiyi yol xərclərinə görə (məhkəməyə iddia qaldırılan tarixə) ümumilikdə 1300 manat və mənəvi zərərə görə dəymiş 7000 manat pulun tutulması hissəsi və Cavabdeh1 İddiaçı onun xeyrinə 10000 manat pulun tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, bunlarla bağlı məhkəmədə tərəflərin izahatından başqa hər hansı bir mötəbər sübüt müəyyən edilmədiyindən rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin ilkin iddia üzrə İddiaçı İlkin iddia üzrə Cavabdeh2dən da pulun müştərək qaydada tutlması hissəsi ilə də razılaşmır və iddia tələbi bu hissədə də rədd edilməlidir. Belə ki,iş materiallarında olan AP № 0189592,30.11.2020-ci il tarixli,inzibati xəta haqqında protokol və TP 4085415№li,13.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 28 noyabr 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsində yalnız İlkin iddia üzrə Cavabdeh1 təqsirli bilinmişdir. Cavabdeh2 barəsində isə baş vermiş hadisədə təqsirli olması ilə bağlı hər hansı bir sənəd məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs vurulmuş zərərin ödənilməsi məsuliyyətini daşıyır,lakin yuxarıda qeyd olunduğu kimi sübutların tədqiqatı zamanı Cavabdeh2 hazırkı tələblə bağlı mülki hüquq pozuntusu törətməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 22 iyun 2021-ci il tarixli 2(012)-1322/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2936/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2936/2021
18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver