Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-294/2025 13.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdehin nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e- 2(012)-4895/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızı Cavabdeh qarşı «alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində alimentin və ödənilmiş 60 manat mediasiya rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra, xx.xx.2024-cü il tarixdə iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş edirəm hissəsinin “Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)- 2374/2024 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində alimentin tutulması barədə qətnamə çıxarılması” kimi nəzərə alınmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Abşeron rayon Məhkəməsinin 2(012)-4026/2023-cü il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. Birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ilk olaraq 220 manat olmaqla, cəmi 660 manat, sonuncu Abşeron Rayon Məhkəməsinin 2(012)-2374/2024 saylı qətnaməsi ilə isə hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilmişdir. Qeyd olunan məhkəmələr gedişində məlum olmuşdur ki, cavabdeh X18 Mərkəzində direktor vəzifəsində çalışaraq 4760 manat rəsmi əmək haqqı alır. Bununla belə cavabdeh öz uşaqlarına olduqca biganə yanaşır. Hətta mediasiya prosesi zamanı cavabdeh iddiaçıya iddiaçı ərizəsindəki tələb olunan aliment məbləğindən 200 manat artıq aliment ödəyəcəyi təqdirdə iddiaçının iddia tələbini geri çəkməsini təklif etmişdir. İddiaçının hər 3 uşağı yaşça böyük olduqları üçün ehtiyacları artmış, bu baxımdan iddiaçı bir ana kimi övladlarının tərbiyəsi, qidalanması və digər ehtiyaclarını təkbaşına qarşılayarkən çətinlik çəkir. Odur ki, göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızı tərəfindən Abşeron rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizədən müəyyən olunur ki, iddia ərizəsinin xahiş edirəm hissəsinin “Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində alimentin tutulması barədə qətnamə çıxarılması” kimi nəzərə alınması məhkəmədən xahiş edilmişdir.
6. Sumqayıt şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ 257173 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1787 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızıdır.
7. Abşeron rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ 263497 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 240 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızıdır.
8. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ 683784 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 118 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızıdır.
9. Abşeron rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 469028 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah Abşeron rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 530 nömrəsi ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Tomuyev, qadına Rəsulova soyadı verilmişdir.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsindən görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə ödənilməsi qət edilmişdir.
11. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “İstisu” Müalicə-İstirahət Kompleksində dövlət qulluqçusu, məsləhətçi kimi fəaliyyət göstərir, rəsmi əmək haqqı 4624 manat təşkil edir.
12. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızı və Tomuyev X7 rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 12, mənzil 14 ünvanda qeydiyyatdadırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
13. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e-2(012)- 4895/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması, Cavabdeh dövlət rüsumuna görə 147.85 (yüz qırx yeddi manat səksən beş qəpik) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, 34-cü maddəsinin İV bəndi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.3, 78.1, 100.2 və 112.1-ci maddələri, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 124.1, 14.2, 78.1, 217.3, 217.4, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
15. Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e-2(012)-4895/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən yalnız iddia ərizəsində göstərilənlərə əsaslanmış, ailə qanunvericiliyinin tələbinə görə alimentin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyətini, həmçinin “Yaşayış minimumu haqqında” Qanunun normalarını əsas götürmək əvəzinə yalnız formal faktiki-hüquqi əsasa (yəni, əmək haqqının olması hər bir halda onun müəyyən hissəsindən (50% olmaqla) alimentin tutulmalı olması barədə) istinad etməklə iddianı qanunsuz və əsassız olaraq təmin etmişdir. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, qısa müddət əvvəl, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsi ilə aliment miqdarı müəyyən edilmiş və həmin qətnaməyə əsasən hər ay 705 manat olmaqla aliment tərəfindən ödənilir. Qeyd edilən məbləğ uşaqların saxlanması üçün kifayətdir. Ona görə ki, o, həmin məbləği tam şəkildə cavabdehə ödəyir, əlavə olaraq isə uşaqların digər xərclərində ata kimi öz zəruri bildiyi formada təşkil etməklə iştirak edir. Bu onun valideyn kimi hüququdur. Hazırda ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə uşaqların saxlanması üçün müəyyən meyar kimi çıxış edir və həmin məbləğin tam ödənilməsi halında valideynin uşaqların saxlanması üçün daha yüksək məbləğdə nəyə görə əlavə məbləğ ödəməli olması barədə sübutlar təqdim etmək vəzifəsi iddiaçının üzərinə qoyulmalıdır. Belə ki, əmək haqqının olması öz-özlüyündə o demək deyildir ki, iddiaçı bütün əmək haqqının 50%-ni almaq hüququ əldə edir. Bu yolverilməzdir və atanın hüquqlarını, o cümlədən elə uşaqlara münasibətdə valideynlik hüquqlarını maddi baxımdan öz istədiyi kimi həyata keçirmək hüququnu məhdudlaşdırır. İddia ərizəsində nəyə görə uşaqların saxlanması üçün iddiaçıya hər ay 2000 manatdan yuxarı məbləğ lazım olması və uşaqların hansı xərclərini ödəmək üçün bu məbləğin zəruri olması əsaslandırılmamışdır. Həmçinin cavabdehin uşaqların saxlanılması və s. ilə maraqlanmadığı barədə həqiqəti əks etdirməyən və heç bir dəlilə sübuta əsaslanmayan məlumatlar qeyd edilmişdir. Əksinə, nəzərə alınmalıdır ki, ailənin dağılmasının səbəbi məhz iddiaçının əxlaqa, tərbiyəyə, sadiqliyə və ailə dəyərlərinə zidd hərəkətləri olmuşdur ki, bunu təsdiq edən təkzibedilməz sübutlar mövcuddur. Hansıların ki, uşaqların gələcək mənafeyi nəzərə alınaraq hüquqi sənədlərdə olmasını məqsədəuyğun hesab etməyərək təqdim etmir. Belə olan halda, iddiaçının hansı xidmətlərinə görə ona bu qədər yüksək məbləğdə aliment adı ilə pulun verilməsinin təmin edilməsi anlaşılmazdır. Birinci instansiya məhkəməsi alimentin miqdarını və tutulma qaydasını dəyişərkən digər mühüm əhəmiyyətli xüsusatları da araşdırmamış, birtərəfli qaydada qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı özünün gəlirləri və qazancı haqqında sübutlar təqdim etməmiş, uşaqların saxlanması üçün aldığı alimentin nəyə görə kifayət etmədiyini əsaslandırmamışdır. Onun rəsmi əmək haqqından əlavə gəliri və qazancı yoxdur. Həmçinin cavabdeh göründüyü kimi, daimi yaşayış yerindən uzaqda yaşayır və işləyir ki, bunun üçün onun əlavə xərcləri vardır (kirayə, nəqliyyat və s.). Lakin məhkəmə bunları nəzərə almadan, formal olaraq qanuna istinad etməklə, əmək haqqının 50%-ni aliment kimi müəyyən etmişdir. Uşağın saxlanılması üçün tərəflər birgə və bərabər məsuliyyət daşıdıqlarından, bütün xərclərin bir tərəfə həvalə edilməsi məqsədə müvafiq hesab edilə bilməz. Bundan əlavə, alimentin miqdarının çox olması ilə əlaqədar vaxtlıvaxtında ödənilməməsi uşağının mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasına səbəb olacaqdır. Həmçinin məhkəmə yuxarıda qeyd edildiyi kimi, yalnız cavabdehin işləyibişləməməsi məsələsini araşdırsa da, iddiaçının işləyib-işləməsini, hər hansı gəlirə malik olmasını araşdırmamışdır. Odur ki, göstərilən hallar məhkəmə kollegiyası tərəfindən araşdırılmalı və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Uşaqların aylıq dolanışığını qarşılamağa dair istinad edilən qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib maddi-hüquqi vəzifələridir. Yəni, hazırkı halda, uşaqların saxlanması üçün orta xərc müəyyən edilmədən bu qədər yüksək məbləğdə aliment təyin edilməsi əsassız və qanunsuzdur. Beləliklə də, maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Hazırkı halda qətnamə məhz yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə xidmət etmir, əksinə ailəyə sədaqəti olmayan iddiaçının mənafeyini təmin edir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi istinad edilən maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin prosessual hüquq normalarının pozulması aşağıdakılarda ifadə olunur. İddiaçı tərəf İddia ərizəsində nəyə görə uşaqların saxlanması üçün iddiaçıya hər ay 2000 manatdan yuxarı məbləğ lazım olması və uşaqların hansı xərclərini ödəmək üçün bu məbləğin zəruri olması əsaslandırılmamışdır. Lakin qeyd edilən ərizə heç bir hüquqi və faktiki əsasa söykənməmişdir. Hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə isə belə bir sübut əldə edilmədən prosessual hüquq normaları pozulmaqla iddianı qeyd edilən formada təmin etmişdir. Məhkəmənin qətnaməsi tərəflərin qarşılıqlı münasibətinə, işin faktiki hallarına və qanuna uyğun deyildir ki, belə nəticə istinad edilən prosessual hüquq normalarının pozuntusudur. Məhkəmə iddianın əsaslı olmasını təsdiq edən heç bir faktiki mühüm əhəmiyyətli hal müəyyən etməmiş, bunu təsdiq edən xüsusatların olubolmamasını aydınlaşdırmadan formal baxış keçirməklə, işə aidiyyəti olmayan normalara istinad etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə minimum saxlanma meyarından dəfələrlə yüksək aliment təyin edilməsinə əsas verən iş üçün əhəmiyyətli halların sübut edilməsi kimi qanunsuz və əsassız nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Cavabdehin nümayəndələri Nümayəndə3 və Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.
19. İş üzrə iddiaçı X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
22. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
23. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
24. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
25. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
28. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının birgə nikahdan 3 övladı - xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)- 2374/2024 saylı qətnaməsinə əsasən, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2014cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin gəlir və qazancında dəyişiklik olduğundan, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir.
30. Mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması, Cavabdeh dövlət rüsumuna görə 147.85 (yüz qırx yeddi manat səksən beş qəpik) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
31. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsi ilə aliment miqdarı müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində, gəlirlərində dəyişiklik olmuşdur. Belə ki, hazırda Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “İstisu” Müalicə-İstirahət Kompleksində dövlət qulluqçusu, məsləhətçi kimi fəaliyyət göstərir, rəsmi əmək haqqı 4624 manat təşkil edir. Hazırkı şəraitdə birgə nikahdan olan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, eyni zamanda, müəyyən edilmiş aliment miqdarının cavabdehin gəlir miqdarına nisbətini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş aliment məbləği uşaqların saxlanması üçün yetərli hesab edilmir.
32. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
34. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
35. Göründüyü kimi apellyator şikayətin dəlillərini uşaqların saxlanılması üçün tərəflərin birgə və bərabər məsuliyyət daşımaqları, bütün xərclərin bir tərəfə həvalə edilməsinin məqsədə müvafiq hesab edilməməsi, qət edilən məbləğin uşaqların saxlanması üçün kifayət etməsi, uşaqların hansı xərclərini ödəmək üçün tələb olunan məbləğin zəruri olmasının iddiaçı tərəfindən subuta yetirilməməsi ilə əsaslandırılmışdır.
36. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir.
37. Kollegiyanın qənaətincə şikayətin qeyd olunan dəlilləri cavabdehin hazırkı aliment öhdəliyindən azad olunması, yaxud alimentin miqdarının azaldırmasına əsas verən hal kimi çıxış edə bilməz.
38. Kollegiya hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş aliment miqdarının digər valideyndən tutulmasına əsas verir.
39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.
40. Qeyd olunmalıdır ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.
41. Məhkəmə uşaqların üstün maraqlarını, əvvəlki təminat səviyyəsini və qanunvericiliyin göstərişlərini nəzərə alaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması iddia olunan məbləğdə alimentin cavabdehdən iddiaçının xeyinə tutulmasını Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin və 112ci maddəsinin tələblərinə, eləcə də valideynlərin üzərinə uşaqların saxlanılması vəzifəsinin qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir.
42. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı halda alimentin təyin edilmiş məbləği öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etmir, onun əlverişsiz vəziyyətə düşməsinə şərait yaradacaq məbləğ kimi qiymətləndirilə bilməz.
43. Kollegiya vurğulayır ki, qanunvericiliyin tələbinə əsasən aliment almaq uşağa məxsus olun hüquqdur. Aliment valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.
44. Ödənilən aliment məbləğinin yüksək olduğunu iddia edən aliment ödəyən şəxs bunun uşağın mənafeyinə xidmət etdiyini sübut ediyi halda aliment məbləğinin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
45. Kollegiya qeyd edir ki, Ailə qanunvericiliyi məhkəmə qaydasında tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarının məhkəmə tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halları nəzərə almaqla azalda və artıra bilər.
46. Kollegiya hesab edir ki, araşdırılan mübahisə üzrə alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin 76.2-ci maddəsində nəzərdə tutulan müstəsna hallar müəyyən edilməmişdir.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e-2(012)-4895/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.