Məhkəmə qərarları › İş №2(105)-2941/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2941/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2941/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(060)2294/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(060)2294/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehdan 869 (səkkiz yüz altmış doqquz) manat məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 899 (səkkiz yüz doxsan doqquz) manat məbləğində pulun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim RƏşad Qoşqarlı). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.06.2018-ci il tarixli müqaviləyə əsasən, “LG” markalı souyducu almış və nəticədə 869 (səkkiz yüz altmış doqquz) manat ödənilməmiş hissə, 30 (otuz) manat dövlət rüsumu, cəmi 899 (səkkiz yüz doxsan doqquz) manatın Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Onunla iddiaçı təşkilat arasında müqavilə olmuş, 21.06.2018-ci il tarixdə “LG”markalı soyuducu müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etmək şərti ilə onun istifadəsinə verilmişdir. Soyuducunun qiyməti 2710 manat təşkil edirdi. Soyuducunu nağd almaq istəmiş, lakin iddiaçı təşkilatın işçiləri ona bildirmişlər ki, soyuducunu faizsiz kreditlə sata bilələr, həmçinin bildirilmişdir ki, kreditlə alsa belə soyuducunun qiyməti 2710 manat olacaqdır. Nağd və ya kreditlə alarkən qiymətdə fərgin olmadığını düşünüb keditə almışdır. 1 aydan sonra 1-ci ayın kreditini ödəmək üçün mağazaya gedəndə soyuducunun qiymətinin 1759 manat olduğunu görmüşdür. Hazıra kimi 1841 manat ödəniş etmişdir. Müqavilə üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. İddiaçıya heç bir borcu yoxdur. Odur ki, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdeh iddiaçı təşkilatdan kreditə soyuducu götürsə də, müqavilə üzrə ödənişləri etməmişdir. Bu səbəbdən təşkilat məhkəməyə müraciət edib. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(060)2294/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 21.06.2018-ci il tarixdə K00182445 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 4.3-cü bəndinə görə müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 19.01.2021-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 21.06.2018-ci il tarixli müqaviləsinə əsasən, ümumilikdə ödəniməmiş məbləğ 869 manat borcu var. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinad edərək, iddia tələbini yuxarıda göstərilən qaydada təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 567, 600.1, 600.4, 600.5, 385, 442, 445.2.1, 448.1, MPM-nin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək, alınmış soyuducu üçün ödənilməmiş 869 manat pulun tutulmasını təmin etməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə cavabdeh arasında “LG” markalı soyuducunun 2710 manat satılması barədə alqı-satqı müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh riskdairəsinə daxil olan öhdəliyi olduğu üçün o bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdeh alıq-satqı müqaviləsi üzrə aldığı soyuducuya görə 869 manat borcu olması da iş materiallarına olan maliyyə arayışı ilə təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Çünki Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsini gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə, soyuducunun qiymətinin 1759 manat olması, iddiaçı təşkialta 1841 manat ödəniş etməsi, borcunun qalmamasına qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə soyuducunun 2710 manat olması müəyyən edilmiş, həmin müqavilə cavabdeh tərəfindən imzalanmaqla müqavilənin şərtləri onun tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(060)2294/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(060)2294/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar