Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2943/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2273/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2273/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 23612 (iyirmi üç min altı yüz on iki) manat məbləğində pul və 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2273/2021 saylı, 07.05.2021-ci il tarixli qətnaməsini ləğv edilərək, iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını, bundan başqa iddiaçı X1 əməlində qanunsuz sahibkarlıq (AR CM-nin 192.2 mad.) cinayətinin əlamətləri olduğundan iş üzrə xüsusi qərardad çıxarılıb araşdırılması üçün prokurora göndərilməsini xahiş edir. İŞİN H A L L A R İ: İddiaçı ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 23612 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə 05.02.2016-cı ildə tanış olmuş, cavabdeh iddiaçıdan borc pul istəmiş, iddiaçı cavabdehə 23612 manat məbləğində borc pul vermişdir. Cavabdeh 05.02.2016-cı il tarixdə Bakı şəhəri, 19 saylı Notariat kontorunda təsdiq edilmiş mövcud borcun etirafı haqqında müqaviləyə imza ataraq borcunu etiraf etmiş və onu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəsinə düşən öhdəliyi yerinə yetirməmiş və qeyd edilən məbləği geri qaytarmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29.11.2018-ci il tarixli, 2(060)-10778/2018 saylı əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh məhkəmə əmrinə yazılı etiraz təqdim etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2(060)-10778/2018 saylı qərardadı ilə həmin məhkəmə əmri ləğv edilmiş, iş üzrə iddia icraatına keçilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabeh apellyasiya şikayətinin dəlilərini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etməmişdir. Onun faktiki yaşadığı ünvan, telefon nömrəsi iddiaçıya məlum olmuş, bilərəkdən bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclası onun iştirakı olmadan keçirilməsinə baxmayaraq işə baxan məhkəmə onun üçün vəzifə yaradan məsələni həll etmişdir. O, iş üzrə cavabdeh olaraq mübahisənin tərəfi kimi AR MPM-nin 47-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini həyata keçirirmək imkanından məhrum olmuş, eyni zamanda onun MPM-nin 9, 14, 154 maddələrində göstərilən prosessual hüquqları pozulmuşdur. AR MPM-nin 387.2.2 maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bundan başqa qeyd edir ki, onun iddiaçıya borcu qalmamışdır. Ona verdiyi pulun əvəzində qızıllarını girov qoymuşdur. Baxmayaraq ki, borcunu qaytarıb, iddiaçı qızıllarını qaytarmayıb. Bu faktı təsdiq edəcək şahidləri var. Onun qaytardığı pulları iddiaçı özlüyündə faizə hesablamışdır. Məhkəmə əsassız, ədalətsiz və düzgün olmayan qətnamə çıxarmışdır. Ona görə də məhkəmənin gəldiyi nəticənin heç bir əsası yoxdur. Bir tərəfin hüquqları digər tərəfin hüquqlarının pozulması ilə bərpa edilə bilməz. AR MPM-nin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan başqa nəzərə almaq lazımdır ki, iddiaçı bank, yaxud kredit təşkilatı olmadığından faizlə pul verməsi qanuna zidd olduğundan onun əsas məbləğdən əlavə əldə etdiyi pul vəsaiti əsassız varlanmadır. Faizə pul verməsi əvəzində əsas məbləğdən artıq pul alması iddiaçı üçün hüquq deyil, məsuliyyət yaradır. Belə fəaliyyət işgüzar adətdən, daha çox cinayətdir. Əslində iddiaçı belə bir fəaliyyət növü ilə məşğul olmağa səlahiyyəti olmadan, yüksək faizlə pul verməklə əslində onun pullarını ələ keçirmişdir. İddiaçının qanuna əsaslanmayan mənafeyinin məhkəmə müdafiəsinə dövlət təminat vermir. Hesab edir ki, işin nəticəsinə mühüm təsir göstərən halların obyektiv və tam araşdırılmasına məhkəmə maraq göstərməmiş ədalətsiz və düzgün olmayan qətnamə çıxarmışdır. AR MPM-nin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2273/2021 saylı, 07.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını, bundan başqa iddiaçı X1 əməlində qanunsuz sahibkarlıq (AR CM-nin 192.2 mad.) cinayətinin əlamətləri olduğundan iş üzrə xüsusı qərardad çıxarıb araşdırılması üçün prokurora göndərilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2273/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda bağlanmış 05.02.2016-cı il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 23612 manat məbləğində borc vermiş, cavabdeh isə həmin borcu 31.01.2020ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləni 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1 maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır . Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, iddiaçı notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdehə 23612 manat borc vermiş, lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək, borcu ödəməmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh iddiaçının dəlillərini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən edilən müqaviləyə istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Müəyyən edilmişdir ki, cavabdehin iddiaçıdan borc alması iş materiallarında olan müqavilə ilə sübuta yetirilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini tərəflər arasında bağlanmış mövcud müqavilə ilə sübuta yetirmişdir. Bundan başqa iddiaçının istinad etdiyi müqavilə hazırda qüvvədədir. Hər hansı şəxs tərəfindən mübahisələndirilməmiş, müqavilənin ləğvinə dair hər hansı məhkəmə qərarı qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh tərəf apellyasiya şikayətində məhkəmənin mübahisəyə onun iştirakı olmadan baxılmasını, ona rəsmi məlumat verilməməsini, eləcə də iddiaçıya borcu olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyantın bu dəlili ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarınlan görünür ki, hazırkı mübahisə ilə bağlı məhkəmə əmri verilmiş, cavabdehin ərizəsinə əssən həmin məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. Bundan başqa iş materiallarından görünür ki, məhkəmə iclasının 27.04.2021-ci il tarixinə təyin edilməsi ilə bağlı cavabdehə telefonla əlaqə saxlayaraq məlumat verilmişdir. Həmin tarixdə cavabdehin vəkili Azər quliyev ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının 07.05.2021-ci il tarixinə təyinedilməsi ilə bağlı cavabdehə SMS bildiriş göndərilmişdir. Eləcə də cavabdeh iddiaçıya ola borcunu ödədiyini qeyd etsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, Bununla da cavabdeh qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2273/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2273/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2943/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2943/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver