Məhkəmə qərarları › İş №2(105)-2954/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2954/2021

05.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2954/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi, onun vəkili X4, maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi X5 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(060)-4064/2021 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(060)-4064/2021 saylı qətnaməsi ilə Ərizəçi Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 23.03.1965ci il tarixli, 49 saylı doğum haqqında bərpa akt qeydində doğum tarixinin xx.xx.1959-cu ildən 25.06.1956-cı ilə düzəliş olunmasına dair ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan Ərizəçi apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(060)-4064/2021 saylı qətnaməsinin ləğv edilib və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 2.03.1965-ci il tarixli, 49 saylı doğum haqqında bərpa akt qeydində ərizəçinin doğum tarixinin “xx.xx.1959-cu il”dən “25.06.1956-cı il”ə düzəliş olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətini müdafiə edərək bildirirdi ki, o, 25.06.1956-cı ildə doğulsa da Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 23.03.1965-ci il tarixli, 49 saylı doğum haqqında bərpa akt qeydində doğum tarixi xx.xx.1959-cu il kimi qeyd edilmişdir. Halbuki o, 25.06.1956-cı ildə anadan olmuşdur. Bunun üçün o, Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət edərək Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 23.03.1965-ci il tarixli, 49 saylı doğum haqqında bərpa akt qeydində doğum tarixinin xx.xx.1959-cu ildən 25.06.1956-cı ilə düzəliş olunmasını xahiş etmiş, lakin Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən onu xahişi təmin olunmamışdır. Qeydiyyat şöbəsindən ərizə ilə məhkəməyə müraciət etməsi izah olunmuşdur. Ona görə də ərizə ilə məhkəməyə müraciət etdi. Lakin işə baxan məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, onun 1956-cı ildə doğulmağı həqiqəti əks etdirmir. Belə ki, öz izahatında 1959-cu il ilə 1956-cı il olması arasında fərqi, əgər 1956-cı il təvəllüdlü olacağı təqdirdə vaxtında pensiya ala biləcəyini bildirmişdir. Eyni zamanda doğum faktının 1956-cı il kimi qeyd olunması üçün məhkəməyə yetərli sübutlar təqdim edilməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə qəti şəkildə razılaşmır. Belə ki, o, məhkəmə iclasında iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirib. Lakin məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmişdir. İş materiallarına əlavə etdiyi sənədlərlə onun 1956-cı ildə doğulmağı öz təsdiqini tapır. Əgər həmin sənədlərə diqqətlə fikir verilsəydi o zaman onun 1959 yox, 1956-cı ildə doğulmağı məhkəməyə açıq-aşkar məlum olardı. Məhkəmədə ifadə verən şahidlərin hamısı onun 1956-cı ildə doğulmağını təsdiq etmişlər. Həmin şahidlər onu yaxın qohumları olsalar da məhkəməyə həqiqəti demişlər. Qətnamədə qeyd olunub ki, şahid ifadələri zamanı məhkəmənin “şəxsin 1956-cı il təvəllüdlü olması sizə nə vaxt məlum olmuşdur” sualına “1 il əvvəl məlum olmuşdur” cavabının verilməsinə gəlincə isə bildirir ki, həmin şahidlərə onun 1956-cı ildə doğulmağı uzun illərdi ki, məlumdur. Sadəcə ona məxsus sənədlərdə 1959-cu il kimi qeyd olunması onlara son vaxtlar məlum olub. Bu o demək deyil ki, onlar onun doğulduğu ili bilmirlər. Onun 1956-cı ildə doğulmasını onlar məhkəmə iclasında təsdiq etmişlər. Həmçinin maraqlı orqan Sumqayıt şəhər Qeydiyyat şöbəsi də ərizənin təmin olunmasına etirazı olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(060)- 4064/2021 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi vəkili X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(060)- 4064/2021 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi X10 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxmaqla yanaşı mübahisənin ərizəçinin xeyrinə həll edilməsinə etirazı olmadığını bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, ərizəçinin, vəkilinin, maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi, 23.01.1965-ci il təvəllüdlü X2 və 05.05.1963-cü il təvəllüdlü X1 atası X6, anası X8r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1959-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan 23.03.1965-ci il tarixli, 49 saylı doğum haqqında bərpa akt qeydində Ərizəçi doğum tarixi 25.07.1959-cu il qeyd edilmişdir. İş materiallarında olan hərbi biletin surətindən görünür ki, Ərizəçi 12 iyun 1959-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Ərizəçi məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, onun orada təvəllüdü 1959-cu il qeyd edilmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 16 fevral 2021-ci il tarixli, 05/Q-55/62 saylı məktubdan görünür ki, Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş 49 saylı doğum haqqında akt qeydində Ərizəçi doğulduğu tarix 12.06.1959-cu il qeyd edilmişdir. Qeydiyyat şöbəsinə təqdim edilən sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydlərində doğum tarixinin 12.06.1956-cı il kimi dəyişdirilməsinin imkanları xaricində olduğu qeyd edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 1956-cı ildə doğulması həqiqəti əks etdirmir. Belə ki, şəxs öz izahatında 1959-cu illə 1956-cı il olması arasında fərqi, əgər 1956-cı il təvəllüdlü olacağı təqdirdə vaxtında pensiya ala biləcəyini bildirmişdir. Həmçinin şahid (ərizəçinin yaxın qohumları) ifadələri zamanı məhkəmənin şəxsin 1956-cı il təvəllüdlü olmasının onlara nə vaxt məlum olması barədə sualına bunun onlara bir il əvvəl məlum olmasını bildirmələri də iddianın doğru olmasına şübhə doğurur. Eyni zamanda doğum faktının 1956-cı il kimi qeyd olunması üçün məhkəməyə yetərli sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.2-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, onun doğum şəhadətnaməsində olan yanlışlığın düzəldilməsi mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəçinin hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində onun hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək ərizənin təmin edilməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apelyant 25.06.1956-cı ildə doğulsa da Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 23.03.1965-ci il tarixli, 49 saylı doğum haqqında bərpa akt qeydində doğum tarixi xx.xx.1959-cu il kimi qeyd edildiyini, eləcə də həmin aktda “1959” yazısında düzəliş edildiyini bildirərək ərizəsinin əsaslı olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası apelyantın bu dəilinə cavab olaraq qeyd edir ki, iddiaçının bu dəlili əsassızdır. Əvvəla hər hansı bir düzəliş olunmuş sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, həmin düzəlişin edilməsi hər hansı bir möhür və ya imza ilə təsdiq olunmamışdır. Bundan başqa iddiaçının sübut növü kimi təqdim etdiyi həmin aktda doğum tarixi 25.07.1959-cu il kimi qeyd olunmuşdur, halbuki ərizəçi doğum tarixinin 25.06.1956cı il olduğunu iddia edir. Yəni həmin sənədin özü ziddiyyətlidir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə iddiaçı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(060)-4064/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ərizəçi apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar